AZ

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir

“Əmək

Bakı, 26 aprel, AZƏRTAC

“Agentlik tərəfindən hazırlanan rəqəmsal layihələr insan resurslarının fəaliyyətinin daha da yaxşılaşdırılmasında mühüm rola malik olacaq”.

AZƏRTAC xəbər verir ki, bu fikirləri ölkəmizdə yeddinci dəfə keçirilən Milli İnsan Resursları Forumunda açılışında çıxış edən Dövlət Məşğulluq Agentliyinin İdarə heyətinin sədri Mustafa Abbasbəyli qeyd edib.

O, ölkə iqtisadiyyatının inkişafında və dayanıqlı məşğulluğun təminatında işəgötürənlərin verdiyi töhfənin əhəmiyyətini qeyd edib, insan resurslarının idarə olunmasından danışaraq deyib ki, hər bir qurum ən yaxşı işəgötürən brendini formalaşdırmaqda maraqlı olmalı və öz işçi heyətinin əmək bazarının tələblərinə uyğun olaraq inkişaf etdirilməsinə diqqət yetirməlidir.

M.Abbasbəyli, həmçinin əmək bazarının data əsaslı təhlili və rəqəmsal ekosistemin yaradılması barədə də məlumat verib. Sədr bu sahədə ən önəmli alətlərdən biri olaraq “Əmək və məşğulluq” altsistemini qeyd edib və altsistemin kağız üzərində aparılan əməliyyatların rəqəmsal müstəviyə keçirilməsinə imkan yaratdığını vurğulayıb. “Məzunların məşğulluq reytinqi” platformasının həm gənclər, həm də işəgötürənlər üçün yaratdığı imkanlar barədə məlumat verib.

Eyni zamanda məlumat verilib ki, yaxın zamanda istifadəyə verilməsi nəzərdə tutulan “Məşğul şəxslərin reyestri”, “Məşğulluq xəritəsi”, BACAR, Peşələr atlası kimi rəqəmsal layihələr ölkənin əmək bazarının rəqəmsal ekosistemə keçidi və insan resurslarının fəaliyyətinin daha da yaxşılaşdırılmasında mühüm rola malik olacaq.

Bu dəfə "Birlikdən qazan" şüarı ilə keçirilən Milli İnsan Resursları Forumunda insan resursları sahəsində tanınmış rəhbər şəxslər, peşəkarlar, dövlət rəsmiləri, iş adamları və sahibkarlar iştirak ediblər.

Forumun panellərində “Top uğrunda mübarizə”, ikinci panel “Mərkəz xətti”, üçüncü panel isə “Oyundan kənar vəziyyət” mövzuları müzakirə edilib.

Seçilən
17
Mənbələr
Şərh ()
Bağla