AZ

Mahir Emreli cüdo millimizə dəstək oldu, forma hədiyyə etdi

Futbol üzrə Azərbaycan milli komandasının hücumçusu Mahir Emreli Zaqrebdə keçirilən Avropa çempionatında cüdoçularımızın yarışlarını izləyib.

Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, Emreli Xorvatiyanın “Dinamo” (Zaqreb) klubunda geyindiyi formasını cüdo millimizin liderlərindən olan Hidayət Heydərova hədiyyə edib.

Xatırladaq ki, hazırda Zaqrebdə cüdo üzrə Avropa çempionatı keçirilir. İlk yarış günündə Azərbaycan millisinin 7 üzvü mübarizə aparıb və onlardan yalnız Balabəy Ağayevin çıxışı uğurlu alınıb. 60 kq-da yarışan cüdoçumuz yalnız finalda uduzaraq gümüş medalla kifayətlənib.

Zaqrebdəki Avropa çempionatına aprelin 27-də yekun vurulacaq. Azərbaycan yığma komandası bu yarışda 9 çəki dərəsində 9 kişi və 4 qadın cüdoçu ilə təmsil olunur. Qarşıdakı günlərdə daha 6 cüdoçumuz mübarizəyə qoşulacaq.

Mahir Emreliyə gəlincə, yığmamızın futbolçusu uzun müddətdir zədədən əziyyət çəkdiyi üçün yaşıl meydanlardan kənarda qalıb. Onun bu mövsüm oynayıb-oynamayacağı sual altındadır.

Xatırladaq ki, Mahir Emreli “Dinamo”ya 2022-ci ilin fevral ayında Polşanın “Legiya” (Varşava) klubundan transfer olunub. O, bu komandanın heyətində bütövlükdə 45 matça çıxıb, 10 qol vurub, 5 məhsuldar ötürmə müəllifi olub. Karyerası ərzində “Qarabağ”, “Legiya”, “Konyaspor” və “Bakı”da da oynamış hücumçu Azərbaycan millisində keçirdiyi 46 oyunda 5 qol vurub.

Seçilən
18
Mənbələr
Şərh ()
Bağla