AZ

Dubayın vəliəhdi “Dubai Reefs”in açılışını edib

Bakı, 26 aprel, AZƏRTAC

Dünyanın ən böyük dəniz mühafizəsi təşəbbüsü kimi xarakterizə edilən “Dubai Reefs” bu gün Dubayın vəliəhdi Şeyx Həmdan bin Məhəmməd Əl Maktum və amerikalı sərmayəçi Rey Dalio tərəfindən açılıb.

AZƏRTAC xəbər verir ki, “Dubai Can”ın təşəbbüsü ilə yaradılmış süni rif 600 kvadrat kilometrdən çox ərazini əhatə edir ki, bu da 85 min futbol meydançasına bərabərdir.

Şeyx Həmdan rəsmi “Instagram” səhifəsindəki paylaşımında unudulmaz açılış sevincini bölüşüb. “Bu layihə Dubayın davamlı inkişafa sadiqliyini nümayiş etdirir və qlobal ekoloji layihələr üçün model rolunu oynayır”, - deyə Dubayın vəliəhdi bildirib.

Rey Dalio okean iqlim dəyişikliyi və onun dəniz ekosisteminə təsirləri haqqında ictimaiyyətin məlumatlılığının artırılması üzrə fəaliyyət göstərir. O, son illərdə “Titanik” filminin yaradıcısı Ceyms Kemeronla birlikdə okean kəşfiyyatını dəstəkləmək və cəlbedici media vasitəsilə Yer üzündəki hər kəsə məlumat çatdırmaq üçün nəzərdə tutulmuş “OceanX” layihəsini başladıb.

“Dubai Reefs” təşəbbüsü çərçivəsində 20 min süni rif modulunun quraşdırılması hesabına 400 min kubmetrdən çox rif yaradılacaq. Layihə 2024-2027-ci illər arasında dörd mərhələdə həyata keçiriləcək.

Şeyx Həmdan əlavə edib: “Dubay rifləri dəniz biomüxtəlifliyi, planetimizin sağlamlığı və iqtisadi rifah üçün çoxlu faydalar vəd edir”.

Layihənin əsas xüsusiyyəti ekoloji cəhətdən təmiz qida istehsalı texnologiyası olan regenerativ dəniz kənd təsərrüfatı olacaq. Qeyd edildiyi kimi, bu, Dubay üçün, eləcə də dəniz səviyyəsinin qalxması riski olan digər sahil şəhərləri üçün vacibdir.

Tərtibatçının düşündüyü “Dubai Reefs” layihəsi Dubayı dənizin və qurunun ahəngdar şəkildə inkişaf etdiyi ekoloji cəhətdən təmiz məkana çevirəcək. Digər sahil şəhərlərinin də bu təşəbbüsü qəbul etmək istəyəcəyi gözlənilir.

Seçilən
14
Mənbələr
Şərh ()
Bağla