AZ

Dünyada bir ilk: Cinsi təcavüzə məruz qalanlara...

Ukrayna prezidentinin həyat yoldaşı Yelena Zelenskaya müharibə zamanı rus əsgərləri tərəfindən cinsi təcavüzə məruz qalan qadınlara təzminat ödənişlərinin yaxın bir neçə həftə ərzində başlayacağını açıqlayıb.

Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, Y.Zelenskaya bunu ədalətin bərpası istiqamətində mühüm bir addım adlandırıb.

"Hüquqları pozulanlara, o cümlədən müharibə zamanı cinsi istismara məruz qalan qadınlara təzminat ödənilməsi təkcə iqtisadi dəstək deyil. Bu, ədalətin bərpası istiqamətində mühüm addımdır”, - deyə o bildirib.

Bu proqramla Ukrayna dünyada bir ilkə imza atacaq. Müharibə zamanı cinsi zorakılığa məruz qalmış 500-ə qədər ukraynalı qadına tibbi və psixoloji dəstək də daxil olmaqla təzminat ödəniləcək.

Layihəni donor hökumətlərin vəsaiti hesabına Ukrayna Qlobal Qurbanlar Fondu ilə birgə həyata keçirir.

Rusiya hərbçiləri tərəfindən cinsi zorakılığa məruz qalan ukraynalıların ümumi sayı məlum deyil. Çünki qadınların əksəriyyəti cinayətlər barədə məlumat vermir. Fond isə cinsi təcavüzə məruz qalan qadınların sayının minlərlə olduğunu bildirib.

“Mən hələ də gecələr yata bilmirəm"

Əsirlikdən azad edilən qadınlardan biri də Lyudmila Hüseynovadır. O, 2022-ci ilin oktyabrında 100 ukraynalı əsgərlərlə birlikdə əsirlikdən azad edilən 8 qadından biridir. Hüseynova 3 il Donetsk vilayətində separatçı qüvvələrin əlində əsir olub.

O, başına gələnləri belə nəql edib:

"Bir ildən artıqdır ki, əsirlikdən azad edilmişəm və hələ də gecələr yata bilmirəm. Mənə necə iyrənc şəkildə toxunduqlarını xatırlayanda yuxudan oyanıram”.

Hüseynova azadlığa çıxdıqdan sonra Dneprdəki hərbi xəstəxanaya aparılsa da, o, həkim heyətinin cinsi zorakılığa məruz qalan qadınlara qayğı göstərmədiyini deyib.

"Xəstəxana həddindən artıq dolu, işçilər isə az idi. Oradakı həkimləri qınamıram, amma mənim kimi birisinə baxmağa hazır deyildilər. Mənə necə yanaşacaqlarını, necə danışacaqlarını bilmirdilər. Bu isə mənə daha çox psixoloji zərər verirdi”, - deyə o, bildirib.

Hüseynovanın dediyinə görə, məhz bu təcrübə onu Qlobal Qurbanlar Fondu ilə işləməyə, cinsi zorakılıq qurbanlarının və hələ də həbsdə olan digər qadınların müdafiəçisi olmağa vadar edib.

Hüseynova ümid edir ki, cinsi zorakılıq qurbanlarının indi onun əldə edə bilmədiyi dəstək və anlayışa çıxışı var.

Vasif
BakuPost
Seçilən
24
Mənbələr
Şərh ()
Bağla