AZ

Akademik Zərifə Əliyevanın rəhbərliyi ilə gənc alimlər və həkim-oftalmoloqlar nəsli yetişib

Naxçıvan, 26 aprel, AZƏRTAC

Aprelin 26-da görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın doğum günü münasibətilə Kəngərli rayonunun Şahtaxtı kənd tam orta məktəbində tədbir keçirilib.

Muxtar respublikanın Təhsil Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, tədbir iştirakçıları əvvəlcə görkəmli akademikin adını daşıyan məktəbin foyesindəki büstü önünə gül dəstələri qoyub, alimin həyat və fəaliyyətini əks etdirən muzeylə tanış olublar. Tədbirdə akademik Zərifə xanım Əliyevanın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Naxçıvan Muxtar Respublikasının təhsil naziri vəzifələrini icra edən, nazir müavini Elxan Nəcəfov, gənclər və idman naziri vəzifələrini icra edən, nazir müavini Məcid Seyidov, Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov, Şahtaxtı kənd tam orta məktəbinin direktoru, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Ehtimad Məmmədov çıxış edərək, görkəmli akademikin həyat və fəaliyyətindən danışıblar. Bildirilib ki, Azərbaycanın görkəmli alimi, tibb elmləri doktoru, professor, Əməkdar elm xadimi, akademik Zərifə Əliyevanın tibbin müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifələrini təşkil edir. 1981-ci ildə görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi-tədqiqat işlərinin uğurlu nəticələrinə və oftalmologiyanın inkişafına verdiyi töhfələrə görə akademik Zərifə Əliyevaya keçmiş Sovet İttifaqının oftalmologiya sahəsində ən mötəbər mükafatı olan SSRİ Tibb Elmləri Akademiyasının M.İ.Averbax adına mükafatı verilib. Zərifə xanım həmin mükafata layiq görülən ilk qadın alim idi.

Qeyd olunub ki, görkəmli alim 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-yə yaxın elmi işin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifi kimi tarixə düşüb. Zərifə xanım Əliyeva yüksəkixtisaslı kadrların hazırlanmasına da böyük əmək sərf edib. Onun rəhbərliyi ilə gənc alimlər və həkim-oftalmoloqlar nəsli yetişib. Oftalmoloq-alim xidmətlərinə görə orden və medallarla təltif olunub.

Vurğulanıb ki, Ümummilli Lider Heydər Əliyevin ömür-gün yoldaşı olan Zərifə xanım nəcib Azərbaycan qadını, vəfalı həyat yoldaşı, fədakar ana obrazının parlaq təcəssümüdür. Görkəmli alimin ömür yolu şagirdlərimiz üçün əsl nümunədir.

Tədbirin bədii hissəsində Şahtaxtı kənd tam orta məktəbinin şagirdləri Zərifə xanım Əliyevaya həsr olunan şeirlər söyləyiblər.

Seçilən
46
50
Mənbələr
Şərh ()
Bağla