AZ

Zəngəzur dəhlizi aktuallaşır...

Növbəti mərhələ yolun reallaşması olacaqmı?

Aprelin 19-da Ermənistan ilə Azərbaycanın müvafiq delimitasiya və demarkasiya komissiyaları arasında əldə olunan razılıq, ilk sərhəd dirəyinin quraşdırılması Qazax rayonunun kəndlərinin qaytarılması mühüm bir mərhələnin başlanğıcını qoydu. Belə ki, illərdir iki dövlət arasında münasibətlərin normallaşması ilə bağlı dalana dirənən prosesin yeni ştrixlər üzrə inkişaf etməsi gözlənilir. Azərbaycanın illərdir ki, tələb etdiyi ədalətli həll yolu yeni münasibətlər sisteminin formalaşmasına yol açır. Ermənistan isə axır ki, “daşı ətəyindən tökərək” fərqli himayədarların deyil, birbaşa təmasın nəticəsində prosesin inkişafına töhfə verir. Bu, xüsusilə vurğulanası bir məqamdır - fərqli və kənar maraqlar olmadan iki dövlət arasında anlaşmaların mümkünlüyü həm ötən ilin dekabrında, həm də bu ilin aprelində əyani şəkildə nümayiş etdirilib. 

Vurğulandığı kimi, sərhədlərin demarkasiya və delimitasiyası prosesinin başladılması, münasibətlərin yeni formatda müəyyənləşməsi uğrunda müsbət addımların müşahidə edilməsi nəinki ölkəmizin, bütövlükdə yerləşdiyimiz regionun inkişafına təkan verəcək amillərdən sayılır. Bu gün ölkəmizin Cənubi Qafqazın ümumi inkişaf tempinin daha da sürətlənməsi, əməkdaşlıq platformalarının genişləndirilməsi işində oynadığı rol əvəzsizdir.

Cənubi Qafqazın yeni inkişaf mərhələsi...

Beləliklə növbəti mərhələdə Cənubi Qafqazın həyatında yeni - sabit, inkişafa yönəlik dövr başlaya bilər. Bu gün yeni iqtisadi nizamın formalaşdığı bir zamanda Cənubi Qafqazın stabil və sabit məkan kimi şöhrət tapması, tanınması qlobal layihələrin bizim coğrafiyada təşəkkül tapmasını təmin edən mühüm faktlardan birinə çevrilmə imkanına malikdir. Azərbaycanda yürüdülən dövlət siyasəti və bu siyasətin əsas prioritet istiqamətləri ölkəmizin müasir beynəlxalq münasibətlər sistemində müstəqil siyasət həyata keçirən güclü və nüfuzlu dövlət, həmçinin etibarlı tərəfdaş kimi tanınmasını təmin edib - Qarabağda qanun-qaydanın yaradılması, separatçı xuntanın fəaliyyətinə son verilməsi isə regiona olan iqtisadi marağı günü-gündən artırır. Prosesdən ötən 6 ay ərzində bunun əyani şahidiyik - bəhs edilən yeni inkişaf mərhələsinin başlanması üçün isə Ermənistanın sülhə gəlməsi, Azərbaycanla münasibətlərin normallaşması prosesinə töhfə verməsi, bütün iddialarını kənara qoyması lazımdır ki, buna da start verilib. Bu, bütövlükdə Cənubi Qafqaza yeni inkişaf tempi perspektivi vəd edir.

