AZ

ABŞ Konqresi yardım paketini təsdiqlədi

Hərbi yardımlar müxtəlif regionlarda gərginliyin artmasına xidmət edir

ABŞ-ın Ukrayna, İsrail və Tayvan üçün nəzərdə tutulmuş 95 milyard dollarlıq yardım paketi Senat tərəfindən təsdiq olunub. 4 qanunu özündə birləşdirən layihə ötən həftənin sonu Nümayəndələr Palatasında hər iki partiyanın dəstəyi ilə səsvermədən keçib. Paketə İsrailə və Qəzzaya humanitar yardım üçün 26 milyard dollar, Ukraynaya hərbi yardım üçün 61 milyard dollar və Tayvan və Hind-Sakit okeanı müttəfiqləri üçün 8 milyard dollar yardım daxildir. 4-cü qanun isə ABŞ-da “Tiktok”un qadağan olunmasını, Rusiya, Çin və İrana qarşı sanksiyaları və Ukraynanın müharibədən sonrakı bərpasına kömək etmək üçün Rusiya aktivlərinin müsadirə olunmasını nəzərdə tutur.

Rusiya-Ukrayna cəbhəsində dönüş olacaqmı?

Qeyd edək ki, ABŞ Prezidenti Co Bayden Senatı tez bir zamanda qanun layihəsini təsdiqləməyə çağırmışdı. Qanun layihəsi təsdiqləndikdən sonra imzalanması üçün prezidentə təqdim edilib. Məlumdur ki, xeyli müddətdir Ukrayna silah çatışmazlığından əziyyət çəkirdi. Halbuki, ötən ilin yazında əks-hücuma keçən Ukrayna ordusu cəbhədə müəyyən dönüş yarada bilmişdi. Bunun nəticəsində bir sıra ərazilər azad edilmişdi. Xarkov vilayətinin böyük hissəsi, Luqansk, Donetsk vilayətlərində də bəzi yaşayış məntəqələri azad olunub. Ukrayna Ordusu daha çox ölkənin cənubunda uğurlu hərbi əməliyyatlar keçirib, Xerson şəhəri azad olunub. Lakin Qərbin hərbi yardımları azaltması Kiyevin əks-hücum gözləntilərini doğrultmadı. Ukrayna ordusu qarşıya qoyulan hədəflərə nail olmadı, yalnız kiçik bir ərazini azad edə bildi.

Qərb ölkələri isə münaqişənin davam etməsində maraqlı görünür. ABŞ öz maraqları naminə Ukraynanı qurban verir və müharibənin mümkün qədər uzanmasına çalışır. Sözdə Ukraynanın ərazi bütövlüyünü dəstəklədiklərini bəyan etsə də, reallıqda Qərbin Kiyevə hərbi dəstəyi xeyli azalıb. Bu səbəbdən də, hazırda Ukrayna döyüş bölgəsində ciddi çətinliklərlə üz-üzə qalıb, silah-sursata ehtiyac artıb.  Məlumdur ki, ABŞ Konqresində fikir ayrılıqları səbəbindən Ukraynaya hərbi yardım əvvəlki effektivliyində deyildi. Bu səbəbdən rəsmi Kiyev Qərbdən narazılığını açıq-aydın ifadə edir, hərbi yardım üçün ABŞ-a tez-tez çağırış edirdi.

