AZ

Vidadi Rzayev “Qəbələ”nin elitanı tərk etməsini istəmir

“Onsuz da “Bakı”, “Xəzər Lənkəran”, “İnter” kimi komandaları itirdik”

Ölkədə ən yaxşı infrastruktura malik klublardan birinin - “Qəbələ”nin taleyi narahatlıq doğurur. İnfrastruktur, akademiya baxımından üstün komandanın elitanı tərk etməsi sadaladığımız sahələrə ciddi zərər yetirəcək.

Qəbələ təmsilçisini elitada saxlamaq üçün bir sıra variantlar səsləndirilsə də, idman prinsipinin pozulmaması naminə bunun mümkünsüzlüyü bildirilir. Amma “Kəpəz” kimi bəzi komandaların ev oyunun bir dəfə Tovuzda, bir dəfə Qəbələdə, bir dəfə də Bakıda keçirməsini idman prinsiplərinin pozulması sayanlar da var. Bu üzdən də “Qəbələ”nin elitadan qalmasının və növbəti mövsüm üçün klubların sayı artırılacağı təqdirdə bölgə təmsilçisinə toxunulmamasının vacibliyini deyirlər. Hazırda stadionu təmirdə olan, ev oyunlarını fərqli stadionlarda keçirən komanda “Kəpəz”di. Deməli, Gəncə təmsilçisi də hansısa mənada idman prinsiplərini pozur. Bu məsələyə münasibətini öyrənmək üçün veteran futbolçu Vidadi Rzayevə müraciət etdik:

“Orda idman prinsipləri pozulmur. Belə durumda olan “Kəpəz”di. Onun da stadionu təmir olunduğu üçün ev oyunlarını başqa stadionlarda keçirmək məcburiyyətindədi. Burda heç bir idman prinsiplərinin pozulmasından söhbət gedə bilməz. Stadion hazır olandan sonra “Kəpəz” də öz meydançasına qayıdacaq. Sadəcə, azarkeş qıtlığı olur. Onsuz da futbolumuzda azarkeş qıtlığı var”.

Gəncəli futbol adamı həm də “Qəbələ”nin elitada qalmasının tərəfdarı olduğunu bildirdi:

“Qəbələ”nin də elitadan getməsinə gəlincə, onsuz da əvvəlki rəhbərliyin dönəmində “Bakı”, “Xəzər Lənkəran”, “İnter” kimi komandaları itirdik. Bunlar köklü klub ola bilərdi. Doğrudu, “İnter”in adını sonradan dəyişib “Keşlə”, “Şamaxı” etdilər. Niyə belə etdiklərini bilmədim. Amma “Bakı”, “Xəzər Lənkəran” kimi komandaları itirmək Azərbaycan futbolu üçün yolverilməz hadisə idi. Həmin komandaları qorumalıydılar, çünki hər cür şəraiti var idi. “Bakı”nın bazasını gördüm, vallah, ürəyim ağrıdı. O cür bazanı məhv etdilər, indisə onun yerində bina tikirlər. Təbii ki, həmin komandaları bərpa etmək olar. Amma sıfırdan iş görülməlidi. Bu, belə olmamalıydı. Bu səbəblərə görə “Qəbələ”nin elitanı tərk etməsini istəmirəm. İdman prinsiplərini sevən biriyəm. “Qəbələ” prinsipcə elitadan getməlidi. Sadəcə, onun əsas liqadan çıxması indiki şəraitə uyğun deyil. Tutaq ki, “Qəbələ” premyer-liqanı tərk etdi, bəs onun yerinə kim gəlməlidi?Bunun üçün aşağı liqaların səviyyəsi yüksəldilməli, infrastrukturu yaxşı olmalıdı. Aşağı liqalarda şəraitsiz yerlərdə futbol oynayırlar. Bunun bərpası da çox vaxt aparacaq. Bir-iki düzələcək işlər deyil. Futbolun içində olan biri kimi deyirəm bu hardasa 7 ilə gəlib çıxır. 2015-21-ci illərdə aşağı divizionda limit məsələsi qoyuldu. 21 yaşlı oyunçulara artıq “yaşlı futbolçu” adı qoyuldu. Guya 21 yaşdan sonra futbolçu artıq inkişaf etməyəcək. Həmin ərəfədə çoxlu yerli futbolçu itib-batdı. Yeni rəhbərliyə uğurlar arzulayıram. İndidən heç bir qiymət verə bilmərəm. Çətin görünür. Çox vaxt aparacaq”.

KAMAL SƏFƏR
Seçilən
38
Mənbələr
Şərh ()
Bağla