AZ

"Azərbaycandan Ermənistana qaz vermək mümkündür" - Deputat şərtləri AÇIQLADI

"Əgər bütün kommunikasiyalar açılarsa və Zəngəzur yolu ilə Azərbaycanın Naxçıvana maneəsiz gediş gəlişi təmin olunarsa, regionda digər kommunikasiyalar da açıla bilər ki, onlardan biri də qazla bağlı olan kommunikasiyalardır".

Bunu Redaktor.az-a Ermənistan parlamentinin spikeri Alen Simonyanın "İrəvan Bakı ilə qaz alışı məsələsini müzakirə etməyə hazırdır" bəyanatı haqqında danışan Milli Məclisin deputatı Hikmət Məmmədov söylədi.

Onun sözlərinə görə, belə qaz kəmərləri vaxtilə SSRİ dövründə olubdur:

"Sovet Azərbaycanından sovet Ermənistanına ötürülən qaz kəmərləri mövcuddur və bunlar bir neçə istiqamətdə olubdur. Əgər onlardan bir və yaxud bir neçəsini bərpa etmək mümkündürsə, mən düşünürəm ki, bu, çox tezliklə baş tuta biləcək və mümkün olacaq bir hadisədir. Çünki Zəngəzur yolu maneəsi aradan qalxdıqdan sonra hazırda bəzi ərazilərdə, bir neçə kilometrlik, bəzi ərazilərdə isə 10 km və daha artıq məsafədə qaz kəmərlərini bərpa etməklə Azərbaycandan Ermənistana qaz vermək mümkündür. Çünki vaxtilə belə xətlər olubdur"

H.Məmmədov hesab edir ki, hazırda bu məsələnin müzakirə olunması üçün ilk növbədə ölkəmiz Ermənistanın üzərinə götürdüyü öhdəçiliyi yerinə yetirib-yetirməməsinə diqqət yetirməlidir. 

"Əgər doğrudan da kommunikasiyalar açılacaqsa və bərpa olunacaqsa, bura həm də dəmiryolu, avtomobil yolu, digər enerji kommunikasiyaları daxildir. Bunun hamısına kompleks baxmaq lazımdır. Ümumi razılaşmadan sonra, yəni nəzərdə tutulan Zəngəzur yolu ilə Naxçıvana gedən yolda maneəsiz keçidi Azərbaycan əldə edərsə, ondan sonra əlbəttə ki, digər kommunikasiyalar da açıla bilər. Nəticə etibarilə hətta Ermənistan Azərbaycandan keçərək Avropaya uzanan bəzi strateji kommunikasiyaların da Ermənistandan keçməsini görə bilər. Yəni bu da mümkündür", - deyə deputat bildirdi.

Humay İSGƏNDƏRLİ

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi" mövzusunda dərc olunub.

2
Seçilən
36
Mənbələr
Şərh ()
Bağla