AZ

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Nazir

Ankara, 26 aprel, AZƏRTAC

Türkiyə BMT-nin İqlim Dəyişikliyi haqqında Çərçivə Konvensiyasının Tərəflər Konfransının Bakıda keçiriləcək 29-cu sessiyası (COP29) ərəfəsində qarşıdakı tədbirin səmərəliliyinə maksimum töhfə vermək üçün ciddi hazırlıq işləri aparır. Bu məsələdə dost və qardaş Azərbaycana hərtərəfli kömək etməyə hazırıq.

Bunu AZƏRTAC-a Ankarada Mərkəzi Avrasiya regionunun Beynəlxalq Kosmik Texnologiyalar Konfransında (STC) iştirak edən Türkiyənin sənaye və texnologiyalar nazirinin müavini, professor Əhməd Yozqatlıgil bildirib.

Onun sözlərinə görə, Türkiyə və Azərbaycan təkcə ikitərəfli əməkdaşlığı inkişaf etdirmir, həm də beynəlxalq platformalarda bir-birini dəstəkləyir.

Buna misal olaraq, Ə.Yozqatlıgil 2023-cü ildə Bakıda keçirilmiş Beynəlxalq Astronavtika Konqresini xatırladıb və həmin tədbirdə növbəti belə tədbirin 2026-cı ildə Antalyada keçirilməsinə qərar verildiyini qeyd edib. “Bu təşəbbüsə Azərbaycan tərəfi fəal dəstək verib və biz qardaş dövlətə minnətdarlığımızı bildiririk”, - nazir müavini deyib.

O, həmçinin Ankara ilə Bakı arasında Mərkəzi Avrasiya regionunun Kosmik Texnologiyalar üzrə Beynəlxalq Konfransı (STC) və Türk Dövlətləri Təşkilatı (TDT) kimi nüfuzlu beynəlxalq platformalarda qarşılıqlı fəaliyyətin əhəmiyyətini də vurğulayıb.

Nazir müavini qeyd edib ki, növbəti beynəlxalq STC Konfransı 2025-ci ildə Bakıda keçiriləcək və onun çərçivəsində türk dövlətlərinin kosmik agentliklərinin nümayəndələrinin görüşü təşkil olunacaq.

“Müasir dünyada texnologiyalar bir-biri ilə təmas şəklində işləyir. Bir ölkənin peyk şəbəkəsini ayrıca idarə etməsi çox çətindir. Bu baxımdan beynəlxalq əlaqələr, o cümlədən türk dövlətləri arasında əməkdaşlıq çox vacibdir”, - deyə nazir müavini əminliyini ifadə edib.

O bildirib ki, bu ilin sonuna qədər İstanbulda TDT üzvü olan ölkələrin innovasiyalar və tədqiqatlar mövzusunda nazirlər səviyyəsində görüşü nəzərdə tutulub. “Qarşıdakı görüş Türk ölkələri arasında təkcə kosmos sahəsində deyil, həm də informasiya texnologiyaları, innovasiyalar, birgə investisiya fondları üzrə dialoqun dərinləşdirilməsinə yönəlib”, - o qeyd edib.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Seçilən
6
Mənbələr
Şərh ()
Bağla