AZ

“Üçtərəfli bəyanat yeni yaranmış şəraitə görə xeyli dərəcədə öz aktuallığını itirib” – BMTM-nin aparıcı məsləhətçisi

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova dünən keçirdiyi brifinqdə bildirib ki, “Rusiya, Azərbaycan və Ermənistan arasında olan kompleks üçtərəfli razılaşmalar qüvvədədir”.

O, erməni jurnalistin “Rusiya Sülhməramlı Kontingentinin Qarabağdan çıxarılmasından sonra 10 noyabr 2020-ci il üçtərəfli bəyanatının qüvvədən düşməsi ilə bağlı sualına belə cavab verib: “Rusiya, Azərbaycan və Ermənistan liderlərinin kompleks üçtərəfli razılaşmaları öz aktuallığını qoruyub saxlayır. Tərəflərdən heç biri onlardan rəsmi şəkildə imtina etməyib”.

Üçtərəfli razılaşma hələ də qüvvədədirmi? Razılaşmada Naxçıvanla quru yolun açılması maddəsindən başqa icra olunası hansısa bənd qalıbmı? Bildiyimiz kimi, Ermənistan Zəngəzur yolunun açılmasına maneələr yaradır və açılaçağı təqdirdə həmin yola razılaşmada olduğu kimi rus sərhədçilərin deyil, özlərinin nəzarət edəcəklərini bildirir.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) aparıcı məsləhətçisi, siyasi şərhçi Mətin Məmmədli Herbiand.az-a deyib ki, bu, Rusiyanın mövqeyi idi. Təbii ki, Mariya Zaxarova öz dövlətinin mövqeyini ifadə edir:

“Amma hesab edirəm ki, əslində, üçtərəfli bəyanat xeyli dərəcədə öz aktuallığını itirib. İlk növbədə o səbəbdən ki, üçtərəfli bəyanatın bir çox bəndləri zamanında Ermənistan tərəfindən həyata keçirilmədi. Məsələn, erməni silahlı qüvvələrinin bölgədən çıxarılması,  o cümlədən hələ də öz aktuallığını qoruyub saxlayan Azərbaycanın şərq rayonları ilə Naxçıvan arasında regional kommunikasiyaların açılması və digər məsələlər. Yəni, üçtərəfli bəyanatın Ermənistanın öz öhdəliklərini yerinə yetirməməsi səbəbindən faktiki olaraq aktuallığını xeyli dərəcədə itirdiyini deyə bilərik. Düzdür, tərəflər formal olaraq bəyanatdan imtina etməyib. Lakin qeyd etdiyimiz kimi, yeni yaranmış şərait, baş verən hadisələr belə düşünməyimizə əsas verir ki, üçtərəfli bəyanat xeyli dərəcədə öz aktuallığını itirib”.

BMTM aparıcı məsləhətçisinin sözlərinə görə, Rusiya hərbçilərinin Azərbaycanın şərq rayonları ilə Naxçıvan arasındakı kommunikasiya əlaqəsinə nəzarət etməsinin Ermənistan tərəfindən narazılıq etməsi məsələsinə gəldikdə isə əslində belədir ki, Rusiyanın həmin kommunikasiya xətti üzərində təhlükəsizliyinin təmin olunması üçtərəfli bəyanatda qeyd olunub:

“Amma Ermənistan faktiki olaraq bu məsələdən imtina edir. Azərbaycan logistik xəttin açılmasını birmənalı olaraq Ermənistandan tələb edir. Bu Ermənistanın vaxtilə üzərinə götürdüyü öhdəlikdir. Amma digər məsələlər artıq daha çox Azərbaycan-Ermənistan münasibətlərinə deyil, Ermənistanla Rusiya arasında olan məsələlərə aiddir, məsələn logistik xəttin təhlükəsizliyi. Əslində biz istərdik ki, həmin logistik xəttin təhlükəsizliyi daha çox beynəlxalq mexanizmlərlə təmin olunsa daha uyğun olardı. Amma əsas odur ki, Ermənistan nəhayət, vaxtilə üzərinə götürdüyü öhdəliyi yerinə yetirsin. Əks halda regional kommunikasiyaların açılması baş verməyəcək və bundan da ən çox itirən tərəf yenə Ermənistan olacaq. Ona görə, Ermənistan hakimiyyəti bunu nəzərə almalıdır”.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
21
Mənbələr
Şərh ()
Bağla