AZ

Milli Oftalmologiya Mərkəzinin Dəmiryolu Səyyar Klinikası Balakəndə

Milli

Balakən, 26 aprel, Mustafa Dadaşov, AZƏRTAC

Səhiyyə Nazirliyi və Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin birgə təşəbbüsü ilə Dəmiryol Səyyar Klinikası aprelin 26-da Balakən rayonu sakinləri üçün tibbi aksiyaya start verib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, iki gün davam edəcək aksiyanın məqsədi rayon sakinlərinin gözlərini erkən müayinə-müalicə etmək, onların səhhətləri ilə bağlı problemlərinin həllinə kömək göstərməkdir.

Müayinələr əsasında göz xəstəlikləri ilə bağlı ümumi nəticələr əldə edilərək həkim kollektivinin müzakirəsinə verilir. Eyni zamanda, mərkəzin yüksəkixtisaslı həkimləri tərəfindən aparılan müayinələr zamanı gözündə ciddi problem aşkarlanan və ya çətin əməliyyat tələb olunan pasiyentlərin Milli Oftalmologiya Mərkəzinə gəlmələrinə şərait yaradılacaq.

Səyyar Klinikanın baş həkimi Elçin Həsənovun sözlərinə görə, Səhiyyə Nazirliyi və Milli Oftalmologiya Mərkəzi tərəfindən davamlı olaraq respublikanın müxtəlif regionlarında, ucqar şəhər və rayonlarda təşkil edilən belə humanitar aksiyaların əsas məqsədi erkən diaqnostika və müayinələr aparmaqla korluğa səbəb olan göz xəstəliklərini öncədən məyyənləşdirib müalicə etmək, korluğun qarşısını almaqdır.

Humanitar aksiyanın əhəmiyyətini yüksək qiymətləndirən Balakən rayonunun İtitala kənd sakini, şəhid anası Zalxa Əliyeva AZƏRTAC-ın bölgə müxbirinə deyib: “Bir ildən çoxdur ki, gözümdə problem yaranıb. Sol gözüm zəif görür. Bakıya gedib yoxlatmağa vaxt tapa bilmirdim. Yaxşı oldu ki, həkimlər özləri Balakənə gəldilər. Məni diqqətlə müayinə etdikdən sonra müalicə təyin etdilər, eynək taxmağımı məsləhət gördülər”.

Rayon sakini, 88 yaşlı Şirin baba isə 2 il əvvəl gözündən əməliyyat olunub. “Eşidəndə ki, Milli Oftalmologiya Mərkəzinin həkimləri Balakənə gələcək, çox sevindim. Səyyar klinikaya müraciət etdim, məni müayinədən keçirdilər. Belə aksiyaların davamlı olmasını arzulayıram”, - deyə o qeyd edib.

Müayinələrdə iştirak edən şəhid qardaşı Xəlil Ağayev və digər vətəndaşlar da onlar üçün yaradılan şəraitə görə aksiyanın təşkilatçılarına minnətdarlıqlarını bildiriblər.

Həkim-oftalmoloq Elsevər Həmidov AZƏRTAC-ın bölgə müxbirinə açılqmasında bildirib ki, müraciətlər bütün göz xəstəlikləri ilə bağlı olur. Aparılan müayinələr zamanı gözündə ciddi problem aşkarlanan pasiyentlərə müalicələrin davam etdirilməsi üçün tövsiyələr verilir. Həkimin sözlərinə görə, erkən diaqnostika və müayinələr aparmaqla korluğun qarşısını almaq mümkündür.

Qeyd edək ki, Səhiyyə Nazirliyi və Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin birgə təşəbbüsü ilə respublika rayonlarının əhalisinə xidmət göstərmək üçün 2005-ci ildə Avtomobil Səyyar Klinikası, 2018-ci ildən isə Mərkəzin Səyyar Qatarı fəaliyyətə başlayıb. Səyyar klinikanın fəaliyyətinin əsas məqsədi pasiyentlərin vaxtında müayinə olunaraq səhətlərindəki problemlərin yerindəcə müalicə edilməsidir. Klinikanın təcrübəli və xaricdə ixtisas keçmiş həkim-oftalmoloqları bütün bu prossesləri yerinə yetirmək bacarığına sahibdirlər.

Seçilən
41
Mənbələr
Şərh ()
Bağla