AZ

Sülh yolunda tarixi addım: Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı

44 günlük Vətən müharibəsində parlaq qələbə qazanan Azərbaycan post-müharibə dövründə də bir çox uğurlu nəticələr əldə etdi. Qarabağda suverenliyini və tam hüquqlu yurisdiksiyasını təmin edən Azərbaycan Ermənistanla sərhədlərin delimitasiyası və Naxçıvanla quru nəqliyyatının təmin olunması istiqamətində bir sıra ciddi nəticələr qazanıb. 

Ötən həftə vaxtilə Ermənistan silahı qüvvələri tərəfindən işğal edilmiş Qazax rayonunun 7 kəndindən 4-nün (Aşağı Əskipara, Xeyrimli, Bağanis Ayrım və Qızılhacılı) Azərbaycana təhvil verilməsi iki ölkə arasında sərhədlərin təyin edilməsi baxımından dönüş nöqtəsi kimi yadda qalıb. Bunun məntiqi davam olaraq, dünən ilk sərhəd sütunu Ermənistan-Azərbaycan dövlət sərhədinin Tavuş-Qazax hissəsində quraşdırılıb. 

Bu özlüyündə müstəqil Azərbaycanın siyasi tarixində olduqca mühüm hadisədir. Belə ki, ölkəmiz beynəlxalq müstəvidə qəbul olunmuş ərazi bütövlüyünün təmin olunmasına sadəcə bir neçə addım məsafədədir. Yerdə yalnız Qazaxın 3 anklav kəndi və Sədərək rayonuna məxsus Kərki kəndinin qaytarılması qalır. Bu isə çox güman ki, yaxın müddətdə digər ərazilərimiz kimi Azərbaycanın yurisdiksiyasına qaytarılacaq. 

Mövzu ilə bağlı Yenisabah.az-a danışan Milli Məclisin deputatı Fazil Mustafa bildirib ki, rəsmi İrəvan 4 kəndi qaytarmaqla, sərhədlərin təyini və sülh prosesinin sürətlənməsi baxımından müsbət addımdır:

“Qazaxın 4 kəndinin qaytarılması təkcə siyasi nüfuz məsələsi deyil, həm də Ermənistan hakimiyyətinin reallıqları dərk etməsi idi. Bunu hər hansı bir şəkildə uzatmaq da olardı, amma gələcəkdə Ermənistan üçün proseslərin arzuolunmaz məcrada getməsinə gətirib çıxaracağını anladılar. Söhbət təkcə müharibə və ya çevik hərbi əməliyyatlardan getmir, bütövlükdə fürsətlərin qaçırılmasından gedir. 

Sülh üçün fürsətlər əslində vaxtında atılmış addımların nə qədər məqsədəuyğun olmasını ortaya qoyur. Ermənilər bu addımı atdılar və bu o deməkdir ki, gələcək məsələlər də müzakirəyə çıxarıla bilər. Yəni müzakirə olunmaz məsələ qalmadı. Anklavlar da, Zəngəzur dəhlizi məsələsi də konkret müzakirə oluna bilər. 

Bu baxımdan məncə, artıq əvvəlki formada hansısa bir şəkildə Ermənistanın inadkarlıq göstərməsi və yaxud erməni revanşizminin baş qaldırması perspektivləri də azalmış oldu. Bu isə sülhə daha çox yaxınlaşmağa imkan verir. İndi Ermənistan həm də paralel şəkildə Türkiyə və Azərbaycanla birlikdə bu prosesi aparmalıdır. 

Çünki rəsmi İrəvan Azərbaycana ərazi iddiası olmadığını bəyan etdi, ancaq Türkiyəyə qarşı ərazi iddiası olduğunu bütün simvolikasında aydın şəkildə göstərir. Artıq bundan da imtina etməyi vaxtı çatıb ki, Türkiyə ilə münasibətlər də müsbətə doğru dəyişsin. Əgər belə olarsa, məsələlər daha tezliklə çözülə bilər”. 

Deputat digər anklavların qaytarılması ilə bağlı prosesin nisbətən uzun çəkə biləcəyini qeyd edib. Lakin onun fikrincə, bu mövzuda da hər iki ölkə qarşılıqlı fikir mübadiləsi çərçivəsində həll yolları tapa bilər:

“Anklavlar məsələsi bitişik kəndlərə nisbətən mürəkkəb məsələdir. Anklavlarda yolların çəkilməsi var. Bu yolların çəkilməsinin hər iki dövlət üçün nə dərəcədə uyğun olması, təhlükəsizliyə təminat verilməsi, xalqların birgə yaşayış imkanlarının hələ də ümidverici səviyyədə olmaması konteksində necə həll olunacağı əsas məsələlərdən biridir. Burada müəyyən dərəcədə uzlaşmalı, razılaşmalı xətt izlənməlidir. 

Mümkün və real variantlar üzərində müzakirə aparılmalı, qərar qəbul olunmalıdır. Əgər bunlar da yerinə yetirilərsə, məncə artıq çözülməyən məsələ qalmayacaq. Zəngəzur dəhlizi ilə bağlı isə hər iki ölkənin iqtisadi maraqlarına uyğun gələn şəkildə həll etmək gələcəkdə iqtisadi imkanların genişlənməsinə gətirib çıxara bilər. 

Bu nüansın Ermənistanda dərk edilməsi bəlkə də bizdən daha çox hiss olunmaqdadır. Çünki təcrid olunmuş vəziyyətdə, ancaq İranın ümidinə qalaraq ayaqda qalmaq, üstəlik Rusiyaya üz çevirməklə Ermənistan mövcudluğunu davam etdirə bilməz. Bu istiqamətdə onlar daha çox düşünərək, çevik qərarlar qəbul edəcəklər”.

Nazim Hacıyev

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “ictimai və dövlət maraqlarının müdafiəsi” istiqaməti üzrə hazırlanmışdır.


Telegram kanalımız
Seçilən
17
50
Mənbələr
Şərh ()
Bağla