AZ

Premyer Liqa: Bu gün 32-ci turun daha 3 matçı baş tutacaq

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 32-ci turunun növbəti oyunları keçiriləcək.

Arena.az xəbər verir ki, ikinci oyun günündə üç qarşılaşma baş tutacaq.

Günün ilk oyunu Qəbələdə keçiriləcək. Burada Premyer Liqanın aşkar autsayderi “Qəbələ” doğma meydanda “Kəpəz”i sınağa çəkəcək. Gəncə təmsilçisi bu oyunda uduzmasa, elitadakı yerini təmin edəcək, “Qəbələ” isə rəsmən Premyer Liqa ilə vidalaşacaq.

“Qəbələ” ilə “Kəpəz” indiyə qədər çempionatda 27 oyun keçiriblər. Bu oyunlarda “Qəbələ” 11, “Kəpəz” 8 qələbə qazanıb, 8 oyun da heç-heçə bitib. “Kəpəz” son 2 oyunda qələbə qazanıb. “Qəbələ” evdəki son 3 matçda qalib gəlməyib.

Günün ikinci matçı “Neftçi” ilə “Turan Tovuz” arasında olacaq. Ötən tur məğlub olmuş bu komandalardan paytaxt təmsilçisi 47 xalla 5-ci, Tovuz klubu 42 xalla 7-ci pillədə qərarlaşıb.

“Neftçi” ilə “Turan Tovuz”un indiyə qədər baş tutmuş 7 çempionat oyununda bakılılar 4, tovuzlular 1 qələbəyə seviniblər. 2 oyun bərabərliklə yekunlaşıb. “Neftçi” son 3 görüşdə xal qazanıb. “Turan Tovuz” səfərdə qalib gəlməyib.

Günə “Sumqayıt” – “Qarabağ” matçı ilə yekun vurulacaq. Tərəflər bu günə qədər 46 oyun keçiriblər. Sumqayıtlıların cəmi 6 qələbəyə sevindiyi bu görüşlərdə 5 heç-heçə qeydə alınıb. Qalan 35 matç isə “Qarabağ”ın qələbəsiylə yekunlaşıb. “Qarabağ” son 12 oyunda bu rəqibinə qol vurub. “Sumqayıt” son 3 matçda uduzub.

Artıq çempionluğu təmin etmiş “Qarabağ” üçün bu qarşılaşma tam formal xarakter daşıyır. 47 xalla 4-cü olan “Sumqayıt” isə avrokuboklara vəsiqə uğrunda mübarizə apardığı üçün bu görüşdən xal və xallarla ayrılmağa çalışacaq.

Premyer Liqa
32-ci tur

27 aprel

“Sabah” – “Səbail” 2:0
Qollar: Con İrasabal, 22. Cesse Sekidika, 40.
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rəşad Əhmədov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Emin Cəfərov.
“Masazır Arena”, 18:00.

28 aprel

“Qəbələ” – “Kəpəz”
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Fərid Hacıyev.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
Qəbələ şəhər stadionu, 15:30.

“Neftçi” – “Turan Tovuz”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Əli Əliyev.
Hakim-inspektor: Barış Şimşek.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Bakı. “Neftçi Arena”, 17:45.

“Sumqayıt” – “Qarabağ”
Hakimlər: Rauf Cavbarov, Vüsal Məmmədov, Zöhrab Abbasov, Kamranbəy Rəhimov.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 20:00.

29 aprel

“Zirə” – “Araz-Naxçıvan”
Hakimlər: Cavid Cəlilov, Eyyub İbrahimov, Asiman Əzizli, Nicat İsmayıllı.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Zirə İdman Kompleksinin stadionu, 19:00.

Seçilən
58
49
Mənbələr
Şərh ()
Bağla