Göründüyü kimi, Asiya ilə Avropanın “təbii körpüsü” adlandırılan, sivilizasiyaların, Şərq və Qərb mədəniyyətlərinin qovşağı sayılan Azərbaycan bəşəri dəyərlərin yaşadığımız region üçün spesifikləşdirilməsinə çalışır. Bu gün Cənubi Qafqazda sülh və sabitliyin təmin olunması üçün ilkin mərhələdə Azərbaycan - Ermənistan formatında ikitərəfli müzakirə platformasının yaradılması vacib məqamdır ki, bu da artıq reallaşır. Burada da enerji, kommunikasiya və qarşılıqlı maraq doğuran digər məsələlər önə çıxır ki, regional səviyyədəki əməkdaşlıqlar yeni mərhələdə qlobal inkişaf konsepsiyasının aparıcı coğrafi indeksi kimi müəyyənləşə bilər. Bu fakt həm də qarşılıqlı inteqrasiyanı gücləndirən amilə çevrilmək imkanına malikdir. Bu baxımdan, Cənubi Qafqazın hər iki ölkəsi Azərbaycanın yaratdığı yeni mərhələnin - sabitlik və inkişaf mərhələsinin daha da şaxələndirilməsində, genişləndirilməsində maraqlı olmalıdırlar. Çünki iqtisadi əməkdaşlıqlar regionun təhlükəsizliyinin, sülhün və sabitliyin daha yüksək səviyyədə təminatının qarantı kimi çıxış edir. Azərbaycanın antiterror tədbirlərini reallaşdırmasından ötən 6 ayda ortaya çıxan mənzərə regionun gələcəyinin yeni inkişaf strategiyası, hətta yol xəritəsi sayıla bilər - Ermənistan bu yeni inkişaf strategiyasını yaxından təqib etməlidir. 

Zəngəzur dəhlizi İrəvan üçün enerji xəttinə çıxış deməkdir 

Kəndlərin qaytarılması, minalardan təmizlənməsi, yeni görüşlərin keçirilməsi perspektivi haqda ortaya qoyulan iradə iki ölkə arasında çərçivə sazişinin imzalanmasını sürətləndirəcəyi ümidini yaradır. Bizə yaxın coğrafiyalarda - Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərqdə artan gərginlik və İsrail-İran qarşıdurması fonunda Cənubi Qafqazda danışıqlar yolu ilə əldə edilən razılaşmalar günün həm siyasi, həm də iqtisadi mənzərəsinin xilası kimi dəyərləndirilə bilər. Bu, həm də uzun illərdir ki, Şərq-Qərb ticari yolunun ən mühüm və strateji həlqəsi, seqmenti kimi çıxış etmə imkanına malik Zəngəzur dəhlizi ilə bağlı danışıqların intensivləşməsinə yol aça bilər ki, bu da siyasi mütəxəssislər tərəfindən real hesab edilir. Post-müharibə dövründə regional inkişafın əsas ünsürlərindən biri kimi məhz Zəngəzur dəhlizi - Şərq-Qərb logistik ticarət və yükdaşıma dəhlizi, onun elementləri, keçid məntəqələri və marşrutları, hətta enerji ötürücülüyü qabiliyyəti təşkil edə bilər. Aprelin 23-də ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda çıxış edən Prezident İlham Əliyev bildirib ki, biz Zəngəzur dəhlizi haqqında danışanda, onu təkcə dəmir yolu və ya avtomobil yolu kimi görmürük, o cümlədən onu potensial qaydada əlaqə, kabel kimi də görürük. Çünki elektrik kabellərindən biri əgər Ermənistandan keçərsə ixrac imkanlarımızı artıra bilər. Potensial qaydada, o, hətta qaz boru kəməri də ola bilər, çünki bu gün Naxçıvana təbii qazı təchiz etmək üçün biz İranla razılaşmamıza arxalanırıq: “Yəni, qaz Naxçıvana İran vasitəsilə gedir. Hazırda biz digər boru kəmərini çəkirik. Türkiyədən Naxçıvana gedən kəməri maliyyələşdiririk və o yolla Azərbaycan qazı nəqil olunacaq. Lakin bu, sol qulağınızı sağ əl ilə qaşımağa bənzəyir. Əgər o, Ermənistandan keçərsə, hamı üçün faydalı olar və əlbəttə ki, çox xərclərə qənaət etmiş olarıq. Bir çox digər məsələlər də bu cür çözülə bilər. Bilirəm ki, Ermənistan Qara dənizin dibi ilə çəkiləcək kabelə qoşulmaq istəyir, çünki o, əlavə enerji imkanlarını yaradacaq. Lakin onlar Azərbaycanla münasibətləri səliqə-sahmana salmadığına görə qoşula bilmirlər. Hazırda Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan kimi dörd ölkə var və Bolqarıstan da qoşulmaq üzrədir. Beləliklə, başqa yol yoxdur və bu, konsensus əsasında olan qərardır. Bu səbəbdən sülh sazişi başlanğıc nöqtəsidir”.

