AZ

Cevdet Yılmaz: Türkiyə beynəlxalq energetika bazarının mərkəzinə çevrilmək istəyir

Cevdet

Ankara, 27 aprel, AZƏRTAC

Türkiyə beynəlxalq energetika qovşağına – enerji daşıyıcıları ticarətinin mərkəzinə çevrilmək istəyir.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Rumıniyada Qara dəniz şelfindəki yataqdan təbii qazın Qərbi Avropa ölkələrinə nəqlini təmin edəcək Tuzla-Podişor boru kəməri layihəsinə həsr olunmuş mərasimdə bildirib. Magistral qaz kəmərinin tikintisi üzrə kontraktı ötən il Türkiyənin “Kalyon Insaat” holdinqi əldə edib.

Siyasətçinin sözlərinə görə, Türkiyə çalışır ki, təkcə öz ərazisindən tranzit boru kəmərlərinin keçdiyi dövlətlər kateqoriyasına aid olmasın, həm də qlobal enerji bazarının birbaşa formalaşdığı ölkəyə çevrilsin.

“Məqsədimiz beynəlxalq enerji bazarının mərkəzi olmaqdır. Bu vəzifəni qarşımıza Prezident Rəcəb Tayyib Ərdoğan qoyub”, - deyə Türkiyənin vitse-prezidenti vurğulayıb.

O qeyd edib ki, bu gün Rumıniya kimi, Türkiyə də enerji sektorunda əhəmiyyətini artırmağa çalışır və iki ölkə arasında əməkdaşlıq Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynaya bilər.

Cevdet Yılmaz Ankaranın ölkənin enerji idxalından asılılığını azaltmaq və Türkiyənin enerji səbətində bərpa olunan enerjinin payını artırmaq istiqamətində səylərinə diqqət çəkib.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Seçilən
18
29
Mənbələr
Şərh ()
Bağla