AZ

Arne Slot “Liverpul”da? - Van Deyk mümkün təyinatı şərh etdi

Mövsümün sonunda Yurgen Klopla vidalaşacaq “Liverpul” alman mütəxəssisi “Feyenoord”a rəhbərlik edən Arne Slot ilə əvəz edəcək.

Arena.az xəbər verir ki, bu barədə Britaniya mətbuatı məlumat yayıb.

Tərəflər arasında bununla bağlı bütün məsələlərdə razılığın əldə olunduğu bildirilir. İddiaya görə, mersisaydlıların Slotun erkən gedişinə görə “Feyenoord”a 13 milyon funt-sterlinq (15,1 milyon avro) məbləğində təzminat ödəməli olacağı vurğulanır. Bu məbləğ 45 yaşlı mütəxəssislə yanaşı, “Feyenoord”un məşqçilər qərargahının bir hissəsinin də Niderland klubunu tərk edəcəyi ilə bağlıdır.

Yeri gəlmişkən, “Liverpul” bu məbləği ödəsə, Slot tarixin ən bahalı məşqçisi olacaq.

Digər bir iddiaya görə, yaxın 48 saat ərzində “Liverpul” Arne Slotun “qırmızılar”ın yeni baş məşqçisi olacağını rəsmən açıqlaya bilər. Hazırda “Liverpul” və “Feyenoord” klubları arasında niderlandlı mütəxəssislə bağlı fəal danışıqlar gedir.

Bu arada “Liverpul”un müdafiəçisi və kapitanı Vircil van Deyk mersisaydlıların maraq göstərdiyi Arne Slotun mümkün təyinatı haqda danışıb. Niderlandlı futbolçunun bu barədə fikirlərini təqdim edirik:

“Arne Slot hazırda ən yaxşı niderlandlı məşqçilərdən biridir. O, oyun tərzi və fəlsəfəsi ilə “Liverpul”un baş məşqçisi ola bilər. Amma eşitdim ki, hələ heç nə qərarlaşdırılmayıb. Baxarıq. Gələn mövsümdə diqqətimizi buna yönəldəcəyik, bu, hələ çox uzaqdadır”, deyə Van Deyk bildirib.

Futbol mütəxəssisi Ceymi Karrager də Arne Slotun “Liverpul”u çalışdıra biləcəyi xəbərini şərh edib:

“Onun təyinatı həyəcanlı olmaqdan çox, daha da maraqlı görünür”, deyə ingilis mütəxəssis bildirib.

Seçilən
16
Mənbələr
Şərh ()
Bağla