AZ

Oğlan uşaqlarının kişi kimi böyüməsində atanın rolu… - Sosioloq həyəcan təbili çalır

Gözəl bir deyim var: “Heç kim yaxşı ata olaraq doğulmaz, yaxşı ata olmaq səbr, sevgi işidir”. Bu gün cəmiyyətdə ən birinci problemlərdən biri ailədə ataların yeri, onların uşaqların, xüsusən də oğlan övladlarının tərbiyəsindəki roludur. Bir çoxlarının fikrincə, oğlan uşağının əsl kişi kimi böyüməsində ata faktoru vacibdir. Bəziləri isə bunu elə də önəmli saymır. Bəs reallıq nə deyir? 

Bu barədə sosioloq Rüfət İsmayılzadə bildirib.

Atalar və oğullar mövzusunun həmişə aktual olduğunu deyən sosioloq qeyd edib ki, amma zamanla bu mövzu bir az öz formatını dəyişib:

“Əgər ötən əsrin sonlarına qədər ailələrdə dominantlıq atanın əlində idisə, müasir zamanda bu dominantlıq anaya keçib. Analar təkbaşına övlad böyüdür, onun qayğısını çəkir, tərbiyə edir. Bu, başqa mövzudur. Belə ailələrdə böyüyən oğlan uşaqlarını bir qanadlı quşa bənzədirəm. Çünki oğlan uşağının tərbiyəsində ata faktoru çox önəmlidir.  Çox vaxt məndən “Yaxşı ata modeli necə olmalıdır?”, deyə soruşurlar. Qısa deyəcəm: bunun üçün övladı tanımaq, onu sevmək, başa düşmək, yeri gələndə özünü onun yerinə qoymaq lazımdır. Bir də ən əsası, uşaqla vaxt keçirtmək və ona boş vədlər verməmək lazımdır. Çünki hər bir ata oğlan uşağı üçün kişilik modelidir. Oğlanlar kişilik gücünü, rəqabəti, qalib gəlməyi, hətta məğlubiyyət duyğularını belə atayla öyrənirlər. 

Təəssüflər olsun ki, əksər kişilər özlərini ancaq atalıq iddiasında aparırlar, əslində isə onlar yalnız fizioloji atadırlar. Əsl atalıq təkcə uşağı həyata gətirmək deyildir. Bu, ailənə özünü həsr etmək, ona qarşı məsuliyyət daşımaq, ədalətli olmaq və onu sevmək deməkdir. Yalnız bu halda əsl kişi böyüdən sağlam ailədən danışmaq olar. Məhz o cür ailələr cəmiyyətin də sağlam təməli deməkdir”.

Seçilən
31
1
Mənbələr
Şərh ()
Bağla