AZ

Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB

Füzuli, 26 aprel, Aydın Yavərzadə, AZƏRTAC

Füzuli şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Bu gün növbəti köç karvanı ilə Füzuliyə çatan ailələrə yeni mənzillərinin açarları təqdim olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 39 ailə olmaqla, 140 nəfər Füzuli sakini doğma yurduna qovuşub.

Yeni köçən ailələrə ANAMA-nın əməkdaşları tərəfindən mina və partlamamış silah-sursatların təhlükəsi barədə ətraflı məlumat verilib. Naməlum əşyalar və cisimlərdən uzaq durmaları və belə hallarla qarşılaşdıqları zaman müvafiq qurumlara xəbər vermələri tövsiyə olunub.

Açarların təqdim edilməsi mərasimində Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri və digər şəxslər iştirak ediblər.

Ailələr sevinc hissi ilə mənzillərinin açarlarını təhvil alaraq, yeni evlərində məskunlaşıblar.

Qarşıdakı günlərdə Füzuli şəhərinə ailələrin köçürülməsi davam edəcək.

13:41

Bu gün səhər saatlarında Bakı şəhərinin Qaradağ rayonundan və respublikanın müxtəlif bölgələrindən yola salınan növbəti köç karvanı Füzuli şəhərinə çatıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Füzuli şəhəri doğma sakinlərini qarşılamağa davam edir.

Bu gün 39 ailə olmaqla, 140 nəfər Füzuli sakini - Bakı şəhərindən 25 ailə (89 nəfər), Abşeron rayonundan 6 ailə (22 nəfər), Sumqayıt şəhərindən 4 ailə (11 nəfər), Füzuli rayonundan 2 ailə (11 nəfər), Gəncə şəhərindən 1 ailə (5 nəfər), Qazax rayonundan 1 ailə (2 nəfər) öz yurduna qovuşub.

Köç karvanı respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət olub.

Bakı və Sumqayıt şəhərlərindən, Abşeron rayonundan köçürülən ailələr Qaradağ rayonu “Qobu Park-3” köçkün şəhərciyində yola salınıb, Gəncə şəhəri, Füzuli və Qazax rayonundan yola salınan ailələr isə Füzuli rayonunun Əhmədbəyli kəndində köç karvanına qoşularaq bir yerdə hərəkət ediblər.

Füzuli şəhərinə çatan ailələr böyük coşqu ilə qarşılanıblar, onlar doğma yurda qovuşmağın sevincini yaşayıblar.

Bununla da Füzuli şəhərində 783 ailənin, yəni 2979 nəfərin məskunlaşması təmin edilib.

Seçilən
53
12
Mənbələr
Şərh ()
Bağla