AZ

Azərbaycan-Almaniya: Yaxşı məcrada inkişaf edən əməkdaşlıq

Azərbaycan  Avropa İttifaqına (Aİ) üzvlüyü hədəfləməsə də, qurumda təmsil olunan ayrı-ayrı dövlətlərlə yüksək səviyyəli münasibətlər qurub. Ölkəmizin Aİ məkanında ən vacib siyasi-iqtisadi tərəfdaşlarından biri də Almaniyadır. Respublikamız bu ölkə ilə əlaqələrin inkişafına ciddi önəm verir. Azərbaycanın qısa müstəqillik tarixində Almaniya  ilə müxtəlif sahələrdə qurduğu əlaqələr böyük perspektivlər vəd edir.

Qarşılıqlı iqtisadi maraqlar

Xalqlarımız arasında əlaqələrin dərin tarixi kökləri var. XIX əsrdə bir qrup alman ailə Azərbaycan ərazisinə köçüb, burada üzümçülüyün və şərabçılığın inkişafında mühüm rol oynayıb, eləcə də iqtisadiyyatın digər sahələrinin inkişafına böyük töhfə verib. Azərbaycanda ilk alman koloniyası Yelenendorf Gəncədən 7-8 kilometr aralıda, Xanarxlar deyilən kənddə (indiki Göygöl şəhəri) salınıb. Sonradan isə Gəncədən 35 kilometr şimal-qərbdə yerləşən indiki Şəmkir torpaqlarında Annenfeld adlı ikinci koloniya yaradılıb. Sonradan isə almanlar bu ərazilərdə yayılaraq Gəncə və Qazax qəzalarında Georqsfeld (Şəmkirin Çinarlı qəsəbəsi), Alekseyevka, Qrünfeld (Ağstafanın Həsənsu kəndi), Ayxenfeld (Şəmkirin İrmaşlı kəndi), Traubenfeld (Tovuz şəhəri) və Yelizavetinka (Ağstafa şəhəri) kimi yeni koloniyalar yaradıblar. Növbəti dönəmlərdə almanlar Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak ediblər.

Almaniya Azərbaycanın müstəqilliyini 12 yanvar 1992-ci il tarixində tanıyıb. İki ölkə arasında diplomatik münasibətlər 20 fevral 1992-ci il tarixində qurulub. Ötən dövrdə qarşılıqlı maraqlar əsasında qurulan əlaqələr hər iki tərəfin mənafeyinə uyğundur. Prezident İlham Əliyev bu günlərdə ADA Universitetində baş tutan  “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda sualları cavablandırarkən vurğulayıb ki, hazırda bizim əməkdaşlığımız yaxşı məcrada inkişaf edir. “Burada qarşılıqlı iqtisadi maraq mövcuddur. Bu yaxınlarda mən Almaniyanın işgüzar dairələrini təmsil edən bir qrup nümayəndə - Alman İqtisadiyyatının Şərq Komitəsinin üzvləri ilə görüşmüşəm. Əməkdaşlıq, sərmayə qoyuluşu və dövlət strukturları ilə müqavilələrin bağlanılmasına dair planlar var. Əlbəttə ki, siyasi təməl hər zaman vacibdir. İstər Azərbaycanda, istərsə də Almaniyada biznes dairələri hər zaman siyasi riskləri qiymətləndirir və ölkələrarası əlaqələr sabitdirsə, biznes bunu rəhbər tutur. Hətta deyərdim ki, hazırda biz ikitərəfli münasibətlərimizin ən fəal dönəmlərindən birindəyik və bunu çox müsbət qiymətləndiririk”, - deyə dövlətimizin başçısı vurğulayıb. 

