AZ

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Prezident

Bakı, 26 aprel, AZƏRTAC

Prezident İlham Əliyevin Rusiyaya növbəti uğurlu səfəri bir sıra əhəmiyyətli görüşlərin və müzakirələrin keçirilməsi ilə yadda qaldı. İlk növbədə, səfər çərçivəsində ikitərəfli münasibətlərin inkişafı, Azərbaycanla Rusiya arasında siyasi, iqtisadi, ticarət əlaqələrinin, humanitar məsələlərdə əməkdaşlığın artmasının məmnunluqla qarşılandığı ifadə edildi. Məlumdur ki, son illər iki ölkə arasında ticarət dövriyyəsinin həcmi artıb. Bu fakt Qərb dövlətləri tərəfindən Rusiyaya iqtisadi sanksiyaların tətbiq edildiyi bir vaxtda xüsusilə əhəmiyyətə malikdir. Məhz sanksiyalar Rusiyanı daxili imkanlarını səfərbər etməyə, yeni bazarlar axtarmağa, eyni zamanda, etibarlı əməkdaşlıq əlaqələrini genişləndirməyə sövq edir. Bu baxımdan Azərbaycan bütün dünya, o cümlədən də Rusiya üçün etibarlı tərəfdaş rolunda çıxış edir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında “Virtual Qarabağ” İnformasiya – Kommunikasiya Texnologiyaları Mərkəzinin rəhbəri Nurəddin Mehdiyev deyib.

N. Mehdiyev Azərbaycanın xarici dövlətlər qarşısında götürdüyü bütün öhdəliklərə sadiq olduğunu, bu amilin ölkəmizi dünya dövlətləri, o cümlədən Rusiya üçün cəlbedici etdiyini bildirərək vurğulayıb: “İqtisadi əlaqələrin artması hər iki ölkənin maraqlarına cavab verir. Prezident İlham Əliyevlə Rusiya dövlət başçısı Vladimir Putin arasında görüş zamanı Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin müzakirə edilməsi də mühüm məsələdir. Rusiya və Azərbaycanla yanaşı bölgədəki digər ölkələrin də bu dəhlizə qoşulması regional əməkdaşlığın inkişafına, şaxələnməsinə, iqtisadi artıma və siyasi sabitliyə xidmət edir.

Azərbaycan-Rusiya əlaqələrinin hər bir istiqaməti üzrə müsbət dinamika müşahidə edilir. Müxtəlif beynəlxalq və regional platformalarda hər iki ölkənin mövqeləri demək olar üst-üstə düşür. Azərbaycanla Rusiya arasında çoxəsrlik siyasi münasibətlər, xalqlarımız arasında mədəni əlaqələr mövcuddur. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabr ayında həyata keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycan bütün ərazilərində suveren hüquqlarını bərpa etdi. Dövlətimizin başçısı tərəfindən Cənubi Qafqazda sabitliyin təmin olunması istiqamətində həyata keçirilən siyasət Rusiyanın da maraqlarına cavab verir”.

Ekspert Qərb ölkələri tərəfindən Ukraynada baş verən proseslərə müdaxilənin, hərbi əməliyyatların genişlənməsinin Rusiyanın milli təhlükəsizliyinə yaratdığı təhdidlər fonunda Azərbaycanın ali rəhbərliyi tərəfindən həyata keçirilən siyasətin Cənubi Qafqaz regionunun sabitliyi, o cümlədən Rusiyanın təhlükəsizliyi üçün əhəmiyyətli olduğunu qeyd edib. Bildirib ki, Prezident İlham Əliyevin Rusiyaya səfəri zamanı müzakirə olunan məsələlərdən biri də beynəlxalq və regional təhlükəsizliklə bağlı olub.

“Görüşdə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi ilə bağlı danışıqlar prosesi də diqqət mərkəzində olub. Rusiya Azərbaycanın regional və beynəlxalq səviyyədə oynadığı müsbət rolu və ölkəmizin etibarlı tərəfdaş olmasını qəbul edir. Bu baxımdan Azərbaycanla Rusiya arasında münasibətlər strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri səviyyəsində qiymətləndirilir. Bu münasibətlər qarşılıqlı etimadın güclənməsinə, regionda sabitliyin və inkişafın təmin olunmasında birgə səylərin artırılmasına şərait yaradır. Azərbaycanla Rusiya arasında qurulan normal münasibətlər və qarşılıqlı etimad mühitinin güclənməsi nəticəsində Prezident İlham Əliyevin Rusiyaya səfərindən əvvəl Azərbaycan ərazisində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya sülhməramlılarının ölkəmizin ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi tərəfindən qərar qəbul edilib. Moskva səfəri ilə bağlı çıxarılan əsas nəticələrdən biri də odur ki, Rusiya Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında dövlətimizin təhlükəsizliyi təmin etmək iqtidarını tanıyır və ölkəmizin suveren hüquqlarına hörmətlə yanaşır. Eyni zamanda, regionda təhlükəsizliyin və əməkdaşlığın təmin olunmasında Azərbaycanın artan rolunun bir daha təsdiq edilməsi və nümayiş olunması Rusiya səfərinin əhəmiyyətli nəticələrindəndir”, - deyə N. Mehdiyev vurğulayıb.

Seçilən
21
Mənbələr
Şərh ()
Bağla