AZ

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

Zaqreb, 25 aprel, AZƏRTAC

Azərbaycanın Xorvatiyadakı səfirliyi tərəfindən Libertas Universitetinə “İrs” nəşr evinin "Paşa Həyat Sığorta" şirkəti ilə əməkdaşlıq çərçivəsində nəşr etdiyi kitabların təqdimatı keçirilib. Tədbirdə universitetin rektoru İvo Andrijaniç, universitetin rəhbər şəxsləri, müəllim və tələbə heyəti iştirak edib.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən rektor İvo Andrijaniç bu cür tədbirlərin ölkələrimiz arasında mədəniyyət sahəsində əməkdaşlığın inkişafına töhfə verdiyini qeyd edib.

O, həmçinin iki ölkənin təhsil və mədəniyyət müəssisələri arasında əməkdaşlığın genişləndirilməsi, xüsusilə də kitab sənayesi, nəşriyyatlararası əməkdaşlığın şaxələndirilməsinin zəruriliyini vurğulayıb.

Xorvatiyadakı səfirimiz Anar İmanov son illərdə Azərbaycan ilə Xorvatiya arasında əməkdaşlığın bütün sahələrdə, o cümlədən təhsil, elm və mədəniyyət sahəsində uğurla inkişaf etdiyini, iki xalq arasında mədəni və tarixi dəyərlərə əsaslanan dostluq əlaqələrinin mövcud olduğunu məmnuniyyətlə qeyd edib. Səfir hər iki ölkədə qarşılıqlı mədəniyyət günlərinin, festivalların, mədəniyyəti təbliğ edən müxtəlif tədbirlərin keçirilməsinin vacibliyini diqqətə çatdırıb.

Tədbirdə çıxış edən “İrs” beynəlxalq jurnalının baş redaktoru, tarix elmi üzrə fəlsəfə doktoru Musa Mərcanlı tədbirlərin, müxtəlif səviyyəli görüşlərin, mədəniyyət və incəsənət xadimlərinin qarşılıqlı səfərlərinin mövcud əlaqələrin genişləndirilməsinə əhəmiyyətli töhfə verəcəyini bildirib. Baş redaktor hər iki ölkənin mədəniyyət müəssisələri arasında əməkdaşlığın genişləndirilməsinin zəruriliyini qeyd edərək, bu sahədə böyük potensialın mövcud olduğunu vurğulayıb.

"Paşa Həyat Sığorta" ASC-nin nümayəndəsi Vəli Məmmədov çıxışında, iki ölkə arasında bir sıra sahələrdə olduğu kimi mədəniyyət sahəsində də əməkdaşlığın inkişafından məmnun olduğunu bildirərək, gələcəkdə də bu sahədə əlaqələrin inkişaf edəcəyinə əminliyini ifadə edib. O, təmsil etdiyi şirkətin Azərbaycan tarixinin, mədəniyyət və incəsənətinin, maddi mədəni-irsinin beynəlxalq səviyyədə tanıdılması məqsədilə həyata keçirilən layihələrə dəstək göstərdiyini, bu sahədə fəaliyyətlərini davam etdirəcəklərini vurğulayıb.

İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Zaqreb
Seçilən
10
Mənbələr
Şərh ()
Bağla