AZ

Makron indi də ABŞ-ın zəhləsini tökməyə başlayıb...

Fransa prezidenti Emmanuel Makron real fəaliyyət əvəzinə gurultulu sözlərə üstünlük verir. O, Ukrayna müharibəsinin gedişinə öz təsirini həddən artıq şişirdir. Bu fikri Bloomberg agentliyi ifadə edib.Agentliyin yaydığı məlumata görə, Fransa lideri Avropa İttifaqının siyasətini müzakirə etmək üçün bu yaxınlarda ekspertlərlə keçirdiyi görüşdə “müdafiə məsələsində ideoloji qələbə qazandığını” deyib. Tədbir iştirakçıları isə Emmanuel Makronu, səs-küylü bəyanatlar vermək əvəzinə, Kiyevə yardım üçün konkret təkliflər səsləndirməyə çağırıb.Adının açıqlanmasını istəməyən fransalı diplomat Emmanuel Makronun “ideoloji qələbələri” real fəaliyyətə çevirməsinin vacib olduğunu söyləyib. Fransanın dövlət başçısı bir müddət öncə iddia etmişdi ki, Parisdə keçiriləcək Yay Olimpiya Oyunları zamanı dünyadakı bütün münaqişə ocaqlarında atəşkəsə nail olmağa çalışacaq. Amma bu da mümkünsüzdür və Makronun boş iddialarından başqa bir şey deyil. Bu günlərdə isə Makron Sorbonna Universitetində çıxış edib. Orada o, Avropa üçün müstəqil müdafiə siyasətinin zəruriliyini vurğulayaraq qeyd edib ki, ABŞ-a əvvəlki kimi etibar etmək olmaz. Avroskeptiklərin söylədiklərinə bənzər bu bəyanat açıq şəkildə iyunda keçiriləcək Avropa Parlamentinə seçkilərlə bağlıdır. Ölkə başçısının “Renessans” partiyası həm sağçı “Milli Birlik” partiyasına, həm də solçu qüvvələrə uduzaraq yalnız üçüncü yeri tuta bilər. Bununla belə, Fransa prezidenti ölkəsinin Avropa İttifaqında xüsusi rolu olduğunu iddia edərək, öz elektoratını səfərbər etmək qərarına gəlib. Makron bu xüsusda bildirib:  “Biz özümüz Avropa üçün strateji müdafiə yaratmalıyıq. Avropa onun üçün əziz olanı müttəfiqləri ilə və ya təkbaşına müdafiə edilməlidir”. Bununla bağlı şərhçilər Fransa liderinin geniş ictimaiyyətin diqqətini cəlb etmək üçün nəzərdə tutulmuş son bəyanatlarını xatırladıblar.Xatırladaq ki, Makron Qərb koalisiyasının qoşunlarının Ukraynaya göndərilməsini istisna etməyib, buna görə də digər avropalı siyasətçilər onu sərt tənqid etməli olublar. Bu dəfə Makronun ABŞ-ı hədəfə alması tənqidlə qarşılanır. Düzdür, Sorbonnada Fransa lideri bir çox fransızların sevdiyi bir mövzuda çıxış etdi: Avropanın xüsusi rolu. Makron qeyd edib ki, müdafiə, o cümlədən silah və kibertəhlükəsizlik sahəsində müstəqillik olmadan Avropa İttifaqını müdafiə etmək mümkün deyil: “Avropa ABŞ-ın vassalı olmadığını, onlar kimi dünyanın müxtəlif regionları ilə necə dialoq aparmağı bildiyini göstərməlidir”. Makron ABŞ-ın iqtisadi siyasətini də tənqid edib.  Onun sözlərinə görə, Avropa həm Vaşinqtonun, həm də Pekinin qlobal ticarət qaydalarına hörmət etmədiyi bir mühitdə öz yerini tapmalıdır.Ekspertlər bildirir ki, Makronun çıxışında xarici siyasət mövzularının üstünlük təşkil etməsi təsadüfi deyil. Bu, bir çox fransızları narahat edir. Məsələ qismən miqrasiya problemi, qismən də Rusiya-Ukrayna və Yaxın Şərq münaqişələri ilə bağlıdır. “Milli Birlik” partiyasının, eləcə də onun ideoloji lideri Marin Le Penin reytinqləri artır. Onlar ölkənin dünya miqyasında rolunun gücləndirilməsi zərurətinə toxunular və qeyri-qanuni miqrasiya ilə mübarizə üçün ən radikal tədbirlər təklif edirlər. Sorğulara əsasən, Le Penin 2027-ci ildə keçiriləcək növbəti prezident seçkilərində qalib gəlmək üçün real şansı var.   Bu fonda Britaniya təcrübəsi fransızlara göstərdi ki, həddindən artıq avroskeptisizm çox mənfi nəticələrə gətirib çıxara bilər. Bacarıqlı siyasi manevrlərin yaxşı nümunəsi İtaliyanın baş naziri Ciorciya Melonidir. O, əvvəlcə Brüsseli “düşmən” adlandırdı, lakin sonar, əvvəlki açıqlamalarına baxmayaraq, Avropa bürokratları ilə birgə hərəkət etdi. Digər tərəfdən, solçu qüvvələr öz nüfuzlarını saxlamaqda davam edir. Bir çox fransızlar əhalinin qocalması fonunda pensiya islahatlarının zəruri olduğunu bilsələr də, seçicilərin bir hissəsi Beşinci Respublikada daha erkən pensiyaya çıxan güclü pensiya sisteminin qorunub saxlanması ideyasından təsirlənir. Rusiya Elmlər Akademiyasının Avropa İnstitutunun aparıcı elmi işçisi Sergey Fyodorov bu xüsusda bildirir: “Ümumiyyətlə, sosialistlərin reytinqlərinin artması onların nailiyyətləri ilə deyil, daha çox makronçuların zəifliyi ilə bağlıdır. Makron artıq gənc və naşı siyasətçi hesab edilmir və onun daxili siyasi məsələlərdə reytinqini artırmaq üçün resurslar əsasən tükənib. Hökumətin təşəbbüsləri parlamentdə müqavimətlə üzləşir. Həmçinin, gənc Qabriel Attalın baş nazir təyin edilməsi ilə kabinet az dəyişdi. Makron üçün təhdidlərdən biri “Milli Birlik” partiyasının Avropa Parlamentinə seçkilərdə uğur qazanacağı təqdirdə növbədənkənar parlament seçkilərinə start veriləcəyidir. Ona görə də o, indi seçicilərin qəlbində əks-səda doğuran fikirlərini xatırlamağa çalışır. Makron Avropanı ABŞ-dan asılı olmayan bir güc kimi yaratmağa çağırmağa çalışır. Bu, xarici auditoriyadan daha çox daxili auditoriya üçün bir oyundur. Polşa və ya Baltikyanı ölkələrin ona dəstək verəcəyi ehtimalı azdır. Əksər Avropa ölkələri hələ də ABŞ-a, hətta sağçı qüvvələrə də diqqət yetirir”.Ramil QULİYEV

Seçilən
0
50
Mənbələr
Şərh ()
Bağla