AZ

Çin kosmosa yeni astronavtlar göndərir

Çin

Bakı, 26 aprel, AZƏRTAC

Çinin “Tyanqun” (Səma sarayı) kosmik stansiyası tam fəaliyyətə başladıqdan sonra ilk ekipaj dəyişikliyi üçün üç astronavt uğurla kosmosa göndərilib.

AZƏRTAC xəbər verir ki, “Long March 2F” tipli raketdən istifadə edərək, astronavtların olduğu “Şençjou 16” (Sehrli gəmi) kosmik gəmisi Çinin şimal-qərbindəki Qobi səhrasındakı Jiuquan peyk buraxılış mərkəzindən havaya qalxıb. Bu üç astronavt kosmosda altı ay qalmış həmkarlarını əvəz edəcək.

Astronavtlar kosmik stansiyada müxtəlif təcrübələr aparacaqlar. Digər işlərlə yanaşı, kosmosda heyvan həyatı haqqında daha çox öyrənmək üçün balıqlarla, o cümlədən kiçik canlılar və həşəratlarla təcrübələr planlaşdırılır. Ekipajın komandiri Ye Quanfu yola düşməzdən əvvəl Çin dövlət televiziyasında deyib: “Bu dəfəki vəzifələrimizdən biri kosmosda balıq yetişdirməkdir”.

Çin mətbuatında “üç otaqlı mənzil” kimi xatırlanan “Tyanqun” kosmik stansiyasının çəkisi 100 tondur ki, bu da Beynəlxalq Kosmik Stansiyadan (BKS) təxminən dörd dəfə azdır.

Çin hökuməti iddialı kosmik proqram həyata keçirir. Dövlət lideri Si Cinpin bildirib ki, onun məqsədi Çin Xalq Respublikasını böyük kosmik gücə çevirməkdir. Ölkə artıq Marsa bir rover, Aya isə zondlar göndərib. Çin dövləti təxminən on ildən sonra Marsa adam göndərmək və planetdə baza yaratmaq niyyətindədir.

Seçilən
87
6
Mənbələr
Şərh ()
Bağla