ABŞ müharibənin uzanmasında maraqlıdır

Xatırladaq ki, ABŞ-ın Ukraynaya yardımlarını maliyyələşdirmək üçün yeni vəsaitlərin ayrılması məsələsi Konqresdə ötən ilin payızından müzakirə olunsa da, fikir ayrılıqları səbəbindən yekun qərar qəbul olunmurdu. Nəhayət, Konqres 61 milyard dollarlıq yardımı təsdiq etməklə Ukraynaya “müttəfiqliyinə sadiq olduğunu” göstərmək istədi. “Washington Post” qəzetinin yazdığına görə, ABŞ-ın 61 milyard dollarlıq yeni yardım paketində nəzərdə tutulan ATACMS taktiki ballistik raketləri və hava hücumundan əlavə müdafiə vasitələri döyüş meydanındakı vəziyyəti Ukrayna Silahlı Qüvvələrinin xeyrinə dəyişə bilər. Bu iddia ABŞ administrasiyasının yüksəkrütbəli rəsmisi tərəfindən səsləndirilib. Onun sözlərinə görə, ATACMS yaxın gələcəkdə Rusiyanın cəbhədəki logistik imkanlarını zəiflədə bilər. “Ukrayna Silahlı Qüvvələrinin Rusiya ərazisinin dərinliklərinə zərbələr endirmək üçün ATACMS raketlərindən istifadə edəcəyi gözlənilir. Eyni zamanda, ABŞ-ın Kiyevə tədarük edəcəyi hava hücumundan müdafiə sistemləri Ukrayna ordusu üçün döyüş meydanında yaranan ağır vəziyyəti yüngülləşdirməyə yardım edəcək”,-deyə qəzet yazıb. Əslində, bu addımları ilə rəsmi Vaşinqton Ukraynada müharibənin davam etməsində  maraqlı olduğunu bir daha təsdiqlədi. Çünki ABŞ Ukraynanın nə tam qalib gəlməsini, nə də tam məğlub olmasını istəmir. Birləşmiş Ştatlar bu yolla Rusiyanı daha çox zəiflətməyə çalışır.    

Tayvana hərbi yardım beynəlxalq hüququn pozulmasıdır

Diqqətçəkən digər bir məqam isə ABŞ-ın Tayvana birbaşa hərbi yardım etməsidir. Dünyanın əksər dövlətləri, o cümlədən Azərbaycan Tayvanı Çin Xalq Respublikasının ayrılmaz tərkib hissəsi hesab edir, “vahid Çin” siyasətini dəstəkləyir. Ümumiyyətlə, ABŞ və Çin arasında münasibətlərın soyuq olması yeni məsələ deyil. ABŞ Çini dünyada özünə ən böyük rəqib hesab edir. Çünki Amerikanın geosiyasi və qlobal maraqları üçün Çin böyük maneədir. Bütün bu və digər səbəblərdən də Amerika mümkün qədər Çini zəiflətməyə çalışır. Burada ABŞ-ın istifadə etdiyi əsas kartlardan biri də Tayvan məsələsidir. Çin dəfələrlə ABŞ-ı daxili işlərinə kobud müdaxilə etməkdə ittiham edib. Hələ iki öncə də,  rəsmi Pekin de-yure onun ərazisi sayılan Tayvana ABŞ-ın 100 milyon dollar dəyərində silah satmaq planına qarşı etiraz etmişdi. Bununla bağlı rəsmi açıqlamada Çin ordusunun ölkənin suverenliyinin müdafiəsi və xarici müdaxilələrin qarşısını almaq üçün bütün addımları atmağa hazır olduğu ifadə olunmuşdu. Lakin Vaşinqton burada da “demokratiya” amilindən istifadə edir, Tayvan Boğazında “sülhə və sabitliyə xələl gətirə biləcək” hər hansı bir aqressiv fəaliyyətə qarşı regiondakı müttəfiqləri ilə birgə aktiv mübarizə aparacaqlarını açıqlayır.

Yəqin ki, ABŞ Konqresində Tayvana sonuncu yardım paketinin qəbul olunması da rəsmi Pekin tərəfindən etirazla qarşılanacaq. Beləliklə,  Tayvan məsələsi ABŞ-Çin diplomatik münasibətlərinin və regionun dominant ölkələri arasındakı əlaqələrin inkişaf dinamikasına uzun müddət təsir edəcək.

N.BAYRAMLI

Seçilən
128
27
Mənbələr
Şərh ()
Bağla