AZ

Magistraturaya II cəhd qəbul imtahanı keçirilib

Dövlət İmtahan Mərkəzi bu gün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı (2-ci cəhd) keçirib.

Mərkəzdən Doğru.az-a bildirilib ki, imtahan respublikanın 7 şəhər və rayonunda – Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Abşeron, Mingəçevir və Lənkəranda, ümumilikdə 78 binada təşkil olunub.

İmtahan saat 11:00-da başlanıb və 3 saat 30 dəqiqə davam edib.

Məlumat üçün qeyd edək ki, imtahanda iştirak etmək üçün 19716 bakalavr ərizə təqdim edib.

İmtahanda həmçinin Bakı Mühəndislik Universiteti və İNHA Universiteti arasında ikili diplom proqramı çərçivəsində Cənubi Koreya Respublikasında təhsil alan 4-cü kurs tələbələri iştirak ediblər. Onlar imtahanı İNHA Universitetinin təqdim etdiyi zal və kompüterlərdən istifadə etməklə onlayn veriblər. İmtahanın keçirilməsi üçün proqram təminatı Dövlət İmtahan Mərkəzinin mütəxəssisləri tərəfindən hazırlanıb.

Aprelin 29-dan etibarən DİM-də imtahan materiallarının emalına başlanılacaq. İmtahan nəticələri 2 mərhələdə elan olunacaq. Yaxın 3 gün ərzində qapalı və cavabları kodlaşdırılan açıq tipli tapşırıqların nəticələri elan olunacaq. Yekun imtahan balı isə xarici dil fənləri üzrə esse tapşırıqları yoxlanıldıqdan sonra – 6 həftə ərzində təqdim olunacaq.

Qeyd edək ki, imtahan başa çatdıqdan sonra iştirakçılara sual kitabçalarını özləri ilə aparmağa icazə verilib.

İmtahanda istifadə edilmiş test tapşırıqlarının (qapalı və kodlaşdırıla bilən açıq tipli) cavabları da imtahandan dərhal sonra Mərkəzin saytına yerləşdirilib. İştirakçılar doğru cavab etalonları ilə buradan tanış ola bilərlər.

İmtahanda iştirak edənlər test tapşırıqlarının izahının elektron versiyasını (pdf formasında) isə DİM-in internet saytının “Xidmətlər” bölməsində > “E-xidmətlər” > “DİM-in nəşrlərinin elektron versiyalarının satışı” > “Test tapşırıqlarının izahı” xidməti vasitəsilə ödəniş etməklə əldə edə bilərlər. (Xidmətə keçid: http://eservices.dim.gov.az/ejurnal/)

DOĞRU.AZ

Seçilən
83
13
Mənbələr
Şərh ()
Bağla