AZ

Paşinyan Azərbaycana gələcək – Səfər bu əhəmiyyətli tədbir zamanı baş tuta bilər

““Azərbaycan son dövrlərdə ciddi cəhdlə və bütün imkanlarını səfərbər edərək, Ermənistanla sülh müqaviləsinin imzalanmasına cəhd edir.”

Təbiidir ki, Azərbaycan öz haqlı və ədalətli mövqeyini ortaya qoyur. Azərbaycanın əsas istəklərindən biri bölgə ölkələrinin mehriban qonşuluq prinsipləri əsasında yaşaması, eyni zamanda, Cənubi Qafqazda daimi və dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunmasıdır. Bütün bu istəklərin açarı Ermənistanla sülh müqaviləsinin imzalanmasıdır”.

Bu sözləri Yenicag.az-a açıqlamasında siyasi analitik Sahil Kərimli deyib.

O, Ermənistanın Baş naziri Nikol Paşinyanın Azərbaycana səfər edəcəyi ilə bağlı erməni mətbuatı tərəfindən yayımlanan məlumatlara münasibət bildirib.

Politoloq əlavə edib ki, əgər İrəvan bu gün Azərbaycanın irəli sürdüyü mövqeyi və şərtləri qəbul edərsə, eləcə də Azərbaycanla sülh müqaviləsi imzalayarsa, təbiidir ki, burada gələcək əməkdaşlığın təməli qoyulacaq.

“Burada həmçinin iqtisadi əməkdaşlıqdan söhbət gedə bilər. Çünki Ermənistan iqtisadi cəhətdən dalana dirənmiş, tənəzzülə uğramış bir ölkədir ki, İrəvanın yeganə xilası bölgə ölkələri ilə iqtisadi əməkdaşlıq qurmaqdan keçir. Burada da əsas hərəkətverici qüvvə Azərbaycandır”, – deyə o bildirib.

Onun sözlərinə görə, əgər Ermənistanla münasibət normallaşarsa, habelə sülh müqaviləsi imzalanarsa, Ermənistanın baş nazirinin COP29 tədbiri çərçivəsində ölkəmizə səfər etməsi qeyri-adi bir hal kimi qarşılanmamalıdır:

“Ümid edirik ki, COP29 kimi nəhəng bir tədbirin keçirilməsinə qədər bu proses baş verəcək. Belə olduğu təqdirdə, yəni beynəlxalq əhəmiyyətli bir tədbir keçiriksə, eləcə də nüfuzlu bir tədbirə ev sahibliyi ediriksə, burada Ermənistana, yaxud başqa bir ölkəyə fərq qoymaq düzgün olmazdı. Məlum olduğu kimi, Azərbaycan dövləti tərəfindən COP29-la bağlı bir çox ölkələrin rəhbərlərinə rəsmi dəvət olunub. Qısacası, sadaladığım nüanslar baş tutarsa, Nikol Paşinyan COP29 tədbirləri çərçivəsində Azərbaycana səfər edərək, öz ölkəsini burada təmsil edə bilər”.

Rafi Müslümov

Seçilən
22
Mənbələr
Şərh ()
Bağla