AZ

Çexiya 2025-ci ildə 20 ölkədən neft alacaq

Çexiya

Bakı, 26 aprel, AZƏRTAC

2025-ci ildə TAL neft kəmərinin imkanları genişləndirildikdən sonra Çexiya Rusiyadan neft asılılığından qurtulacaq.

AZƏRTAC Novinky.cz portalına istinadla xəbər verir ki, bu barədə XTB beynəlxalq investisiya şirkətinin analitiki İrji Tıleçek deyib.

“2025-ci ildə TAL neft kəmərinin ötürmə qabiliyyəti artırılacaq. Kəmər vasitəsilə tədarükün böyük hissəsini həyata keçirən Azərbaycan, Qazaxıstan, ABŞ və İraq Çexiyaya neft tədarükündə dominantlıq edən Rusiyanı əvəzləyəcək”, - deyə İrji Tıleçek bildirib.

Portalın məlumatına görə, gələn ildən başlayaraq TAL boru kəməri ilə Çexiyaya hər il təxminən 4 milyon ton neft idxal ediləcək. 2025-ci ilədək isə Rusiya Çexiyaya əsas neft tədarükçüsü olaraq qalacaq. Ötən il respublikaya “qara qızıl” tədarükündə Rusiya neftinin payı 58 faiz olub.

Eyni zamanda, Çexiya 2023-cü ildə Azərbaycandan neft tədarükünü 2022-ci illə müqayisədə 3,3 faiz artırıb ki, bu da ümumilikdə idxal olunan neftin 26,5 faizinə bərabərdir. Ölkəyə üçüncü ən böyük neft tədarükçüsü Qazaxıstandır və son iki ildə Çexiya neftin 10 faizini bu ölkədən alıb. Ölkəyə Amerika neftinin tədarükü isə 2 faiz təşkil edib.

Seçilən
8
Mənbələr
Şərh ()
Bağla