AZ

Kirayə mənzil bazarında qiymət artımı, bazardan çıxan evlər – Problemin həlli nədir?

“Kirayə mənzil bazarında boşluq və qiymət ucuzlaşması yay aylarında baş verir”

Bu sözləri Valyuta.az-a əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev kirayə mənzil bazarındakı qiymətlər haqqında danışarkən deyib. 

Ekspert bildirib ki, kirayə mənzil bazarında canlanma və qiymət artımı isə hər il avqust ayının 15-dən başlayaraq baş verir və sentyabrın sonuna qədər davam edir:

“Bu dövürdə həm əvvəlki illərdə universitetlərə qəbul olunmuş tələbələr, həm də yeni tələbələr Bakıya qayıdır və ev axtarmağa başlayır. Bu  zaman da ev qıtlığı səbəbindən qiymətlərdə bahalaşmalara səbəb olur.  Yay aylarında isə həm tələbələrin gerdönüşü, həm paytaxta iş üçün gələn insanların rayon və bölgələrə geri qayıtması kirayə mənzil bazarında boşluq yaradır. Bu da kirayə mənzil axtaran insanlara bir avantajdır. Onlar istədikləri mənzili tapa bilirlər”. 

 Elnur Fərzəliyev deyir ki, bu aylarda yeni tikilən binalarda daha baha olan kirayə mənzillərin qiyməti də ucuzlaşır:  

“Yeni tikili binalarda olan mənzillərin qiyməti köhnə binalarda olan mənzillərin qiymətindən daha bahadır və  bu da mənzillərin kommunal ödənişi ilə bərabər 10 faiz əlavə artım deməkdir”. 

Ekspert deyib ki, bütün bunlarla bərabər kirayə mənzil bazarında problemlər də var:

“Paytaxt ərazisində olan köhnə yaşayış binalarının bir çoxu istismar müddətini bitirib, bir hissəsi isə qəzalıdır. Bu da onu deməyə əsas verir ki, bu binalar artıq 2016-cı ildən başlayaraq Nazirlər Kabinetinin 86 nömrəli sərəncamı ilə mütəmadi olaraq sökülür. Bu zaman isə həmin binalarda olan kirayə mənzillər kirayə mənzil bazarından çıxmış olur. Həmin binalarda yaşayan digər sakinlər də onlara yeni mənzillər verilənə qədər, ortalama 2-3 illik kirayə çıxmalı olurlar.  Yeni baş plana görə 2040-cı ilə qədər istismar müddətini bitirən binaların bir çox hissəsi söküləcək. Yəni, yaxın gələcəkdə paytaxt ərazisində ucuz kirayəlik mənzil əlçatan olmayacaq”.  

Kirayə qiymətləri haqqında da danışan Elnur Fərzəliyrev deyib ki, kirayə verilən mənzillər ucuz deyil:

“Şəhərin mərkəzinə doğru olan ərazilərdə bir otaqlı mənzillərin kirayə qiyməti ortalama 400 manat civarındadır ki, bu da ölkədə minimum əmək haqqına bərabərdir. Yəni, ucuz kirayəlik mənzillər artıq əmlak bazarından yavaş-yavaş uzaqlaşdırılır. Bunun qarşısını almaq üşün isə yollar var. Tələbə yataqxanaları yenidən bərpa olunmalıdır. Mövcud olan tələbə yataqxanalarında uzun müddət idi ki, məcburi köçkünlər yaşayırdı. Daha sonra dövlət onların hər birini evlə təmin elədi.  İndi isə azad olunmuş ərazilərdə evlər tikilir və mərhələli şəkildə məcburi köçkünlər həmin ərazilərə köçürülür. Bu gün tələbə yataqxanaları yaşayış üçün yararsız olsa da, onların geniş əraziləri var. Həmin ərazilərdə yeni, müasir tələblərə uyğun  yataqxanalar tikilərsə,  tələbələr ev kirayəsi asılılığından qurtula bilər. Tələbələrin problemləri həll olunduğuna görə də digər şəxslər də rahat şəkildə kirayə mənzil tapa bilərlər”. 

Davud

Seçilən
17
Mənbələr
Şərh ()
Bağla