Ermənistanın etirazı başadüşülən deyil...

Yeni mərhələdə dəhlizin potensial iş prinsipləri üzərində davamlı işlər aparılır. Xatırladaq ki, ötən ilin sonlarında Zəngəzur dəhlizi istiqamətində gömrük xidmətlərinin fəaliyyətini təkmilləşdirmək üçün Ağbənddə yeni keçid məntəqəsinin layihələndirilməsi işlərinin aparılması ilə bağlı məlumatlar yayılmışdı. Bildirilmişdi ki, Zəngəzur dəhlizinin istifadəyə verilməsi və inkişafı istiqamətində Azərbaycan dövləti tərəfindən mütəmadi işlər görülür. 

Zəngəzur dəhlizinin yaradılması digər region dövlətləri, xüsusilə Ermənistan üçün olduqca vacibdir. Dəhliz açılandan sonra Azərbaycan ərazisindən keçməklə Rusiyadan Ermənistana dəmir yolu xəttinin açılma ehtimalı realdır. Həmçinin Rusiya ilə İran arasında Naxçıvan ərazisi ilə dəmir yolu bağlantısı yaranacaq. Bundan başqa, İran ilə Ermənistan, Türkiyə ilə Rusiya arasında dəmir yolu bağlantısı olacaq. Bütün bunların fonunda isə Ermənistanın Zəngəzur dəhlizinə qarşı çıxması məntiqili görünə bilməz - sirr deyil ki, onlar bu dəhlizin reallaşmasına qarşı çıxışlarının əsas “motivi” guya ərazi bütövlüyünə təhlükə məsələsini qaldırırlar. Amma bu əsassız bir iddiadır - Azərbaycan dövləti hər zaman bəyan edib ki, bizim başqa dövlətlərin ərazi bütövlüyünə hər hansı bir təhlükə yaratmaq fikrimiz yoxdur. Dünyada qlobal nəqliyyat dəhlizləri mövcuddur ki, bir neçə ölkənin sərhədlərindən keçir. Bu, həmin ölkələrin ərazi bütövlüyü və suverenliyi üçün heç bir təhdid formalaşdırmır - əksinə, bu kimi qlobal bağlar ölkələri həm iqtiçsadi, həm də siyasi cəhətdən bir-birinə kilidləyir. İqtisadi münasibətlər gücləndikcə siyasi münasibətlər daha səmimi şəkil almağa başlayır. Prezident İlham Əliyev sözügedən beynəlxalq forumda bildirib ki, onlarda bir növ fobiya var və mən bunun izahını bilmirəm: “Onlar hətta “dəhliz” sözünə qarşı çıxırlar. Düşünürlər ki, dəhliz suverenliyin pozulması deməkdir. Biz Azərbaycan ərazisindən keçən Şimal-Cənub Nəqliyyat Dəhlizindən danışanda, bizdə belə fobiya yoxdur. Dəhliz yaxşı məlum olan beynəlxalq sözdür və onlar Zəngəzur dəhlizinin adını eşitdikcə sanki ağıllarını itirirlər. Bir sözlə, bu, çox qəribədir. Lakin bir daha qeyd etmək istəyirəm ki, biz gələcək haqqında düşünməliyik”.

P.İSMAYILOV

Seçilən
25
Mənbələr
Şərh ()
Bağla