AZ

Qəzzada xəstəxananın ərazisində kütləvi məzarlıqlar tapıldı – 392 meyit


Qəzza zolağının cənubundakı Xan Yunis şəhəri yaxınlığındakı Nasser xəstəxanasının ərazisində kütləvi məzarlıq tapılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Fələstin Mülki Müdafiəsi məlumat yayıb.
Bildirilir ki, məzarlıqlarda 392 cəsəd tapılıb, onların arasında uşaqlar da var.
Xidmətin sözçüsü Məhəmməd Əl-Miqayerin sözlərinə görə, xəstəxanada üç kütləvi məzar tapılıb: ikisi morq binasının yanında, digəri isə dializ binasının yaxınlığında. 165 cəsədin şəxsiyyəti müəyyən edilib, daha 227 nəfərin ekspertizası davam edir.
BMT-nin insan haqları ofisi bildirib ki, bəzi insanlar çılpaq və əlləri bağlı olub. Dəfn olunduğu yerə baş çəkən CNN müxbiri bildirib ki, o, tibbi xalat geyinmiş bir neçə qurbanın cəsədini görüb.
Fələstin Mülki Müdafiəsi 20-yə yaxın insanın məzarlarda diri-diri basdırıldığını bildirib. Lakin bunun heç bir sübutu yoxdur.
Qeyd edək ki, məzarlıq xəstəxananın ərazisində yanvar ayında - İsrail ordusunun hücumu və Nasser xəstəxanasının mühasirəsi zamanı peyda olub. Qəbiristanlıqlara gedə bilməyən xəstəxana işçiləri ölüləri kompleksin ərazisində dəfn etməyə başlayıblar. HƏMAS-ın nəzarətində olan Qəzza Səhiyyə Nazirliyi də yanvarın sonunda dəfnlər barədə məlumat verib.
Xatırladaq ki, fevralın 15-də İsrail Müdafiə Qüvvələri xəstəxana ərazisində hərbi əməliyyata başlayıb. Əsgərlər fevralın 22-dək bu ərazini nəzarəti altında saxlayıb.
İsrail Müdafiə Qüvvələri cavab olaraq bildirib ki, hərbçilər xəstəxana ərazisinə daxil olduqdan sonra məzarlarda öldürülən israilli girovların olub-olmadığını öyrənmək üçün daha əvvəl fələstinlilər tərəfindən basdırılmış cəsədləri araşdırıblar. Daha sonra meyitlər eyni yerdə basdırılıb.
İsrail ordusunun sözçüsü Nadav Şoşani fələstinlilərin kütləvi məzarlıqlarda basdırılmasında İsraili günahlandırmaq cəhdlərini qəti şəkildə yalan adlandırıb.
BBC jurnalistləri yanvarın 22, 25 və 28-də yayımlanan xəstəxana ərazisində dəfnlərin videolarını araşdırıblar. Onlar qeyd edirlər ki, görüntülər tibb işçilərinin ərazidə intensiv döyüşlər getdiyini bildirdikdən sonra lentə alınıb, lakin İsrailin basqınından əvvəl nə qədər cəsədin basdırıldığını təsdiqləmək mümkün olmayıb. Eyni zamanda, HƏMAS-ın nəzarətində olan Qəzza Səhiyyə Nazirliyi yanvarın 27-də xəstəxananın həyətində 150 cəsədin basdırıldığını açıqlayıb. CNN həmçinin yazır ki, 100-ə yaxın cəsəd İsrail ordusunun ərazidəki əməliyyatından əvvəl də xəstəxana ərazisində basdırılıb.
Seçilən
26
1
Mənbələr
Şərh ()
Bağla