AZ

“Qərbi Azərbaycana qayıdış” olimpiadasında Şəki-Zaqatala üzrə 279 şagird biliyini sınayıb

Şəki, 27 aprel, Mustafa Dadaşov, AZƏRTAC

Aprelin 27-də Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrinin IX və X sinif şagirdləri arasında “Qərbi Azərbaycana qayıdış” olimpiadasının rayon (şəhər) mərhələsi keçirilib.

Elm və Təhsil Nazirliyi, Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi, Təhsil İnstitutu, Qərbi Azərbaycan İcması və Naxçıvan Dövlət Universitetinin tərəfdaşlığı ilə keçirilən olimpiadada şimal-qərb regionu üzrə 279 şagird iştirak edib.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Regional Təhsil İdarəsinin məsul əməkdaşı Mahal Məmmədov məlumat verib. Olimpiadanın ilkin mərhələsində şagirdlərə qapalı test formatında 30 sual təqdim edilib və onların cavablandırılması üçün 70 dəqiqə vaxt verilib. İkin mərhələnin nəticələri əsasında olimpiadanın regional mərhələsində iştirak edəcək şagirdlər müəyyən olunacaq.

Olimpiadanın final mərhələsinin iyunda Naxçıvan Muxtar Respublikasında keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, olimpiadanın təşkilində məqsəd şagirdlər arasında Qərbi Azərbaycanın tarixi, coğrafiyası, mədəniyyəti, ədəbiyyatı, görkəmli ictimai xadimləri, tarixi şəxsiyyətləri, toponimləri, folkloru haqqında maarifləndirmə işləri aparmaqdır.

 

Seçilən
44
Mənbələr
Şərh ()
Bağla