AZ

Yurgen Klopp “Liverpul”un çempion olacağına daha inanmır

“Liverpul”un baş məşqçisi Yurgen Klopp komandasının cari Premyer Liqa mövsümündə çempionluq imkanları ilə bağlı sualı cavablayıb.

Arena.az alman mütəxəssisin bu barədə cavabını təqdim edir:

“Hazırda çempion olacağımıza inanırammı? Yox, çünki bu, cədvəldir və indiki vəziyyət buna imkan vermir. Amma bu fəsaddırmı? Mən belə düşünmürəm”, deyə Klopp vurğulayıb.

Xatırladaq ki, “Liverpul” Premyer Liqanın 35-ci turunda “Vest Hem”lə səfərdə heç-heçə (2:2) oynayıb. Bu heç-heçədən sonra “Liverpul”un çempionluq mübarizəsindən qopduğunu təxmin etmək olar. 35 turdan sonra “qırmızılar” 75 xalla Premyer Liqanın yarış cədvəlində 3-cü pillədə qərarlaşıblar.

Premyer Liqanın şərti lideri 34 oyundan 77 xal toplamış “Arsenal”dır. 33 oyundan 76 xal toplamış “Mançester Siti” isə 2-ci pillədə qərarlaşıb və Premyer Liqanın mümkün lideridir.

Qeyd edək ki, 56 yaşlı Klopp “Liverpul”u 2015-ci il oktyabrın 8-dən çalışdırır. Bu müddət ərzində alman mütəxəssis “qırmızılar”la 8 kubok qazanıb. Kloppun rəhbərliyi altında “qırmızılar” İngiltərə Premyer Liqasını, İngiltərə Kubokunu, İngiltərə Liqa Kubokunu, UEFA Çempionlar Liqasını, UEFA Super Kubokunu və FIFA Klub Dünya Kubokunu qazanıblar.

“Liverpul” Klopun rəhbərliyi altında 486 oyuna çıxıb. “Qırmızılar” bu oyunlarda 302 qələbə qazanıblar, 99 heç-heçə ediblər, 85 matçda isə məğlubiyyətə üzülüblər. Topların fərqi isə 1079:545 nisbətindədir

Sonda onu da xatırladaq ki, Yurgen Klopp bir müddət əvvəl cari mövsümün sonunda “Liverpul”u tərk edəcəyini açıqlamışdı. Alman mütəxəssis açıqlamasında artıq bu məşqçilik işi üçün gücünün qalmadığını bildirmişdi.

Seçilən
33
Mənbələr
Şərh ()
Bağla