AZ

“Atalanta”nın qisası yaman ağır oldu - TURUN İCMALI

Aprelin 24-də İtaliya kubokunun yarımfinalının ikinci cavab görüşü keçirildi.

“Football-plus.az” xəbər verir ki, Berqamoda baş tutan matçda ev sahibləri “Fiorentina” üzərində inamlı qələbə qazandılar.

Qeyd edək ki, reqlamentə əsasən, yalnız yarımfinal mərhələsi iki oyundan ibarət olur. “Atalanta” aprelin 3-də Florensiyadan əliboş dönmüşdü. Bu komandalar arasında A seriyasının cari mövsümündə keçirilən yeganə oyunda da “Fiorentina” üstünlük qazanmışdı. Xatırladaq ki, Florensiyada ötən il sentyabrın 17-də baş tutan matç ev sahiblərinin 3:2 hesablı qələbəsi ilə nəticələnmişdi. “Atalanta” bu şəhərdən Berqamoya yenə məğlub dönmüşdü: florensiyalılara bu dəfə Mandraqoranın vurduğu bir qol qələbə üçün kifayət etmişdi.

Avrokuboklarda yarımfinala vəsiqə qazandığına görə cari mövsüm hər iki komanda üçün çox sıx qrafik əsasında davam edir. Ev sahiblərini çalışdıran Can Pyero Qasperini ilk oyunda cəzalı olduğu üçün komandasına texniki zonadan göstəriş verə bilməmişdi. Təcrübəli mütəxəssis bu dəfə işbaşında idi. Onun komandası matça çox yaxşı başladı və bunun məntiqi nəticəsi meydan sahiblərinin yarımmüdafiəçisi Koopmeynersin 8-ci dəqiqədə hesabı açması oldu. “Atalanta” bundan sonra da üstünlüyü əldə saxladı, lakin fasiləyə qədər hesabı artıra bilmədi. 53-cü dəqiqədə Milenkoviçin qapıçı ilə təkbətək çıxacaq Skamakkaya qarşı kobud oyunu florensiyalıların müdafiəçisinin birbaşa qırmızı vərəqə almasını qaçılmaz etdi. Vinçentso İtalyano arxa xətdəki boşluğu aradan qaldırmaq üçün hücumçu Belottini Lukas Martines ilə əvəzləməli oldu. Argentinalı müdafiəçi 68-ci dəqiqədə Biraqinin ötürməsi ilə hesabı bərabərləşdirdi. Lakin ev sahibləri çox keçmədən Skamakka ilə yenidən önə keçdilər. Azlıqda oynayan qonaqlar berqamoluların daha da artan təzyiqinə tab gətirə bilmədilər. 70-ci dəqiqədə meydana çıxan oyunçular – Lukman ilə Paşaliçin əsas vaxta əlavə olunan dəqiqələrdə vurduğu qollar “Atalanta”nın 4:1 hesablı qələbəsini və finala çıxışını təmin etdi.
Beləliklə, Qasperininin komandası mayın 15-də Romada keçiriləcək həlledici oyunda “Yuventus” ilə qarşılaşacaq.

yarımfinal, cavab oyunu
Atalanta - Fiorentina 4:1 (ilk oyun – 0:1)
Koopmeyners, 8. Skamakka, 75. Lukman, 90+5. Paşaliç, 90+8 – Lukas Martines, 68.
Atalanta: Karnesekki, Kolaşinats (Paşaliç, 70), Cimşiti, Hin, Rucceri, Zappakosta (Mirançuk, 74), De Roon, Ederson (Lukman, 70), Koopmeyners, De Ketelare, Skamakka.
Fiorentina: P.Terraçano, Biraqi, Ranyeri, Milenkoviç, Dodo (Kayode, 83), Mandraqora (Komutso, 83), Bonaventura, Kuame (İkone, 83), Qonsales, Beltran (Dunkan, 60), Belotti (Lukas Martines, 56).
Bu mərhələnin çərşənbə axşamı keçirilən ilk cavab oyununun nəticəsi: Latsio - Yuventus 2:1 (Kastelyanos, 12; 49 - Milik, 83; 0:2).

Seçilən
52
Mənbələr
Şərh ()
Bağla