AZ

Vardanyanın “himayədarları”...

Erməni separatçı ətrafındakı PR nəyin göstəricisidir?

Qərbin zaman-zaman buqələmun dona bürünərək öz marağı xatirinə hətta beynəlxalq hüququ belə ikinci plana keçirməsinin çox şahidi olmuşuq. Ötən dövrlərdə Qərbin korporativ mənafeyinin qorunmasına yönəlik bir sıra presedentlər formalaşdırılıb - məsələn, separatizmə yanaşmada, terrora baxışda, dini-irqi ayrı-seçkilik məsələsində Qərb məsələləri öz “pəncərəsi”ndə dəyərləndirməyə üstünlük verir. Bu isə, nəinki subyekt olaraq bəzi xalqlara və ya dövlətlərə xitabən, ümumilikdə beynəlxalq qanunvericiliyə və prosedurlara ikili yanaşma, fərqli standart yaradır.

Təssüfləndirici haldır ki, Azərbaycana, Cənubi Qafqaza baxışında da Qərb dünyası eyni “standartlar”dan çıxış etməkdədir. Məsələn, öz qitəsi daxilində separatizmə qarşı daha amansız olan Avropa və ABŞ fərqli coğrafiyalarda bu qeyri-qanuni hərəkətlənməni hətta dəstəkləyir. İllərlə Qarabağda fəaliyyət göstərən separatçı xuntanı yaşatmaq və onun əli ilə özünün bölgəsəl maraqlarını təmin etmək üçün maliyyə “xərcləyən”, silah-sursat təminatı formalaşdıranlar yeni üsullara əl atırlar. Bu dəfə hədəf Azərbaycana qarşı cinayətlər törədən, ölkəmizin suverenliyinə qarşı çıxmış şəxslərin “himayəsidir”. Başqa sözlə, 2023-cü ilin sentyabrında keçirilmiş lokal antiterror tədbirlərinin ardından həbs olunaraq Bakıya gətirilmiş separatçı xuntanın üzvü Ruben Vardanyanın məsuliyyətdən yayındırılması üçün geniş iş başlanılıb - hətta bu “təbliğat kampaniyasına” dünyanın məşhur PR şirkətləri cəlb olunub.

İkili standart “zərurəti”...

Qərb çoxsaylı hərbi cinayətlər törətmiş Vardanyanı qəhrəmanlaşdırmağa çalışır. Bunun absurd bir hal olması ilk baxışdan ortadadır - Vardanyan da daxil olmaqla Azərbaycanın ədalət mühakiməsinə cavab verən bu şəxslər vaxtilə günahsız insanların kütləvi şəkildə öldürülməsində, Azərbaycan qanunlarının pozulmasında, separatizmdə günahlandırılırlar. Cinayətkar Vardanyanın qanun və hüquq qarşısında cavab verməsi isə ən böyük ədalətdir. Maraqlıdır ki, R.Vardanyan Qarabağda olanda da bu cür kampaniya təşkil edilmişdi və indi isə onun azadlığa buraxılması və “qəhrəmanlaşdırılması” istiqamətində kampaniyaya başlanılıb - görəsən, haqqı və ədaləti, ədalətli mühakiməni özünün sadiq prinsipi elan etmiş Qərb niyə bu “pullu erməniyə” münasibətdə öz ənənələrinə xəyanət edir? Nə üçün, eyni məsuliyyəti daşıyan və dünyanın (hətta Avropanın) bir çox yerlərində separatizm toxumu yayanlar bu gün zindandadır, amma ölkəmizin suverenliyini pozmuş Vardanyana münasibətdə nəinki azad edilmə “tələbi”, hətta “Nobel” sülh mükafatına namizədliyi irəli sürülür. Bu, hansı ədalətin göstəricisidir... Və ya bu ikili standart “hansı zərurətdin” irəli gəlir?

Qərb bu prosesin təbliğini də özünəməxsus şəkildə “inkişaf etdirir” - ilk addım kimi Vardanyan “Nobel sülh mükafatı”na namizəd göstərilir, bunun ardından onun guya aclıq aksiyasına başlaması iddia olunur və ailə üzvləri CNN kimi platformalara çıxış edir. Bütün bunlar onu göstərir ki, Qərbin separatizmə münasibətinin ucu Azərbaycanda yenə də “əyilir”...

Haradan haraya...

