AZ

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

Bakı, 26 aprel, AZƏRTAC

Aprelin 26-da Yeni Azərbaycan Partiyasının (YAP) Səbail rayon təşkilatında görkəmli alim, Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Zərifə xanım Əliyevanın anadan olmasının 101 illiyinə həsr edilmiş tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə əvvəlcə akademik Zərifə Əliyevanın həyat və fəaliyyətinə həsr edilmiş videoçarx nümayiş olunub.

Mərasimdə çıxış edən Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev akademik Zərifə Əliyevanın oftalmologiya elmi sahəsində əldə etdiyi nailiyyətlərdən danışıb. O, sovetlər birliyi tərəfindən ona təqdim edilmiş elmi adın xalqımızın qüruru olduğunu bildirib. O, Zərifə Əliyevanın ömür-gün yoldaşı olan Ulu Öndərə hər zaman dayaq durduğunu diqqətə çatdırıb, onun bugünkü Azərbaycan xanımları üçün də örnək olduğunu vurğulayıb.

Professor Paşa Qəlbinur çıxışında Z.Əliyevanın tibb elmi sahəsində çox böyük işlər gördüyünü, traxoma xəstəliyinin çarəsinin tapılmasında böyük əməyi olduğunu vurğulayıb. Akademikin ən böyük əsərinin Prezident İlham Əliyev olduğunu diqqətə çatdıran professor Azərbaycanın var olduğu müddətdə Zərifə xanımın fədakar fəaliyyətinin hər zaman yaddaşlarda qalacağını deyib.

"Modern İnkişaf və Ailə” İctimai Birliyinin sədri, həkim Zərifə Quliyeva çıxışında Zərifə Əliyevanın incə, nəzakətli və dahi şəxsiyyət olduğunu bildirib, Ulu Öndər Heydər Əliyevin və akademik Zərifə Əliyevanın dahi şəxsiyyət olaraq bir-birlərini tamamladıqlarını diqqətə çatdırıb. Z.Əliyevanın insanpərvər və vətənpərvər şəxsiyyət olduğunu deyən Z.Quliyeva akademikin xəstə və tibb işçiləri arasında etik qaydalarla bağlı yazdığı nəşrin bu gün hər bir həkim üçün masaüstü kitab olduğunu bildirib.

Sonda partiyaya yeni üzv olan şəxslərə üzvlük vəsiqələri təqdim edilib.

Seçilən
5
Mənbələr
Şərh ()
Bağla