AZ

Fransaya Şolts KARTI - Makronu sıradan çıxartmaq üçün Bakıdan DƏQİQ ATIŞ

Fransanın ermənipərəst oyunu, regionda vəziyyəti gərginləşdirməyə hesablanmış addımları ən böyük zərbəni Parisin özünə vurdu. Makron hakimiyyətinin nəyinki Azərbaycana təzyiq planları işə yaradı, əksinə Fransa Cənubi Qafqaz regionunda olub-qalan yerini də itirdi. Ermənistan üzərindən regiona müdaxilə etmək barədə düşünən Paris, son geosiyasi reallıqları nəzərə almadan bu addımları atdı. Nəticə isə göz qabağında...

Bakı ilə İrəvan arasında sülh dialoqunda "vasitəçi kimi mən də varam" deyən Fransa ikitirəliyi, islamofob və anti-Azərbaycan mövqeyi ilə Azərbaycanın ona olan etimadını tamamilə itirdi. Qərb səhnəsində belə bir boşluq yarandığı zamanda təbii ki, Fransanı özünə rəqib görən dövlətlərin meydana daxil olacağı gözlənilən idi. Bu missiyanı da Almaniya üzərinə götürdü.

Bu ilin fevral ayında Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Almaniya Kansleri Olaf Şoltsun dəstəyi ilə Ermənistanın baş naziri ilə keçirilmiş görüşü, bu görüş çərçivəsində də məhz delimitasiya və demarkasiya məsələlərinin, sülh gündəliyinin irəliləməsinə dair müsbət müzakirələr oldu. Bunun ardınca Almaniyanın xarici işlər nazirinin dəstəyi ilə Ermənistanın və Azərbaycanın XİN rəhbərləri arasında da görüş keçirildi və bu görüşdə sülh müqaviləsi üzrə əsaslı müzakirələrin aparıldığı diqqət çəkdi.

Ötən gün Prezident İlham Əliyevin Almaniyanın paytaxtı Berlində keçirilən "15-ci Petersberq İqlim Dialoqu"nun Yüksək Səviyyəli Seqmentində iştirakı Şoltsun Bakı ilə təmaslar üçün üçüncü təması sayıla bilər. Göründüyü kimi, bu məsələdə itirən tərəf Fransa oldu. Çünki Şoltsdan öncə bu rolda Makron çıxış edirdi. Artıq Azərbaycan Fransanın vasitəçiliyini qəbul etmir. Amma proseslər və gedişat da göstərir ki, Almaniyanın vasitəçiliyi rəsmi Bakı tərəfindən qəbul edilir.

Onu da mütləq nəzərə almaq lazımdır ki, Almaniya ilə Fransa arasında müəyyən rəqabət də hökm sürür. Bu rəqabətlərdən birində Almaniya açıq şəkildə ön plana çıxdı. Dünən dövlət başçımızın Berlin səfəri və edilən təmaslar düşünməyə əsaslar yaradır ki, bu təmaslar yaxın gələcəkdə də davam edəcək. Çünki Amaniya Azərbaycan tərəfindən formalaşdırılan sülh gündəliyinin əsasını təşkil edən fundamental prinsipləri və Cənubi Qafqazda höküm sürən yeni geosiyasi reallığı qəbul edir. Məhz bunun əsasında Azərbaycan tərəfindən hazırlanan sülh gündəliyini Berlin artıq ən doğru seçim kimi qəbul edir.

Azərbaycan üçün onun milli maraqları prioritet məsələlərdən olub və olacaq. Onun üçün təhlükəziliyi, ərazilərinin toxunulmazlığı və sabitliyi çox vacib mövzulardır. Məhz bu fikirdən yola çıxdığımızda da Almaniyanın Avropada Azərbaycan üçün ən vacib siyasi-iqtisadi tərəfdaşlarından biri olduğu inkar edilmir. Bu səbəbdən də Azərbaycan Respublikası Almaniya Federativ Respublikası ilə əlaqələrin inkişafına mühüm önəm verir.

Təsadüfi deyil ki, 2023-cü ilin 9-10 fevral tarixlərində Berlində keçirilmiş son iclasda Azərbaycanın ixrac və investisiya potensialı, iqtisadi zonalar, sənaye parkları, bərpa olunan enerji layihələrinin həyata keçirilməsi, Orta Dəhliz, Qarabağ və Şərqi Zəngəzurda alman şirkətlərinin iştirakı məsələləri qaldırılıb.

Bu gün Almaniya ilə Azərbaycanın münasibətlərinin artan xətt üzrə inkişafı Fransanı narahat etməyə bilməz. Azərbaycan Avropa İttifaqının üzvü olan Fransanın ambisiyalarını Almaniya kartı ilə məharətlə yerlə bir edir. Berlin Bakı-İrəvan danışıqlarının vasitəçisi olmaq roluna ən real namizədlərdən biridir. Bu isə regionda gərginliyi artırmaq, Cənubi Qafqazı qan çanağına döndərmək, qonşuları yenidən üz-üzə qoyub, kin-küdurəti yenidən pik həddə alovlandırmaq istəyən, sülh prosesini pozmağa cəhd edən Emmanuel Makron rejiminin qərəzli vasitəçilik səylərinin üzərindən birdəfəlik xətt çəkilməsi ilə yekunlaşa bilər.

Bunun üçün qalır Berlin, "ikinci Paris" obrazını təkrarlamasın. Almaniyanın Cənubi Qafqazda Azərbaycanın formalaşdırdığı geostrateji portfelə investisiya əlavə etməsi üçün bir xeyli imkanlar açılır. Almaniya Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına münasibətdə neytral statuslu müşahidəçi potensialını qoruyub-saxlamaq niyyətindədirsə, mütləq şəkildə ilk öncə neytrallığını qorumağı bilməlidir. Son təmaslar bu istiqamətdə ümidləri bir xeyli artırır.

Təhməz Əsədov
TREND

Seçilən
38
3
Mənbələr
Şərh ()
Bağla