Ruben Vardanyanın siyasi “kimliyi haqda” geniş danışmağa ehtiyac yoxdur - nəinki Azərbaycan cəmiyyəti, dünya ictimaiyyəti onun kimliyini, vaxtilə Qarabağa hansı məqsədlərlə gəldiyini, hətta hansı təxribatçı əməllər törətdiyini yaxşı bilir. 2022-ci ilin payızında Qarabağda “peyda olan” Vardanyan bu gün onu dəstəkləyən Qərbin “B” planı idi. Azərbaycanın qətiyyətinə və mövqeyinə yaxşı bələd olan Qərb Vardanyanın qarşısına bir sıra öhdəliklər qoymuşdu. O, Qarabağa “göndərilən” zaman konkret situasiyanı dəyişmək kimi vəzifə ilə “görəvləndirilmişdi”. Amma onu göndərən qüvvələrin arzusu puç oldu - Vardanyan kartı vaxtından tez ifşa edildi. Azərbaycan ilk addımdaca Vardanyanla bağlı həqiqətləri cəmiyyətə bəyan etdi. İç üzü açılan Vardanyan ciddi-cəhdlə Qərbin əmrində olduğunu gizlətməyə çalışsa da, buna nail ola bilmədi. Vardanyan Qarabağ separatçılarının “rəhbəri” kimi Azərbaycanın təbii sərvətlərini rahat şəkildə oğurlayacağını, onu Qərbə daşıyacağanı düşünürdü və fikirləşirdi ki, havadarlarının ciblərini dolduracağı halda onun “təhlükəsizliyi təmin ediləcək”. Amma bu baş vermədi və 2022-ci ilin dekabrından 2023-cü ilin aprelinə qədər davam edən  ekofəalların aksiyaları Vardanyanı Xankəndinə göndərənlərin qarşısında “üzüqara” çıxardı. Ardından guya digər separtçılardan “ayrıldığını” bəyan edən Vardanyan Araik Arutyuyanı “devirmək” üçün Qərbin gücündən istifadə etmək istədi - bu da baş tutmadı. Beləliklə, Vardanyanın “Qarabağ arzuları” dövrü başlamamış bitdi.

Vardanyan Qərbin emissarı kimi Qarabağda olduğu dövrdə özünün ətrafında “təbliğat kampaniyası” təşkil etmişdi. Qərbin “informasiya dəstəyi” onun bir sıra siyasi verilişlərə “yol tapmasını” təmin edirdi. Beləliklə adi biznesmenlikdən separatçıların “başçısı” olmağa yönəldilmiş Vardanyanla bağlı uğursuz “siyasi mənzərə” formalaşdırılırdı. Halbuki əsl həqiqətdə o, Azərbaycan torpaqlarına qeyri-qanuni gəlmiş, terrorçu rejimdə təmsil olunmuş, silah-sursat alınmasında iştirak etmiş, Azərbaycanın ünvanına hədə-qorxu bəyanatları səsləndirmiş, hətta ölkəmizə qarşı terror hədəfləri yağdırmışdı.

Vardanyanın separatçı hərəkəti Azərbaycan sərhədləri ilə də məhdudlaşmırdı - bu şəxs Ukraynada da separatizmə dəstək verirdi. Bunun nəticəsi idi ki, Ruben Ukrayna tərəfindən sanksiyaya məruz qalmışdı. Bu gün özünü “Ukraynanın dostu” elan etmiş Qərbin bu addımı niyə unudulub? Axı, ukraynalı deputatların Nobel Komitəsinə etiraz məktubu çox şeydən xəbər verir...

Qərb Ukraynada belə separatizmə dəstək verən Vardanyanı niyə təbliğ edir?

Bəli, bu gün Vardanyan ətrafında aparılan “şou”nun təbliğatçıları və təşkilatçıları müxtəlif xarakterli, müxtəlif mənbəlidir. Bu cinayətkara Qərbin bəzi dairələri - USAİD, Samanda Pauer, ABŞ-ın EDELMAN PR şirkəti və s. dəstək verir. Eyni zamanda, Vardanyanın pulu müqabilində bu gün CNN kimi telekanallar onu “qəhr?man” obrazında təqdim etməyə çalışır. Vardanyanın PR-ı ilə məşğul olan bu şirkətlər hansı səbəblə, xüsusilə, ABŞ şirkətləri Ukraynada separatizmə birbaşa dəstək verən oliqarxı hansı məramla dəstəkləyir? Necə olur ki S.Pauer kimi yüksək çinli amerikalı məmur bu oliqarxa dəstək verir?

Qərb Vardanyanın “azad edilməsinə” nail olmaqla Qarabağ erməniləri üzərindən yeni “planlar” qurmağa çalışa bilər. Eyni zamanda, Vardanyan növbəti mərhələdə Ermənistanda əsas müzakirə predmetinə çevrilmiş “çevrilişdə” istifadə edilə bilər - son dövrlərdə Paşinyanın sülhlə bağlı mövqeyi Qərbin ürəyincə deyil. Digər tərəfdən, Ruben yeni mərhələdə Fransa başda olmaqla Qərbin region üçün planlaşdırdığı ehtmal edilən “erməni ideoloji mübarizə xətti”nin əsas “qəhrəmanı” kimi qələmə verilə bilər. Nəhayət, Vardanyanın öz müdafiəsi üçün külli miqdarda “bəxşiş” söz verməsi də ən mühüm səbəblərdən biridir...

S.İSMAYILZADƏ

Seçilən
15
Mənbələr
Şərh ()
Bağla