AZ

“TRT Avaz” telekanalı Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı yeni layihələrə dəstək olacaq

Ankara, 25 aprel, AZƏRTAC

Azərbaycanın Türkiyədəki səfirliyi nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi, “TRT Avaz” telekanalı ilə birgə ölkələrimiz arasında qardaşlıq əlaqələri və milli mədəniyyətimizin təbliği ilə bağlı layihələr həyata keçirəcək.

Səfirlikdən AZƏRTAC-a bildirilib ki, Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Ankarada “TRT Avaz” kanalının baş koordinatoru Sedat Sağırkaya ilə görüşüb.

“TRT Avaz” kanalının Türkiyə ilə yanaşı Azərbaycan və digər Türk dövlətlərində geniş izləyici kütləsinin rəğbətini qazandığını qeyd edən Sedat Sağırkaya, təhsil, mədəniyyət, incəsənət, elm, uşaq və ailə və s. sahələrdə verilişlərə üstünlük verdiklərini bildirib.

O, Türkiyədə Azərbaycan Mədəniyyət Mərkəzinin yaradılmasını yüksək qiymətləndirib, gələcəkdə mədəni əlaqələr, dostluq və qardaşlığın təbliği istiqamətində əməkdaşlıq, birgə layihələrin daha da genişləndirilməsinin mümkünlüyünü ifadə edib.

Azərbaycanla əlaqələrin mövcud vəziyyəti və əməkdaşlıq, Azərbaycan telekanalları ilə həyata keçirilən birgə layihələr barədə fikirlərini bölüşən Sedat Sağırkaya, Türk dünyasına dair ümumi tarixi, sənədli layihələr üzərində iş getdiyini, jurnalistlər üçün təlim proqramlarının reallaşdırıldığını bildirib.

Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, Prezident İlham Əliyevin Sərəncamı ilə Türkiyə səfirliyimizin nəzdində yaradılan Mədəniyyət Mərkəzinin iki ölkə arasında əlaqələrin daha da genişləndirilməsinə xidmət etdiyini vurğulayıb.

Azərbaycan-Türkiyə arasında dostluq-qardaşlıq əlaqələrinin inkişafına dəstək olaraq mədəniyyət sahəsində də çoxsaylı layihələr planlaşdırıldığını vurğulayan Mərkəz rəhbəri, “TRT Avaz”ı bir mədəniyyət kanalı olaraq “Türk coğrafiyasına və dünyaya açılan pəncərə” adlandırıb.

Samir Abbasov “TRT Avaz” proqramlarında Azərbaycan mədəniyyəti və tarixi ilə bağlı verilişlərin yayımlanması, Azərbaycan filmlərinin nümayişi, tanınmış Azərbaycan incəsənət xadimlərinin, musiqiçilərinin əyləncəli verilişlərdə qonaq qismində iştirakı, gələcəkdə Azərbaycan dilinin tədrisi ilə bağlı proqramların hazırlanması və s. birgə layihələrin həyata keçirilməsinə dair təkliflərlə çıxış edib.

O, bu il Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi və səfirliyin dəstəyi ilə verilişlər hazırlamaq məqsədilə Türkiyənin aparıcı telekanallarının, jurnalistlərinin Azərbaycana təşkil olunacaq mediaturunda “TRT Avaz” kanalının jurnalistlərinin də iştirak edəcəyini qeyd edib.

Görüşdə təkliflər, birgə layihələrin həyata keçirilməsinə dair müzakirələr aparılıb və razılıqlar olub.

Sonda “TRT Avaz” kanal koordinatörü Sedat Sağırkayaya Azərbaycan mədəniyyətinə dair "Salam Azərbaycan" adlı kitab hədiyyə olunub.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Seçilən
16
2
Mənbələr
Şərh ()
Bağla