AZ

Turinə yox, San Pauluya yollanacaq

Bir neçə gün əvvəl Felipe Andersonun yayda “Latsio”dan ayrılacağı məlum olmuşdu. Braziliyalı hücumçunun karyerasını İtaliyada davam etdirmək şansı yüksək dəyərləndirilirdi.

Bunu iddia edən Fabritsio Romano onun “Yuventus”a keçidə yaxın olduğunu bildirmişdi. Tanınmış insayder 31 yaşlı futboçunun Roma klubu ilə müqaviləsini yeniləməmək qərarına gəldiyini demişdi. Romano Felipe Andersonun Turin klubu ilə 4 illik müddətə anlaşdığını və onun ilə 4 milyon avro məvacib alacağını da bildirmişdi.

Lakin bu xəbər doğru çıxmayıb. Daha doğrusu, braziliyalı futbolçu son anda “Yuventus”un təklifini qəbul etməyib. O, ailə vəziyyətini əsas gətirərək vətəninə yollanmağa üstünlük verib. Felipe Andersonun artıq “Palmeyras” ilə anlaşdığını da ilk növbədə insayder Romano bildirib. Çox keçmədən San Paulu klubu da onunla iyulun 1-də azad agent statusu qazanandan sonra müqavilə bağlanacağını bəyan edib. Rəsmi məlumatda anlaşmanın müddətinin 2027-ci il dekabrın 31-dək razılaşdırıldığı da bildirilib.

Qeyd edək ki, Felipe Anderson “Santos”un yetirməsidi. O, bu komandada 2010-13-cü illərdə çıxış edəndən sonra Avropaya üz tutub. Bu qitədə əvvəlcə 5 il “Latsio”nun formasını geyib. Sonra üç il “Vest Hem”ə məxsus olub və bu klubun oyunçusu kimi icarə əsasında bir mövsüm “Portu”da oynayıb. 2021-ci ildə “Latsio”ya qayıdan braziliyalı bu mövsüm A seriyasında meydana çıxdığı 33 oyunda 5 qol vurub.

Seçilən
21
Mənbələr
Şərh ()
Bağla