AZ

Türkiyə bu barədə açıq mövqe nümayiş etdirdi – Ərdoğanın Azərbaycan ÇAĞIRIŞI

“44 günlük Vətən müharibəsindən sonra 10 noyabr sazişinin müzakirəsi zamanı qeyri-rəsmi şəkildə razılığa gəlinmişdi ki, Ağdamda Türkiyənin müşahidə məntəqəsi yaranmalıdır. Ona görə də Ermənistan və Azərbaycan arasındakı savaşın sülh yolu ilə həlli və atəşkəsə nəzarət mexanizmi üçün bu qurum yaradıldı”.

Bu barədə Yenicag.az– a açıqlamasında politoloq Azad Məsiyev söyləyib.

O, 30 yanvar 2021-ci ildən bəri Ağdamda fəaliyyət göstərən Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin fəaliyyətini dayandırmasına münasibət bildirib.
Politoloq qeyd edib ki, Türkiyə Cənubi Qafqazda, eyni zamanda, Ermənistanla Azərbaycan arasındakı savaşın yekunlaşmasında maraqlı olan dövlətdir.

“Bu baxımdan, Rusiya və Türkiyə arasındakı münasibətlərin yaxşı olması, hər iki dövlətin həm siyasi, həm də iqtisadi məsələlərdə ortaq dəsti-xətti regionda gedən proseslərə təsir etdi. Ümumilikdə Rusiya ilə Türkiyə arasındakı münasibətlərin yaxşı olması Ermənistan-Azərbaycan münasibətlərinin həllinə müsbət təsir etməkdədir”, – deyə o əlavə edib.

Onun sözlərinə görə, 44 günlük savaş prosesində Türkiyə Azərbaycana olan siyasi dəstəyini açıq şəkildə bəyan etdi:

“Hətta Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın bir çağırışı var idi ki, bu münaqişəyə kənar qüvvələr müdaxilə edərlərsə, qarşılarında Türkiyəni görəcəklər. Türkiyə burada açıq mövqe nümayiş etdirdi ki, gedən savaşa üçüncü tərəfin müdaxiləsi yolverilməzdir. Bu baxımdan, Türkiyə Azərbaycana siyasi və mənəvi dəstəyini əsirgəmədi”.

Az. Məsiyevə görə, atəşkəs əldə olunduqdan sonra məsələnin dinc həlli üçün sözügedən müşahidə qrupu yaradıldı:

“Qarabağda gedən proseslər barəsində məlumatın əldə edilməsi, habelə Türkiyənin məlumatlandırılması ümumi işin xeyrinə hesablanmış addım idi. Azərbaycan sentyabrdakı birgünlük anti-terror əməliyyatından sonra həm de-fakto, həm də de-yure Qarabağdakı separatçıların fəaliyyətini sona çatdırdı. Bununla əlaqədar, artıq sülhməramlıların Xankəndi və ətraf ərazilərdə yerləşməsinin heç bir məntiqi əsası qalmadı. Dövlət başçılarının razılığı ilə də sülhməramlı qüvvələrin vaxtından əvvəl Azərbaycanı tərk etməsi ölkəmizin apardığı siyasətin göstəricisi oldu. Azərbaycan tərəfi bildirdi ki, Qarabağda qalan azsaylı ermənilərin təhlükəsizliyinə Azərbaycan dövləti zəmanət verir və hüquq-mühafizə orqanları onların təhlükəsizliyinə qarant durur. Sülhməramlı qüvvələrin fəaliyyəti sona çatdıqdan sonra artıq Ağdamda yaradılmış müşahidə məntəqəsinin fəaliyyətinin heç bir məntiqi əsası yox idi. Bu proseslər yaranmış şəraitə uyğun qərarlaşır. Ona görə də monitorinq qrupunun qalmasının heç bir məntiqi yoxdur”.

Xatırladaq ki, Rusiya sülhməramlı kontingentinin vaxtından əvvəl bölgəni tərk etməsindən sonra sözügedən monitorinq mərkəzinin də fəaliyyətinin dayandırılması qərara alınıb.

Rafi Müslümov

Seçilən
21
Mənbələr
Şərh ()
Bağla