AZ

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Dmitri

Moskva, 26 aprel, AZƏRTAC

Bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyev həmkarı Vladimir Putinin dəvəti ilə Moskvada işgüzar səfərdə olub. Kremldə keçirilən görüşdə iki ölkənin liderləri ticarət-iqtisadi münasibətlərin inkişafını, gələcəkdə icra ediləcək qlobal birgə layihələri və regional təhlükəsizliyin aktual məsələlərini müzakirə ediblər. Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri, Dövlət Dumasının deputatı Dmitri Savelyev AZƏRTAC-ın müxbiri ilə söhbətində Rusiya-Azərbaycan münasibətlərinin bu gün necə inkişaf etdiyini şərh edib.

– Dmitri İvanoviç, bu yaxınlarda Rusiya və Azərbaycan rəhbərlərinin görüşü onların yenidən prezident seçilməsindən sonrakı ilk görüş oldu. Bu baxımdan, yaxın gələcəkdə ölkələrimizin münasibətlərində hansı dinamikanı gözləyirsiniz?

– Ölkələrimizin ikitərəfli münasibətlərində davamlı yaxınlaşma tendensiyası davam edəcək. İlham Heydər oğlu Əliyevin bu yaxınlarda Kremldə keçirdiyi görüşdə xatırlatdığı kimi, Rusiya ilə Azərbaycan arasında münasibətlərin mütərəqqi inkişaf tendensiyası həm bizim ümumi tariximiz, həm qarşılıqlı maraqlarımız, həm də iki il əvvəl imzalanmış müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə ilə əvvəlcədən müəyyən edilib. Vladimir Vladimiroviç Putin isə öz növbəsində kifayət qədər əyani rəqəmləri sadaladı: ölkələrimiz arasında ticarət dövriyyəsi artıq 4 milyard dollardan çoxdur, Rusiyanın Azərbaycan iqtisadiyyatına yatırdığı investisiyalar isə 6 milyarda yüksəlib. Demək olar ki, bütün əhəmiyyətli sahələrdə ölkələrimizin yol xəritələrinin təfərrüatları razılaşdırılıb, həm dövlətlər səviyyəsində, həm də regionlar səviyyəsində onlarla əməkdaşlıq sazişi imzalanıb və həyata keçirilir.

– Rusiya və Azərbaycan regionları arasında bağlanmış son sazişlərdən hansı sizin üçün xüsusilə əhəmiyyətli görünür?

– Təkcə son bir ay ərzində Dağıstanın nümayəndə heyəti Bakıya səfər edib, Azərbaycan ilə Tatarıstan arasında ticarət-iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın növbəti iclası keçirilib, Rusiyanın Azərbaycandakı Ticarət Nümayəndəliyi ilə Moskva və Krasnodar diyarının biznes nümayəndələri arasında isə videokonfrans təşkil olunub. Azərbaycan və Rusiyanın şimal paytaxtı arasında əməkdaşlıq sahəsində son təşəbbüsləri xüsusilə qeyd etmək lazımdır. Aprel ayında Bakıda Sankt-Peterburqun qubernatoru Aleksandr Beqlovun rəhbərlik etdiyi Rusiya nümayəndə heyətinin Azərbaycana mədəni və işgüzar missiyası çərçivəsində “Sankt-Peterburq və Azərbaycan Respublikası əməkdaşlıq üfüqlərini genişləndirir” adlı biznes forumu keçirilib.

Tədbir əsnasında Azərbaycan və Sankt-Peterburq arasında əməkdaşlığa dair yol xəritəsi imzalanıb, təhsil və tibb, nəqliyyat və turizm, rəqəmsallaşma və ticarət sahələrində bir sıra tərəfdaşlıq müqavilələri bağlanıb. Həm də bu günlərdə Bakıdakı Həştərxan Biznes Mərkəzi Rusiya ixracını dəstəkləmək üçün ən yaxşı təcrübələrdən biri kimi qəbul edilib. Rusiya hökumətinin başçısı Mixail Mişustinin bu yaxınlarda Bakıya səfəri zamanı və Moskvada Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovla Rusiyanın sənaye və ticarət naziri Denis Manturovun görüşündə ölkələrimizin ticarət-iqtisadi və logistika sahəsində əməkdaşlıq məsələlərinə nəzər yetirilib.

Parlamentlərarası və diplomatik qarşılıqlı əməkdaşlıq fəal şəkildə inkişaf edir. Aprel ayında Milli Məclisin deputatları MDB Parlamentlərarası Assambleyasının komissiyasının iclaslarında iştirak etmək üçün Sankt-Peterburqa səfər etdilər və bu yaxınlarda Moskvada Azərbaycan və Rusiya xarici işlər nazirləri müavinlərinin görüşündə ölkələrimiz arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin müddəalarının həyata keçirilməsi ilə bağlı növbəti birgə addımlar müzakirə edildi. Aprelin 4-də biz olduqca mühüm bir tarixi növbəti dəfə qeyd etdik - 32 il bundan əvvəl Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında diplomatik münasibətlər qurulub. Bir daha vurğulayım ki, bütün bu tədbirlər son bir neçə ay ərzində baş tutub - bu gün ölkələrimiz arasında bütün səviyyələrdə tərəfdaşlıq münasibətlərinin intensivliyi məhz bu səviyyədədir.

