AZ

Nijni Novqorodda Azərbaycan məhsullarının təqdimatı keçirilib

Moskva, 28 aprel, AZƏRTAC

Rusiyani Nijni Novqorod şəhərində “Made in Azerbaijan” brendi ilə tanınan və Azərbaycanda istehsal olunan məhsulların təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Rusiyadakı ticarət nümayəndəliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə “Made in Azerbaijan” brendi ilə tanınan 20-dən çox məhsul təqdim olunub.

Azərbaycanın Rusiyadakı ticarət nümayəndəsinin müavini Asiman Həşimli jurnalistlərə açıqlamasınd bildirib ki, nümayəndəlik “Made in Azerbaijan” Rusiyanın regionlarında” layihəsinə Nijni Novqorodda start verib. “Azərbaycanın Rusiyadakı ticarət nümayəndəliyi bundan əvvəl də məhsullarımızın bu ölkədə tanıdılması istiqamətində layihələr həyata keçirib. İndiki layihəmiz həmin işlərin davamı olaraq gerçəkləşdirilir. Məqsəd Azərbaycan məhsullarının Rusiyanın regionlarına ixracını təşviq etməkdir”, - deyə Asiman Həşimli qeyd edib.

Tədbirdə Azərbaycanda istehsal olunan çay, şirələr, mürəbbələr, bitki yağları, şərablar və konservləşdirilmiş məhsulların həm təqdimatı, həm də dequstasiyası keçirilib. Yüksək keyfiyyəti və dadı ilə seçilən Azərbaycan məhsulları Nijni Novqorod sakinləri tərəfindən böyük rəğbətlə qarşılanıb.

Tədbir iştirakçısı Mariya Uçayeva Nijni Növqorodda Azərbaycan məhsullarının bəyənildiyini söyləyib. “Azərbaycandan gətirilən məhsullar həm dadı, həm də keyfiyyəti, həm də deyərdim ki, koloriti ilə çox seçilir. Şəxsən mən Azərbaycan mürəbbəsini sevirəm və çox istərdim ki, bizim mağazalarda bu məhsul geniş çeşidlə təqdim olunsun”, - deyə o bildirib.

Rusiyanın tanınmış somalyesi Vladimir Tsapelik Azərbaycanda istehsal olunan və Rusiya bazarlarına çıxarılan şərablarının təqdimatını keçirib.

Tədbir çərçivəsində “Made in Azerbaijan” brendi altında təqdim olunan məhsulların ixrac imkanlarının genişləndirilməsinin, məhsullarımızın Rusiya bazarına çıxışının təmin edilməsinin əhəmiyyətindən söhbət açılıb.

 
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Seçilən
26
2
Mənbələr
Şərh ()
Bağla