AZ

“Portu” Serjio Konseysao ilə müqaviləsini yenilədi

Portuqaliya nəhənglərindən “Portu” komandanın baş məşqçisi, portuqal mütəxəssis Serjio Konseysao ilə müqaviləsini yeniləyib.

Arena.az bu barədə “Portu”nun mətbuat xidmətinə istinadən məlumat verir.

Portuqal mütəxəssisin “Portu” ilə yeni müqaviləsi 2028-ci ilin iyun ayının sonuna qədər nəzərdə tutulub. Tərəflər arasındakı əvvəlki sözləşmənin müddəti bu ilin yayında – 30 iyunda başa çatacaqdı. Son dövrlərdə Avropanın bəzi aparıcı klublarının Konseysaonu sükanı arxasında görmək istədiyi barədə xəbərlər vardı. Amma Portuqaliya nəhəngi baş məşqçisi ilə 4 illik yeni müqavilə bağlamaqla bütün söz-söhbətlərə son qoyub.

Konseysao “Portu”nu 2017-ci ilin iyulundan çalışdırır. Həmin vaxtdan 49 yaşlı mütəxəssisin rəhbərliyi altında “əjdahalar” 372 oyuna çıxıblar, 268 qələbə qazanıblar, 49 heç-heçə ediblər, 55 oyunda məğlub olublar. Topların fərqi isə 812:323 nisbətindədir.

Serjio Konseysao “Portu”ya hər biri 3 dəfə olmaqla Portuqaliya Premyer Liqasını, Portuqaliya Kubokunu və Portuqaliya Super Kubokunu qazandırıb, həmçinin Portuqaliya Liqa Kubokuna sahib olub.

Vurğulayaq ki, “Portu”ya gəldikdən sonra Konseysao klub tarixində ən çox mükafat qazanmış məşqçi və “əjdahalar”ın sükanı arxasında ən çox qələbə qazanmış mütəxəssis olub.

Konseysao “Portu”ya yad bir şəxs deyil. Serjio məhz “Portu”nun yetirməsidir və futbolçu karyerası ərzində “əjdahalar”ın heyətində püxtələşərək, Portuqaliya yığmasına yol tapıb. O, Portuqaliya yığmasının heyətində 2000-ci il Avropa çempionatının qrup mərhələsi oyununda Avropa çempionu adını daşıyan Almaniya yığmasının qapısına vurduğu üç qolla məşhurlaşıb.

Hazırda Konseysaonun “əjdahalar”ı Portuqaliya Premyer Liqasının yarış cədvəlində 30 oyundan 62 xalla 3-cü pillədə qərarlaşıblar.

Seçilən
27
Mənbələr
Şərh ()
Bağla