AZ

Yenidoğulmuş uşağı necə çimizdirmək lazımdır?

Həkim-pediatr Məhsəti Nəcəfova Aztibb.az-a yenidoğulmuş uşağı necə çimizdirmək barədə məlumat verib.
 
Onun sözlərinə görə, yenidoğulmuş körpələr, həmçinin dəri vasitəsilə tənəffüs etdikləri üçün və dərinin də müxtəlif infeksiyalara giriş qapısı olduğunu nəzərə alaraq uşağı vaxtlı-vaxtında çimizdirmək əsas gigiyenik şərtlərdən biridir.
 
Pediatr bildirib ki, körpə ilk doğulan kimi doğum evində çimizdirilir. Bəzən valideynlər evə gəldikdən sonra uşağı çimizdirməkdən qorxurlar: "Xatırladaq ki, ana bətnində uşaq 9 aydır ki, su ilə tanışdır. Onun həmin zaman komfortunu məhz rahat üzdüyü dölyanı maye təşkil etmişdir.
 
Körpəni çimizdirmədən öncə otaq hazırlanmalıdır. Otağın bu zaman hərarəti 25-27 dərəcə olmalıdır. Çimizdirmədə istifadə olunan vasitələr vaxtında hazır qoyulmalıdır ki, uşaq çiməndə ana onu vannada tək qoyub nəsə axtarmasın. Lazım olan vasitələr bunlardır: tənzif, uşaq sabunu, göz yaşartmayan şampun (həftədə 1 dəfə), təbii süngər, yumşaq və böyük dəsmal, steril pambıq, saç üçün yumşaq dişli daraq, dəri nəmləndirici losyon, uşaq qayçısı və s.".
 
Məhsəti Nəcəfova əlavə edib ki, körpə qidalanmadan öncə çimizdirilməlidir ki, həm uşaq qaytarmasın, həm də sonra qidalanıb daha rahat yatsın. Körpəni soyuq havada çimizdirib dərhal gəzintiyə çıxarmaq olmaz! Axşam yatmazdan 1-2 saat öncə yuyundurmaq daha yaxşı olar. Çimməzdən öncə plastik material - vanna tər-təmiz yuyulmalıdır. Vannanın içərisinə yumşaq dəsmal düzülməlidir ki, körpə vannada sürüşməsin. Su bədən temperaturuna yaxın - 36,5-37 dərəcə olmalıdır. Termometr yoxdursa, əllərin arxasıyla temperatura nəzarət etmək olar.
 
Həkim qeyd edib ki, uşağı ilk suya qoyduqda onu alışdırmaq üçün tədricən qoymaq lazımdır. Uşaq yüngül şəkildə suya salınır, başını qol üzərində saxlayıb sonra bədəninə su axıdılır. Sabunlanmış tənziflə əvvəl baş və bədən sol əllə saxlanmış vəziyyətdə, sağ əllə bədənin ön hissəsi, sonra isə üz üstə çevirib başın və bədənin arxa hissəsi yuyundurulur. Büküşləri də yaxşı yumaq lazımdır. Sonda uşağı çimizdirdiyimiz sudan 1-2 dərəcə aşağı temperaturlu suyu onun bədənindən axıtsaq, möhkəmləndirici vasitə kimi etmiş olarsız:
 
"Çimmə prosesindən dərhal sonra körpəni dəsmala büküb yaxşı qurulayın! Çimmə müddəti 5-7 dəqiqə çəkir. Çimdikdən sonra ilk iki saat ərzində nisbətən isti geyindirmək, başına yumşaq ləçək bağlamaq olar.
Uşaq həftədə 2-3 dəfə yuyucu vasitələrlə, qalan günlər isə təmiz su ilə yaxalanmalıdır. İsti aylarda hər gün yaxalanmalıdır. İməkləyən uşaqları gündə 2 dəfə yaxalamaq lazımdır".
 
 
Seçilən
51
Mənbələr
Şərh ()
Bağla