AZ

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Gəncə

Gəncə, 26 aprel, AZƏRTAC

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə icra edilən “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində növbəti görüşlər aprelin 26-da Gəncə şəhəri və Şəmkir rayonunda təşkil olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirlərin açılışında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, “Regional İnkişaf” İctimai Birliyinin və yerli icra orqanlarının nümayəndələri çıxış edərək, Azərbaycan qadınının mənəvi və ailə dəyərlərinin qorunması, gənc nəslin düzgün yetişdirilməsi və cəmiyyətin inkişafındakı müstəsna rolundan danışıb, dövlət tərəfindən həyata keçirilən uğurlu qadın siyasətindən və hər sahədə öz potensiallarını reallaşdırmaq və layiqli mövqe tutmaq üçün Azərbaycan qadınlarına yaradılan geniş imkanlardan bəhs ediblər. Çıxış edənlər, həmçinin regionlarda yaşayan qadınların, gənc qızların şəxsi inkişafına dəstək olaraq həyata keçirilən sosial layihələrin, o cümlədən “Güclü cəmiyyətin zərif simaları” layihəsinin əhəmiyyətini diqqətə çatdırıblar.

Görüş ölkəmizdə fərqli sahələrdə uğur qazanmış qadınların TEDx formatında çıxışları ilə davam edib. Çıxışlarda "Bağçam" Uşaq Bağçaları Şəbəkəsinin qurucusu və İdarə Heyətinin sədri, sahibkar Samirə Dünyamalıyeva və “AZTUGEM” MMC-nin direktoru, beynəlxalq təşkilat olan WILAT-ın (Women In Logistics And Transport) Azərbaycan üzrə əlaqələndirici məsul şəxsi olan Lamiyə Xəlilova öz uğur hekayələri və təcrübələrini görüş iştirakçıları ilə bölüşüb, onlarla motivasiyaedici söhbət aparıblar.

Qeyd edək ki, layihənin məqsədi regionlarda yaşayan qadınlar, yeniyetmə və gənc qızların şəxsi və liderlik bacarıqlarının inkişafına dəstək vermək, onların ictimai fəallığını təşviq etməkdir.

Belə görüşlərin il ərzində Sumqayıt, Mingəçevir şəhərlərində, Şəki, Qax, Zaqatala və Masallı rayonlarında da keçirilməsi nəzərdə tutulur.

 

Seçilən
57
1
Mənbələr
Şərh ()
Bağla