AZ

“Gəncə”nin baş məşqçisi: Futbolu da basketbol qədər izləyirəm

“Gəncə”nin

Bakı, 26 aprel, AZƏRTAC

“Gəncə adına uğura sevinmək istəyiriksə, bir olmalıyıq”.

AZƏRTAC xəbər verir ki, bu sözləri “Gəncə” basketbol komandasının baş məşqçisi Bedri Meriç klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Türkiyəli mütəxəssis futbolu uşaqlıqdan sevdiyini bildirib: “Futbol mənim ehtirasımdır. 12-13 yaşlarımdan yarışlarda oynayırdım. Sonradan potensialımın basketbola daha uyğun gəldiyini görüb məşqçilərin də qərarı ilə idman növünü dəyişdim. Futbol oyunlarını izləməyə, azarkeş olaraq dəstəkləməyə davam edirəm. Hər zaman sevdiyim işdir. Deyərdim ki, futbolu da basketbol qədər izləyirəm”.

O, “Kəpəz” komandasının Premyer Liqadakı oyunlarını izlədiyini söyləyib: “Gəncə mənim üçün doğmalaşıb. Buranı çox sevirəm. Bu şəhəri təmsil edən komandaları dəstəkləyirəm. Azarkeşlik mövzusunda həssas biriyəm. Vaxtında çılğın azarkeşlik etmişəm. Bu, həm də ondan irəli gəlir. “Kəpəz”in futbolçuları bizim komandanın oyunlarına dəstək üçün gəlirlər. Bizim də borcumuz onların matçlarına getməkdir. Qəbələdə və Tovuzda stadiondan “sarı-göylər”i izləmişəm. Evdə televizorda da baxıram”.

B. Meriç “Kəpəz”in futbolçusu Olavale Onanuqa ilə münasibətlərinin yaxşı olduğunu deyib: “Onunla qapı bir qonşuyuq, hər ikimiz idman sahəsində çalışırıq deyə eyni sahənin adamlarıyıq. Sözümüz-söhbətimiz tutur. Həm çox yaxşı oğlan, həm də futbolçudur. İşinin peşəkarıdır. Məni stadionda gördükdən sonra o da bizim oyunlara gəlməyə başladı. Davamlı olaraq idmandan danışırıq. Mənim meydançada həyatda göründüyümdən daha fərqli olduğumu bildirir. Bəzən aqressiv ola bilərik, çünki məşqçi işi belədir. Oyunlarda məşqçilər özlərini unudurlar (gülür). İnanıram ki, Onanuqa “Kəpəz”ə uzun illər layiqli xidmət edəcək”.

41 yaşlı çalışdırıcı Türkiyədə azarkeşlik etdiyini komandanın adını da açıqlayıb: “Beşiktaş” fanatıyam. Ətrafımda olanların böyük əksəriyyəti “Qalatasaray”a azarkeşlik edir (gülür). Mən 1996-cı ildə “Çarşı” qrupunun üzvü oldum. O vaxtlar bu qrup elə də aktiv deyildi. “Çarşı”nın özəlliyi həyatın bütün sahələrində insanlara dəstək olmasıdır. Sosial qrupdur, məqsədi ehtiyacı olanlara yardım etməkdir. Mən həmişə bu işin içində olmuşam. Bu gün Gəncədə olsam da, dəstək verməkdə davam edirəm. Qrupdan kənarda, uzaqda olmağım fərq etmir, bağlılığımız var. “Xəmsə” və “Kəpəz Ultras” qrupları var, onlar da yəqin ki, sosial həyatda da fəaliyyətdədirlər. Bu, doğru olan işdir”.

Onun sözlərinə görə, vaxtilə ölkəsində “Kəpəz” adlı komandada oynayıb: “Təəssüf ki, ürəyimdəki problemlərə görə peşəkar karyeramı tez başa vurmaq məcburiyyətində qaldım. Son olaraq Antalyada “Kəpəz Bələdiyyəspor”da oynadım. Bu komandanın adının mənim üçün xüsusi yeri var. Düzdür, məhz bu klubda həkim müayinələrindən sonra basketbola davam edə bilməyəcəyim bildirildi. Yaddaqalan o idi ki, bu klubda bir oyunda 13 “üçlük” atmaqla rekord qırmışdım. Burada da “Kəpəz” xoş təsadüfdən qarşıma çıxdı. Gəncədə bu adda komandanın olmasından xəbərim yox idi. Mənim üçün sürpriz oldu”.

 

Seçilən
25
1
Mənbələr
Şərh ()
Bağla