AZ

Çernobıl hadisələri ilə əlaqədar əlilliyi olanların sayı açıqlanıb

Ukraynada Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş dəhşətli qəzadan 38 il ötür. 1986-cı ilin 26 aprelində baş vermiş həmin dəhşətli qəzanın nəticələrinin aradan qaldırılması işlərində Azərbaycandan da xeyli sayda insan iştirak edərək öz töhfəsini verib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən APA-ya verilən xəbərə görə, Prezident İlham Əliyevin həssas əhali qruplarına xüsusi qayğısı digər əlilliyi olan şəxslər kimi, Çernobıl hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin də sosial müdafiəsinin gücləndirilməsi üçün mühüm addımların atılmasına imkan verib. Əlilliklərinin səbəblərinə görə həmin şəxslər Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlilliyi olan şəxslər (2047 nəfər) və Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar əlilliyi olan şəxslər (1824 nəfər) olmaqla iki qrup üzrə müəyyən ediliblər. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlilliyi olan şəxslərin mənzillə və avtomobillə təminatı həyata keçirilir.

Həmçinin bu kateqoriyadan olan şəxslərə Prezidentin aylıq təqaüdü (orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə (I dərəcə) 500 manat, 61-80 faiz pozulmasına görə (II dərəcə) 400 manat, 31-60 faiz pozulmasına görə (III dərəcə) 330 manat) ödənilir.

Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar I dərəcə əlilliyi olan şəxslər də Prezidentin aylıq təqaüdü (200 manat, I dərəcə gözdən əlilliyi olanlar 300 manat) ilə təmin olunur.

Hər iki qrupdan olan əlilliyi olan şəxslər əlilliyə görə pensiya, bir qismi isə əlilliyə görə aylıq müavinət (əlillik dərəcələri üzrə müvafiq olaraq 270 manat, 220 manat, 150 manat), bütün I dərəcə əlilliyi olan şəxslərə qulluq edənlərə Prezidentin aylıq təqaüdü (100 manat) ödənilir.

Qeyd edək ki, aparılan islahatlar nəticəsində son 5 ildə pensiyaların orta aylıq məbləği 2 dəfədən çox, müavinət və təqaüd ödənişləri isə 5 dəfə artıb.

Çernobıl qəzası nəticəsində I və II dərəcə əlilliyi müəyyən edilmiş, yaxud vəfat etmiş valideynlərin uşaqlarına, həmçinin Çernobıl qəzası nəticələrinin aradan qaldırılması iştirakçılarının dispanser qeydiyyatında olan uşaqlarına aylıq sosial müavinət də verilir.

Çernobıl AES qəzası ilə əlaqədar əlilliyi olan şəxslərin hər il birdəfəlik müavinətlə, həmçinin tibbi-sosial reabilitasiya xidmətləri, sanatoriya-kurort müəssisələrinə yollayışla təminatı da həyata keçirilir.

Seçilən
18
14
Mənbələr
Şərh ()
Bağla