– Bu yaxınlarda Rusiya hərbi kontingentinin Qarabağ bölgəsindəki sülhməramlı missiyası vaxtından əvvəl başa çatdı. Qafqazda regional təhlükəsizliyin “həssas” məsələləri barədə nə deyə bilərsiniz? Sizcə Azərbaycan və Rusiya prezidentlərinin bu problemlərin həlli ilə bağlı ümumi anlaşması mövcuddurmu?

– Cənubi Qafqazda sülhün və sabitliyin qorunması təkcə region üçün deyil, demək olar ki, hətta bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir. Bu yer həm enerji, həm logistika, həm də əlbəttə ki, geosiyasi baxımdan olduqca mühüm regiondur. Azərbaycan bu gün də öz suverenliyini sarsılmaz şəkildə qoruyub saxlayır, o cümlədən Rusiyanın simasında qonşuları və tərəfdaşları ilə qarşılıqlı faydalı münasibətlər qurmağa davam edir.

Ölkələrimizin prezidentlərini təkcə qarşılıqlı etimad və mövcud problem və vəzifələrin ümumi anlaşılması deyil, həm də ümumi fəaliyyət strategiyası birləşdirir. Məsələn, həm Rusiya, həm də Azərbaycan Cənubi Qafqazda “xarici oyunçuların” sabitliyi pozan hərbi-siyasi mövcudluğunu qəbul etməməkdə yekdildirlər. Prezident İlham Əliyev Kremldə keçirilən görüşdə Rusiyanı həm Qafqazda regional təhlükəsizlik, həm də daha geniş coğrafiya baxımından əsas ölkə adlandırıb, bu gün bir çox məsələlərin ölkələrimiz arasında qarşılıqlı əlaqələrdən asılı olduğunu vurğulayıb.

– Bu il Baykal-Amur Magistralının (BAM) tikintisinə başlanmasının 50 illiyi qeyd olunur. Səfər zamanı Azərbaycan və Rusiya prezidentləri BAM veteranları və dəmir yolu işçiləri ilə görüşüblər. Hazırda bu magistralın əhəmiyyətini necə qiymətləndirirsiniz?

– Baykal-Amur Magistralının möhtəşəm tikintisi xalqlarımız arasındakı əməkdaşlığın əhəmiyyətinin bariz nümunəsidir. Məlum olduğu kimi, Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində ikən BAM-ın tikintisinə nəzarət edib və bu mürəkkəb layihənin həyata keçirilməsində böyük və əvəzolunmaz rol oynayıb.

Rusiya Prezidenti BAM veteranları və dəmir yolu işçiləri ilə görüşündə qeyd edib ki, məhz Heydər Əlirza oğlunun böyük bilik və təcrübəsi, idarəçilik istedadı və misilsiz şəxsi keyfiyyətləri, insanlara diqqətli münasibəti nəticəsində bu genişmiqyaslı layihənin uğurla həyata keçirilməsi mümkün olub. İndi ölkələrimizin “Gələcəyə yollar" adlı yeni birgə layihəsi var - bu, əlbəttə ki, prezidentlərin son görüşündə də müzakirə olunan “Şimal-Cənub” nəqliyyat dəhlizidir.

– Azərbaycan Prezidenti çıxışında Vladimir Putinə və bütün rusiyalılara Heydər Əliyevin anadan olmasının 100 illiyini qeyd etdiklərinə görə təşəkkür edib. Rusiyadakı yubiley tədbirlərinin nəticələrini necə qiymətləndirirsiniz, onlardan hansıları xüsusilə vurğulaya bilərsiniz?

– İl yaddaqalan rəsmi tədbirlər və yaradıcı layihələrlə dolu idi, onları sonsuz sayda sadalamaq olar. Qeyd etmək lazımdır ki, Heydər Əliyevin xatirəsi Rusiyada təkcə yubiley günlərində yad edilmir. Heydər Əlirza oğlunun anadan olmasının yüzilliyinin qeyd olunduğu il rəsmən başa çatsa da, onun şərəfinə keçirilən anım tədbirləri davam edir və davam edəcək. Bu günlərdə, aprelin 23-də Rusiyanın mədəniyyət paytaxtı Sankt-Peterburqda Rusiya Milli Kitabxanasının yeni binasında “Heydər Əliyev. Həyatının 100 anı” adlı sərgi Azərbaycanın Ulu Öndərinin həyat yolundan və nailiyyətlərindən bəhs edir. Heydər Əliyevin Azərbaycanın, Sovet İttifaqının inkişafına və əlbəttə ki, ölkələrimiz və xalqlarımız arasında dostluq, mehriban qonşuluq münasibətlərinin möhkəmlənməsinə verdiyi töhfələr heç vaxt unudulmayacaq.

Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
Seçilən
76
Mənbələr
Şərh ()
Bağla