Azərbaycandakı davamlı siyasi sabitlik və əlverişli investisiya mühiti Almaniyanın işgüzar dairələrinin ölkəmizə artan marağını şərtləndirən əsas amillər qismində çıxış edir.  Sənaye, tikinti, bərpaolunan enerji, kənd təsərrüfatı, nəqliyyat, logistika, İKT, maliyyə, hüquq, konsaltinq və digər sahələrdə əməkdaşlıqda maraqlı olan alman şirkətlərinin ölkəmizə böyük nümayəndə heyəti ilə səfəri Azərbaycan Prezidentinin Almaniyaya səfəri çərçivəsində işgüzar dairələrlə keçirdiyi görüşün nəticəsidir və iqtisadi-ticarət əlaqələrimizin inkişafında əhəmiyyətli rol oynayacaq.  Qeyd edək ki, 2023-cü ildə ölkələrimiz arasında ticarət dövriyyəsi 45,4faiz artaraq 1,8 mlrd. ABŞ dolları təşkil edib. Hazırda Azərbaycanda 180-ə yaxın alman şirkəti uğurla fəaliyyət göstərir. Məlumdur ki, müasir dövlət kimi inkişaf edən Azərbaycan innovativ əsaslı iqtisadiyyat quruculuğunu hədəfləyib. Bu cəhətdən Almaniya şirkətlərinin respublikamızın tələblərini qarşılamağa geniş texniki imkanları var.

 Mövcud geosiyasi gərginliklər fonunda qoca qitə enerji təhlükəsizliyi baxımından böyük çətinliklərlə üzləşib. Azərbaycan isə həm zəngin enerji resurslarına, həm də Avropayadək uzanan müasir nəql marşrutuna malikdir. Ölkəmiz həmçinin enerji siyasətini siyasi təzyiq vasitəsinə çevirməkdən uzaqdır. Bu kimi səbəblərə görə də Almaniya Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasınada artan rolunu yüksək dəyərləndirir. 

Fəal təmaslar

İki ölkənin iqtisadi və siyasi maraqları fonunda yüksəksəviyyəli rəsmilərin fəal təmaslar qurmaları da diqqət çəkir. “Azərbaycan-Almaniya əlaqələrinə gəldikdə deyərdim ki, son ay ərzində biz daha fəal təmaslar görürük. Mən ötən ilin martında Almaniyaya dəvət edilmişdim və bu səfər baş tutdu. Prezident və Kanslerlə görüşlərim oldu. Kanslerlə biz, həmçinin fevral ayında Münxendə görüşdük. Bu dəfə isə mən COP29-a ev sahibliyi edən ölkənin Prezidenti qismində Petersberq Konfransına dəvət olunmuşam. Bu, Almaniyada təşkil edilən ənənəvi konfransdır və adətən COP-a ev sahibliyi edən prezident oraya dəvət olunur”, - deyə Prezident İlham Əliyev bildirib.

Yeri gəlmişkən, iqlim çağırışları ilə bağlı da Azərbaycanla Almaniyanın maraqları və baxışları üst-üstə düşür. Hazırda Avropada iqlim dəyişiklikləri fonunda enerji transformasiyası gündəlikdə duran çox vacib məsələdir. Xəbər verildiyi kimi, Avropa Komissiyası “REPowerEU” adlı “xilas planı” hazırlayıb.  Sənəddə bərpaolunan enerjiyə sürətli keçidin təmin olunması nəzərdə tutulub. Hesab olunur ki, enerji transformasiyası yanacaq idxalının azalmasına və qiymətlərin aşağı düşməsinə müsbət təsir göstərəcək. Bu məqsədlə hidrogen və biometan istehsalının artırılması, müəyyən kateqoriyalı binalarda Günəş enerjisi panellərinin quraşdırılması, külək enerjisi sektorunun rəqabət qabiliyyətinin artırılması, Günəş, külək və termal enerji texnologiyaları üzrə dəyər zəncirlərinin gücləndirilməsi, icazə sisteminin sadələşdirilməsi və digər tədbirlər nəzərdə tutulur. 

Azərbaycan da zəngin “yaşıl enerji” potensialına malik olan ölkədir. Digər tərəfdən, respublikamız öz iqtisadiyyatında, xüsusilə də neft sənayesində 2050-ci ilədək olan dövr üçün qarşısına “sıfır emissiya” hədəfini qoyub. COP29 tədbirinə ev sahibliyi etməsi də ölkəmizin öz gündəliyinə sadiq qaldığını bir daha təsdiqləyir.

Mübariz FEYİZLİ

Seçilən
96
50
Mənbələr
Şərh ()
Bağla