AZ

Qardaş dəstəyi ilə...

Dost Qırğıııstan Prezidenti Sadır Japarovun Azərbaycana növbəti səfəri uğurla başa çatsa da, bu səfərlə bağlı təəssüratlar uzun müddət yaddaşlardan silinməyəcək. İki gün ərzində dövlət başçılarının aktual müzakirələr aparmaları, çoxsaylı tədbirlərin keçirilməsi, daha 18 sənədin imzalanması, yeni sənədlərin hazırlanması ilə bağlı müvafiq qurumlara tapşırıqların verilməsi, Bakıda dünya şöhrətli qırğız yazıçısı, Azərbaycanın böyük dostu Çingiz Aytmatovun abidəsinin açılması səfərin gündəliyinin nə qədər zəngin olduğunu, tərəflərin ona necə ciddi önəm verdiklərini və məsuliyyətlə hazırlaşdıqlarını təsdiqləyir. Prezidentlərin Ağdamda  Xıdırlı kənd tam orta məktəbinin birgə təməlqoyma mərasiminə qatılmaları barədə isə ayrıca bəhs etmək istərdik.

Türk xalqlarının tarixdən gələn ənənəsi

Çətinliklər zamanı bir-birinin yanında olmaq, əlindən gələn köməyi, dəstəyi əsirgəməmək, olanını paylaşmaq Türk xalqlarının tarixdən gələn ənənəsidir. Yaxşı haldır ki, yetişən sonrakı nəsillər də soy-köklərinə bağlı olurlar, ənənələri yaşadırlar. Dost Qırğız Respublikasının Prezidenti  Sadır Japarovun Azərbaycanın işğaldan azad olunmuş ərazilərində ölkəsinin vəsaiti ilə məktəb inşa etmək təşəbbüsü irəli sürməsi bu ənənənin yaşamasının daha bir ifadəsidir. Azərbaycan və qırğız xalqlarının soy-kökü eynidir. Sonradan Türk boyları aynayıb-artıblar, yeni coğrafiyalara yayılıblar. Beləcə onlar arasında müəyyən fərqli cəhətlər yaranıb. Ancaq bu fərqlilik gen yaddaşında qalan dominant mənəvi yaxınlığı aradan qaldıra bilməyib. Milli-mənəvi amillər həmişə Türk xalqlarını qarşısıalınmaz cazibə qüvvəsi tək bir-birinə çəkib. Ən müxtəlif məqamlarda biz bunu müşahidə edirik. İndiki qlobal hadisələr, kataklizmlər, geosiyasi gərginliklər fonunda Türk kimliyinin önə çıxması, əsasən Xəzər-Qara dəniz hövzələri coğrafiyasında yurd salmış müxtəlif Türk xalqlarının bir çətir altında birləşmək istəklərini daha qətiyyətlə nümayiş etdirmələri, bu istiqamətdə addımlar atmaları, təsisatlanmaları da bunun təzahürüdür.

Azərbaycan 44 günlük Vətən müharibəsində təxminən 11 min kvadratkilometr ərazisisni işğaldan azad etdi. Müharibə başa çatandan sonra vaxt itirilmədən ərazilərin minalardan təmizlənməsinə və bərpasına başlanıldı. Qalib Azərbaycan “Böyük Qayıdış” Proqramını yeni strateji mərhələdə özünün beş milli prioritetindən biri kimi müəyyənləşdirdi. Qarşıya qoyulan hədəf heç də asan deyil. Bəhs olunan ərazilərdə erməni vandalları tərəfindən hər şey, hətta tarixi mədəni-dini abidələr, qəbiristanlıqlar belə dağıdılıb. Hər şeyi sıfırdan qurmaq, yaratmaq tələb olunur. Əlbəttə, Azərbaycan güclü və məsuliyyətli dövlətdir, ərazilərini, suverenliyini öz gücünə bərpa etdiyi kimi, “Böyük Qayıdış” Proqramını layiqli şəkildə reallaşdırmağı da bacaracaq. Ancaq miqyası çox böyük olan işlərin həyata keçirilməsində dost ölkələr və xalqlar da kənarda qalmırlar. Azərbaycan Vətən müharibəsi günlərində olduğu kimi, postmüharibbə mərhələsində də qardaş Türkiyəni öz yanında hiss edir. Vətən müharibəsinin lap əvvəlindən Türkiyənin Prezidenti və digər rəsmiləri “biz yanınızdayıq” deməklə xalqımıza mənəvi güc verdi. Postmüharibə mərhələsində isə qardaş ölkənin şirkətləri işğaldan azad olunmuş ərazilərdə müxtəif layihələrin yüksək peşəkarlıqla həyata keçirilməsində böyük fəallıq göstərirlər.  

