AZ

Marsdakı "hörümçək sürüsü"nün sirri açılıb - Fotolar

Marsdakı

Qırmızı planet adlandırılan Mars böyük sirləri ilə alimləri özünə cəlb edir. Bu planet sürprizlərlə doludur. Saysız-hesabsız sürprizlərdən biri də Marsın cənub qütb bölgəsində, daha çox canlı həşəratlara bənzəyən "hörümçək sürüsü"-dür. Alimlər Marsda müşahidə edilən və hörümçəklərə bənzəyən bu görüntülərin sirrini açmağa çalışıb.

Reyting.az
xarici KİV-lərə istinadla bildirir ki, uzun, həmçinin davamlı zülmətdə və qaranlıq aylarda bu planetdəki karbon qazı tədricən Marsın səthində toplanır və buz örtüyü əmələ gətirir. Baharın gəlişi ilə günəş şüaları bu örtüyü qızdırmağa başlayır və buzun alt qatını qaza çevirir. Dağılmağa çalışan qaz özü ilə tünd toz daşıyaraq buzun içindən keçir. Beləliklə, bu proseslər nəticəsində qırmızı planetin səthində ayaqları uzanılı hörümçəklərə bənzər tünd ləkələr əmələ gəlir.



Marsdakı “hörümçək sirri”nin tədqiqində Avropa Kosmik Agentliyinin kosmik gəmiləri - "Mars Express" və "ExoMars Trace Gas Orbiter" xüsusi rol oynayıb və alimlər bu sirri açıblar. Bu gəmilərin cihazlarına quraşdırılmış yüksək dəqiqlikli kameralar sayəsində alimlər həmin “hörümçəklərin” müfəssəl təsvirlərini əldə etməklə onların quruluşunu öyrəniblər.

Tədqiqata cəlb edilən "ExoMars Trace Gas Orbiter" kosmik gəmisi Marsda buz təbəqəsinin altında həkk olunmuş qəribə və heyrətamiz naxışları dəqiqliklə qeydə ala bilib. Bu görüntülər elm adamlarına "hörümçəklərin" təkcə səth birləşmələri deyil, həm də planetin "bağırsaqlarında" baş verən mürəkkəb geoloji prosesin bir hissəsi olduğu qənaətinə gəlməyə imkan verib.



"Hörümçək" məsələsi Marsın cənub qütb bölgəsindəki yeganə sirr deyil. Bu istiqamətdə İnklər şəhəri kimi tanınan bölgənin kənarında, qədim, görənlərə tarixi şəhərlərin xarabalıqlarını xatırladan əyri, dolama silsilələrdən ibarət dolanbac da var. Alimlər hələ də bu geoloji informasiyanın mənşəyi ilə bağlı konsensusa gələ bilməyiblər. Ehtimala görə, bunlar zaman-zaman daşlaşmış qədim qum təpələrinin izləri və yaxud Mars planetinin səthi altında daim hərəkət edən maqmanın nəticəsidir. Digər ehtimala görə, İnka şəhərinin meteoritdən əmələ gəlmiş nəhəng krater qalıqlarının bir forması olması daha inandırıcıdır.



Amma avstraliyalı alimlər avropalı, amerikalı həmkarlarından fərqli düşünürlər. Onların fikrincə, Marsda canlı orqanizmin yaşamasını istisna etmək olmaz. Belə düşünən bir çox alimlər hətta illərdir ki, qırmızı planet daxilində və ətrafında baş verənləri dərindən araşdırır, eləcə də müxtəlif partlayışlar nəticəsində prosesin bir hissəsi kimi canlı orqanizmlərin yaranması proseslərinin nə qədər reallığa yaxın olduğunun mümkün variantlarını tədqiq edirlər.

Onu da qeyd edək ki, sirli İnka şəhəri ilə yanaşı, Marsın cənub qütb bölgəsi bir çox digər geoloji möcüzələrlə zəngindir. Burada sıldırım tərəfləri olan və nəhəng masaları xatırladan yastı təpələri, mərmər səth effekti yaradan dairəvi formasiyaları aydın görmək olar. Alimlər də təsdiq edir ki, bu xüsusiyyətlərin hər biri planetin keşməkeşli geoloji tarixinin izidir, həm də bu heyrətamiz mənzərəni yaratmaq üçün milyonlarla illik küləyin, suyun, buzun nəticəsidir.



Marsı kəşfi böyük sirr və kəşflər dünyasına baş vurmaq maraqlıdır. Alimlər ümid edir ki, hər yeni təsvirlər, kosmik gəmidən əldə edilən hər yeni məlumatlar qırmızı planetin sirlərini açmağa yaxınlaşdırır. İndi alimləri ancaq bir sual maraqlandırır: kim bilir, bizi bu yolda daha hansı sürprizlər gözləyir?

Oqtay QORÇU
Seçilən
15
Mənbələr
Şərh ()
Bağla