AZ

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Bakı, 26 aprel, AZƏRTAC

Milli Məclisin sədri Sahibə Qafarova Monteneqro parlamentinin sədri Andrija Mandiç ilə görüşüb.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə tərəflər arasında təkbətək görüş keçirilib. Görüşdə ölkələrimiz və parlamentlərimiz arasında münasibətlərə dair fikir mübadiləsi aparılıb. Görüşdən sonra Sahibə Qafarova xatirə kitabını imzalayıb.

Sonra nümayəndə heyətlərinin iştirakı ilə görüş davam edib.

Andrija Mandiç bu səfərin ölkələrimiz və qanunverici orqanlarımız arasında əməkdaşlığın daha da genişlənməsinə töhfə verəcəyinə inamını ifadə edib.

Görüşdə ölkələrimizin dost və etibarlı tərəfdaş olduqları, bir çox məsələlərdə ortaq dəyərləri və fikirləri bölüşdükləri qeyd edilib.

A.Mandiç ölkəsinin Azərbaycanla münasibətlərin inkişafında maraqlı olduğunu diqqətə çatdırıb.

Milli Məclisin sədri Sahibə Qafarova ikitərəfli münasibətlərin inkişafında yüksək səviyyəli səfərlərin və görüşlərin müstəsna rolunu qeyd edib.

Görüşdə ikitərəfli və çoxtərəfli münasibətlərə mühüm və müsbət təsir göstərən amillərdən biri kimi parlamentlərin qarşılıqlı fəaliyyətinin əhəmiyyəti qeyd olunub. Vurğulanıb ki, bu istiqamətdə də əlaqələri daha da dərinləşdirmək baxımından qarşılıqlı səfərlər və dialoqu davam etdirmək çox vacibdir.

Söhbət zamanı dostluq qruplarının birgə fəaliyyətinin önəmi diqqətə çatdırılıb. Qeyd olunub ki, dostluq qrupları müntəzəm təmaslar, dialoq və fikir mübadiləsi ilə parlamentlərimiz arasında körpü rolunu oynayır. Tərəflər parlament komitələri arasında da əməkdaşlıq məsələləri barədə fikir mübadiləsi aparıblar.

S.Qafarova görüşdə regionda mövcud olan vəziyyət barədə də geniş məlumat verib, həmçinin bəzi dövlətlərin, ilk növbədə, Fransanın regionumuzda gərginliyi artırmaq üçün addımlar atdığını bildirib.

O, həmçinin Avropa Parlamentinin son qətnaməsinə toxunaraq bunu ölkəmizə qarşı qərəzli siyasi aksiya kimi qiymətləndirib.

Monteneqro parlamentinin sədri ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəklədiyini qeyd edib. O, imzalanacaq sülh sazişinin regionda sülh və əməkdaşlığa töhfə verəcəyinə əminliyini ifadə edib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.

Görüşdən sonra iki ölkənin parlament sədrləri Monteneqro parlamentində yaradılan "Barbara Prammer Demokratiya Emalatxanası"nda da iştirak ediblər.

Seçilən
18
4
Mənbələr
Şərh ()
Bağla