Bizə, həmçinin digər Türkdilli dövlətlərdən də dəstək gəlir. 2023-cü il Avqustun 23-də Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, xanımı Ziroatxon Mirziyoyeva Füzulidə inşa olunan Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin açılış mərasimində iştirak ediblər.  Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən özbək xalqı adından hədiyyə olaraq Füzulidə inşa edilən məktəb 960 şagird yerlikdir. Burada tikinti işləri yüksək keyfiyyətlə həyata keçirilib. Üç hektar ərazidə inşa edilən məktəb binası iki mərtəbə və zirzəmidən ibarətdir. Məktəbdə 40 sinif otağı, 6 laboratoriya, 2 informatika otağı, 5 funksional tədris otağı, 500 yerlik akt zalı, idman zalı, 320 yerlik yeməkxana, kitabxana var. Məktəbin həyətyanı ərazisində futbol meydançası, istirahət və keçiriləcək tədbirlər üçün yerlər, qaçış zolaqları, söhbətgahlar, nəzarət-buraxılış məntəqəsi, qazanxana, su çənləri, transformator yarımstansiyası inşa edilib. Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin “Azərbaycan bizim üçün yaxın dost və zamanın sınağından çıxmış etibarlı strateji tərəfdaşdır” sözlərinin təsdiqi olan bu məktəbin inşası qardaş ölkələrimiz arasında münasibətlərin yüksək səviyyəsindən xəbər verir. Azərbaycan Prezidenti İlham Əliyev də Özbəkistanın Füzuli rayonunda böyük məktəb inşa etmək təşəbbüsünü ölkələrimiz arasında həmrəyliyin, dostluğun, qardaşlığın növbəti addımı kimi qiymətləndirib.

Daha bir oxşar hadisə cari il martın 12-də yaşanıb. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyev və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Füzuli şəhərində inşa olunan Kurmanqazı adına Uşaq Yaradıcılıq   Mərkəzinin açılış mərasimində iştirak ediblər. Prezident Kasım-Jomart Tokayevin təşəbbüsü ilə inşa olunan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi qardaş qazax xalqının Azərbaycan xalqına hədiyyəsidir. Təməli 2023-cü ilin martında qoyulan Mərkəz 1,5 hektar ərazidə yaradılıb. Obyektin tikinti sahəsi 2700 kvadratmetrdir. İkimərtəbəli binada 600 uşağın bir neçə növbədə məktəbdənkənar təhsil alması üçün hər cür şərait yaradılıb. “Bu Mərkəz Qazaxıstan xalqı adından bizim hədiyyəmizdir. Hökumətin tapşırığına və mənim şəxsi göstərişimə əsasən “BI Group” özəl şirkəti bu hədiyyəni səmimi-qəlbdən, bütün xalqın adından təqdim edir. Zənnimcə, bu obyekt şübhəsiz ki, ölkələrimiz arasında rifahın, bütün əlaqələrin, hərtərəfli münasibətlərin möhkəmləndirilməsinə töhfə olacaq”, - deyə Qazaxıstan Prezidenti məktəbin açılışında bildirib.

Növbəti təşəbbüs Qırğızıstandan gəlib

İşğaldan azad edilmiş ərazilərinə böyük bağlılıq göstərən Azərbaycana növbəti dost dəstəyi Qırğızıstandan gəlib. Prezident Sadır Japarov bəhs olunan ərazilərdə ölkəsinin vəsaiti hesabına məktəb tikmək təşəbbüsü ilə çıxış edib. Artıq bu nəcib təşəbbüsün reallaşdırılması istiqamətində ilk addım atılıb.  Aprelin 25-də Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam rayonunun Xıdırlı kənd tam orta məktəbinin birgə təməlqoyma mərasimində iştirak ediblər. Mərasimin keçirildiyi ərazidə quraşdırılan yurtada qırğız xalq musiqisi və milli mətbəxinin nümunələri nümayiş etdirilib.

Xıdırlı kənd tam orta məktəbinin inşası üçün 2,7 hektar ərazi ayrılıb. İki yerüstü və bir yeraltı mərtəbədən ibarət olacaq binada 22 kabinet yaradılacaq. Məktəbdə, həmçinin idman və akt zalları, 2 əmək kabineti, kitabxana, fizika, kimya və biologiya laboratoriyaları, 2 informatika kabineti, ilkin hərbi hazırlıq kabineti istifadəyə veriləcək. Məktəbin ərazisində idman meydançası, köşk, kiçik skamyalar, qazanxana yaradılacaq. Tikinti işlərinin 2024-cü ilin sonunadək başa çatdırılması planlaşdırılır. Qırğızıstan Prezidentinin təşəbbüsü ilə Qırğızıstan dövləti adından Ağdamın Xıdırlı kəndində tam orta məktəb binasının inşası iki ölkə arasında sarsılmaz qardaşlıq münasibətlərinin daha bir göstəricisidir.

Mübariz ABDULLAYEV

Seçilən
98
21
Mənbələr
Şərh ()
Bağla