AZ

“Səbail”in SABAHa ümidi qalmadı

Avrokuboka vəsiqəyə iddialıların sayı hər keçən gün azalır. Mövsüm sona yaxınlaşdıqca bunun baş verəcəyi gözlənilirdi. Rəqabətə tab gətirməyənlə əvvəl-axır ələnməli idi.

Öncə “Araz-Naxçıvan” sıradan çıxmışdı, indi də “Səbail”in ciddi mübarizəyə hazır olmadığı aydınlaşır. Mövsümün ilk yarısında xeyli xal toplayan “dənizçilər”, 2024-cü ildə eniş dövrünü yaşayır. Komanda yeni ildə heç cür istəyinə çatmır. 3-cü dövrənin əvvəlində hakim köməyi sayəsində nisbətən uğurlu olan Bayıl təmsilçisi, nəzarət güclənəndən bəri sıradan komandaya çevrilib.

Dünən əsas rəqiblərdən biri olan “Sabah”la matç həlledici idi. Hətta heç-heçənin də işə yaramayacağı dueldə yalnız qələbə ümidlərin davam etməsinə kömək edə bilərdi. Amma meydan sahibləri ilk yarıdaca məsələni həll etdi. Ardıcıl iki qol vuran “bayquşlar” rəqibin viranələri üzərinə “qondu”.

“Səbail”in ikinci hissədə üstünlüyü ələ alması heç nə dəyişmədi. Bir qayda olaraq ilk hissəni pis keçirən Şahin Diniyevin yetirmələri bu dəfə oyunda dönüş yarada bilmədi. Yekunda məğlubiyyət əsas rəqiblərdən xeyli geri qalmaqla nəticələndi. Əvəzində “Sabah” ilk “dördlüy”ə düşmək yolunda önəmli addım atdı.

Amma Krunoslav Renduliç arxayınlaşmamalıdır. Onun komandası uğurlu nəticələr göstərsə də, ikinci hissələrdə göstərdiyi oyunu müzakirə mövzusudur. “Sabah”ın hesabı açmadığı görüşlərdə necə oynayacağı çox maraqlıdır.

Bu gün “Turan Tovuz” üçün də avrokubok mübarizəsi bitə bilər. Qərblilər “Neftçi”yə uduzsa, şansları demək olar qalmayacaq. Qələbə qazanacaqları halda bakılıları təşvişə salacaqlarsa, xal bölgüsü digərlərinin işinə yarayacaq.

FƏRİD

Seçilən
43
Mənbələr
Şərh ()
Bağla