AZ

Diplomatiyamızın növbəti QƏLƏBƏSİ: “Sülhə bir addım daha yaxınlaşdıq”- Millət vəkili

“4 kəndinin qeyri-şərtsiz Azərbaycana qaytarılması ilə bağlı əldə edilmiş razılıq diplomatiyamızın növbəti qələbəsi kimi qiymətləndirilməlidir. Azərbaycan Prezidenti İlham Əliyev məhz anklav olmayan 4 kəndin qeyri-şərtsiz qaytarılmasının vacib olduğunu bildirirdi. Digər 4 kəndin isə yaradılmış xüsusi kommisiyalar tərəfindən geri qaytarılması məsələsinin həll olunması variantını təklif edirdi. Belə də oldu, Azərbaycan öz istəyinə çatdı”.

Bu fikirləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.

Millət vəkilinin sözlərinə görə, 4 kəndin qeyri-şərtsiz Azərbaycana qaytarılması ilə iki ölkə sülhə 1 pillə də yaxınlaşdı:

“Ekspertlər söyləyirdilər ki, əgər aprel ayının sonuna  qədər kəndlərin geri qaytarılması ilə bağlı hər hansı razılıq olmayacağı təqdirdə güc tətbiq etməklə Azərbaycan kəndlərini geri qaytara bilər, qaytaracaq. Bu variant mövcud idi. Ancaq Azərbaycan ilk gündən hərbi əməliyyatların keçirilməsinə, güc tətbiq edilməsinə müsbət yanaşmırdı və düşünürdü ki, Ermənistan 3 il yarım ərzində dəfələrlə törətdikləri təxribatlardan sonra onlara verilmiş dərsdən düzgün nəticə çıxartmalıdır. Xüsusilə də 2023-cü ilin sentyabr ayının 19-20-si tarixində keçirilmiş antiterror tədbirləri zamanı ermənilər baş vermiş hadisələrdən düzgün dərs çıxaracaqları təqdirdə yenidən hərb yolu üçün hər hansı zəmin yaratmaqdan qaçılmalı idi. Belə də oldu. Ermənilər gec-tez reallığı dərk etdilər. Ancaq bütün bunlara baxmayaraq hələ də toqquşma və münasibətlərin gərginləşməsi ehtimalı qalmaqdadır. Çünki Qərb, xüsusilə də Fransa Ermənistanı silahlandırmaqdan əl çəkmir. Bu da Ermənistanın yenidən Azərbaycana qarşı qızışdırılması kimi dəyərləndirilir. Bunlara baxmayaraq Azərbaycan bütün variantlar üçün hazırdır, Ermənistanın da sülh prosesinə real töhfələr verəcəyi təqdirdə proseslərin sürətli şəkildə davam etdirilməsi, sərhədlərin delimitasiya və demakrasiyası işinin uğurla həyata keçirilməsini dəstəkləyəcək. Ermənistan tərəfindən Azərbaycanın Zəngilan rayonu ilə Naxçıvan ərazisində quru əlaqələrinin yaradılmasının qarşısının alınmasını da heç cür qəbul etmir. Üçtərəfli bəyanatın müddəalarına əsasən Ermənistan bu öhdəliyini qeyri-şərtsiz yerinə yetirməlidir. Təəssüflər olsun ki, rəsmi İrəvan bu öhdəliyini yerinə yetirməkdən boyun qaçırır”.

N. Həmzəyev bildirib ki, 4 kəndin geri qaytarılmasından sonra anklav olan kəndlərin taleyinin həll edilməsi, xüsusilə də Naxçıvanın kəndinin geri qaytarılması, bununla yanaşı, Nüvədi kəndi ilə bağlı da kommisiyalar arasında müzakirələrin olması çox vacib və zəruridir:

“1991-ci ildə Nüvədi kəndindən azərbaycanlılar aldadılaraq məcburi şəkildə çıxarılıb. Həmin ərazilər Ermənistanın nəzarətinə keçib. Onlar tezliklə Azərbaycana qaytarılmalıdır. Zəngilanla Naxçıvan arasında quru sərhədləri və dəmiryol xəttinin işə düşməsi məsələsi də öz həllini tapmalıdır. Bu halda münaqişənin alovlanması, hər hansı  bir güc tətbiqetmə və problemin həlli arxa plana keçəcək, danışıqlar masasında bütün mübahisəli məsələlər öz həllini tapacaq. Sadəcə zamana ehtiyac var, biz isə zamanın çox getməsini istəmirik. Ən qısa zamanda Ermənistanı ciddi qərar verərək bütün öhdəlikləri yerinə yetirməkdə səmimi olmağa çağırırıq .

//Gülnarə Abasova, Editor.az

Seçilən
42
Mənbələr
Şərh ()
Bağla