AZ

Abşeronda ANARXİYA və KORRUPSİYA… Sən saydığını say, gör Fərzəliyev nə sayır

Azərbaycanın qətiyyətli diplomatik siyasəti nəticəsində sülhməramlı qüvvələr də Qarabağdan çıxarıldı, Qazaxın anklav olmayan 4 kəndi də bir güllə atılmadan qaytarıldı, kəsəsi, bütün məsələlər heyrətamiz şəkildə həllini tapdı. Di gəl, bizim məmurlar düzəlmədi ki, düzəlmədi.

Az qala İrəvanı da götürəcəyik, amma çirkaba bulaşmış məmurların dövlətçilik məsuliyyəti bir qram da artmayacaq. Çünki onların gönü qalındır, göbəyi rüşvətlə kəsilib, pul, tamah gözlərini tutub. Ona görə də dövlətimizin uğurları hamımızı sevindirsə də, məmurların eybəcər hərəkətləri ürək bulandırır. Faktiki, onlar prezidentin siyasi uğurlarına, suverenliyin bərpasına nail olunmasına kölgə salır.

Bunu da əhalinin gözündən salmaqla, öz korrupsioner hərəkətlərini genişləndirməklə həyata keçirirlər. Xalq bir tərəfdən dövlət başçısının erudisiyalı xarici siyasətinə heyran qalır, zəfərlərə sevinir, bir yandan isə zəhlətökən, tamahkar, dövlətin nüfuzuna zərər vuran məmurların özbaşına əməllərinə şahid olub hirslənir, qəzəblənir, narazıya çevrilir.
Belə desək, məmurlar prezidentin əməyini yerə vurmağa, sabotaj etməyə çalışırlar. Bu da xəyanətə bərabər deməkdir. Bu köstəbək, riyakar, rüşvətxor məmurlar islah olmursa, o zaman onları artıq ət kimi amputasiya edib atmaq lazımdır. Elə götürək Abşeron rayon icra başçısı Abdin Fərzəliyevi. Əvvəllər Nərimanov rayonuna rəhbərlik etmiş Fərzəliyev, paytaxtın bu mərkəzi yerini yaman günə saldı, milyonlar mənimsəyib puluna pul qatdı, varlandı, biznesino inkişaf etdirdi, sonra Abşeronda “qaz vurub qazan doldurmağa” başladı.

Rubrika. Az olaraq Fərzəliyevin çox uzaq deyil, son aylardakı qanunsuz əməlləri haqda araşdırma aparmışıq. Məlum olub ki, icra başçısı Abşerona “əl gəzdirmək” yerinə xələfi İradə Gülməmmədovaya şükür etdirir. Xanım məmurun dövründə Abşeron viran qoyuldu, qanunsuz tikintilərə rəvac verildi, rüşvətlə ev inşasına imkan yaratdı, axırda prokurorluq əməliyyat keçirib onun bacısı oğlu başda olmaqla, baş memarı və digər vəzifəli şəxsləri həbs etdi. Ondan sonra ümid olunurdu ki, Fərzəliyev Abdin eyni səhvləri təkrarlamaz.
Amma sən saydığını say, gör Fərzəliyev nə sayır… İcra başçısı gəldiyi gündən özündən qabaq Abşeron İH-də antikorrupsiya həbsləri keçirilməsinə baxmadan qanunsuz tikililərə, rüşvətlə ev tikintisinə icazə verməyə başladı, səkiləri, küçələri peşkəş elədi, Xırdalan, Masazır ərazilərini yöndəmsiz, səliqəsiz kökə saldı, abadlıq işləri aparılmadı. Bütün bunları isə indi faktlara keçid etməklə diqqətinizə çatdırmağı lazım bilirik. Gəlin görək, Fərzəliyev hansı əməllərin sahibidir…

Birincisi, Abşeron rayonu, Hökməli qəsəbəsində acınacaqlı vəziyyət hökm sürməkdədir. Sakinlər bildiriblər ki, ən bərbad vəziyyət olan qəsəbə Hökməlidir. Sakinlərin sözlərinə görə, qəsəbədə piyadaların hərəkəti üçün boş səki qalmayıb. Səkilər ya qanunsuz olaraq satılıb, ya da avtomobil saxlamaq üçün istifadə edirlir. Qəsəbənin Koroğlu küçəsindən isə danışmağa dəyməz. Sakinlər bildiriblər ki, nə avtomobillər hərəkət edə bilir, nə sakinlər. Problem aidiyyəti qurumları narahat etmədiyi üçün obyekt sahibləri səkiləri zəbt etməkdə davam edirlər. Hətta səkini tamam zəbt edib obyektini genişləndirənlər də var.
Başqa bir sübut: bu ilin martında rüşvət müqabilində tikintiyə icazə verməkdə təqsirləndirilən vəzifəli şəxs həbs edilib. Bildirilib ki, Abşeron Rayon İcra Hakimiyyəti başçısı aparatının ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Mirqasım Mirişlinin qanunsuz əməllləri barədə daxil olmuş məlumat əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb. Hər halda, bu məmur icra başçısından xəbərsiz qanunsuz tikintilərə rəvac verə bilməzdi.
Bu ilin fevralında isə Abşeron Regional Elektrik Şəbəkəsi” MMC qanunsuz tikiliyə görə Abşeron Rayon İcra Hakimiyyətini və Abşeron Rayon Masazır Bələdiyyəsini məhkəməyə verib. Bundan əlavə, icra başçısı qazilərə belə biganəlik edir. Abşeron rayon sakini, Vətən müharibəsi qazisi İlqar Cahangirov Abşeron Rayon İcra Hakimiyyəti vəzifəlilərinin onu qəbul etmədiklərini bildirir.
“Cənab Prezident deyir ki, məmurlar xalqın xidmətçisidir, lakin Abdin Fərzəliyev və Kərim Kərimov kimi məmurlar özünü Abşeron rayonunun ağası, xanı kimi aparırlar”.
Habelə, 104 min nəfər əhalisi olan Xırdalanın əsas prospektində bir dənə də işıq dirəyi yoxdur. Xırdalan sakinləri bildirib ki, prospekt mağazaların, avtomobillərin işıqlarının hesabına aydınlanır. Gecə yarısı bütün mağazalar bağlandığı üçün prospekt də zülmətə bürünür. Sakinlər bildiriblər ki, nəinki işıq, küçədə, yol kənarında heç işıq dirəyi də yoxdur. Bu problemdən ən çox əziyyəti isə sürücülər çəkir. Abşeron rayonuna yeni icra başçısı təyinatı köklü dəyişikliklər gətirmədi. Hazırki icra başçısı Abdin Fərzəliyev Nərimanov rayonundan gətirdiyi üsul – idarəçiliyi davam etdirir, Abşeron rayonunda tətbiq edir.
Yəni gah yaşıllıq salınması, gah şəhid evinin olduğu küçəyə asfalt döşəməsi xəbərləri ilə gündəmə gələn, görülən bu kiçik işləri gözə soxaraq reklam edən A. Fərzəliyev, əslində qol qoyduğu özbaşınalıqları malalamağa, ört-basdır etməyə çalışır. İcra başçısı fikirləşir ki, yuxarıların, mətbuatın bu yolla xoşuna gələcək. Amma Abşeron rayonunda tikinti alverindən tutmuş torpaq satmağa qədər bütün rüşvətxorluq sistemini qüvvədə saxlayan icra başçısı keçmiş həmkarı İradə Gülməmmədovanın qoyub getdiyi qaydaları dəyişməyib. Sadəcə, dəyişən rəqəmlər, rüşvətin qiymətidir. Bütün bunların dəyişməsi üçün islahatlar olmalıdır, vəssalam!

Rubrika.az

Seçilən
30
Mənbələr
Şərh ()
Bağla